Bakı Ali Neft Məktəbi xarici şirkətlə əməkdaşlığa başlayır
Bizi izləyin

Qırmızı.az

Bakı Ali Neft Məktəbi xarici şirkətlə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbinin və “Emerson” şirkətinin təhsil sahəsində birgə əməkdaşlıq proqramı biznes sahəsinin yüksəkixtisaslı mütəxəssislərə ehtiyacının ödənilməsinə imkan yaradacaqdır.

2014-cü ilin iyul ayının 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbində (BANM) “Emerson” şirkətinin biznes-strukturlarından biri olan “Emerson Process Management” şirkəti ilə “Əməkdaşlıq haqqında Razılaşma”nın təntənəli imzalanma mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qeyd etmişdir ki, mütəxəssislərin hazırlanması ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamətdir. Buna misal ölkənin insan kapitalının inkişafında atılan vacib addım - Bakı Ali Neft Məktəbinin yaradılmasıdır. Rektor bildirmişdir ki, BANM Azərbaycanın ən gənc təhsil müəssisələrindən biridir, onun qarşısında duran əsas vəzifə ölkənin surətlə inkişaf edən sənaye sahələrində işləmək və ARDNŞ-nin layihələrini həyata keçirmək qabiliyyətinə malik olan yüksəkixtisaslı mühəndislərə gündən günə artan tələbləri ödəməkdir. BANM tələbələrə yüksək nəzəri biliklər və zəngin praktiki təcrübə vermək üçün təhsil müəssisələri və şirkətlərlə fəal əməkdaşlıq edir. “Emerson” şirkəti ilə əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, korporativ təhsil, ixtisasartırma, təcrübənin nəsldən nəslə ötürülməsi ənənəsinin tətbiqi, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirmək imkanı verəcəkdir. Bütün bunlar ARDNŞ-nin təhlükəsizlik siyasətinin, o cümlədən texnoloji proseslərin təhlükəsiz idarəedilməsinin təminatının vacib meyarlarıdır. “Bizim təhsil müəssisəsi qabaqcıl təhsil texnologiyası əsasında həyata keçirilən təlimdə maraqlıdır. Biz əməkdaşlıq əlaqələrini və tədris prosesini elə qururuq ki, tələbələrimiz ən yüksək beynəlxalq standartlara uyğun təhsil alsınlar” - Elmar Qasımov qeyd etmişdir. Imzalanacaq Razılaşma bizə əsas missiyamız – Azərbaycanın neft sənayesi üçün yüksəkixtisaslı kadrlarla təmin etmək vəzifəsini yerinə yetirmək üçün əlavə imkanlar yaradır.

Mərasimdə çıxış edən “Emerson Process Management” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Yohan Vanderplats qeyd etmişdir ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətimizi maksimal dərəcədə genişləndirmək niyyətindədir. “Emerson” şirkəti dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə bizim Azərbaycanın ali təhsil müəssisəsi ilə ilk əməkdaşlıq təcrübəmizdir. Biz Azərbaycan Respublikasının neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinin bir hissəsi olmağa hazırıq. 2013-cü ildə “Emerson Process Management” şirkətinin biznes nümayəndələrinin ARDNŞ-nin rəhbərliyi ilə görüşdə ARDNŞ-nin personalının texnoloji proseslərin təhlükəsiz idarəedilməsinə birgə öyrədilməsi niyyəti açıqlanmışdı. Bu gün Razılaşmanın icrası ilə ARDNŞ-nin və “Emerson” şirkətinin neft-qaz sahəsi üçün əməkdaşlığının perspektivləri konkret məzmuna malik olur. 2013-cü ilin dekabrında “Emerson” regiondakı müəssisələr üçün təlim və xidmət sahələrində özünün imkanlarını daha da genişləndirmiş, yeni ofis, treninq və servis mərkəzləri açmışdır.

Daha sonra Elmar Qasımov və Yohan Vanderplats Bakı Ali Neft Məktəbi ilə “Emerson Process Management” şirkəti arasında “Əməkdaşlıq haqqında Razılaşma”nı imzalamışlar.

Bu sənədə görə hər iki struktur neft-qaz sənaye sahələrinin müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması üzrə tədqiqat və tədris proqramlarını dəstəkləmək üçün ardıcıl olaraq birgə tədbirlər həyata keçirəcəklər. Bütün dünyada işçilərin (mütəxəssislərin) təqaüdə çıxması, personalın ixtisara salınması, iş təcrübəsi olan yeni mütəxəssislərin çatışmazlığı tendensiyaları müşahidə olunur. Xəzər regionunun zəngin təbii ehtiyatları dünya energetikasının diversifikasiyasında regionun gündən günə rolunun əhəmiyyətinin atması bu tendensiyaları Azərbaycanın sənaye şirkətləri üçün daha da aktuallaşdırılır. Ölkədə neft-qaz sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanmasında çoxillik ənənələrin olmasına baxmayaraq Azərbaycan hökuməti və biznes üçün təhsilin inkişafı strateji istiqamətlərdən biri olaraq qalır. BANM və “Emerson” şirkəti arasında imzalanmış “Əməkdaşlıq haqqında Razılaşma” özündə hər iki strukturun neft-qaz sənayesi müəssisələrinin avtomat­laşdırılması sahəsində mütəxəssislərin hazırlanmasında gələcək əməkdaşlığının əsas prinsiplərini ehtiva edir. Razılaşmanın şərtlərinə görə “Emerson” Ali Məktəbi xüsusi tədris materialları ilə təchiz edəcək, şirkətin ekspertləri BANM tələbələri üçün mühazirələr və seminarlar, onlar üçün şirkətin müəssisələrində istehsalat təcrübəsi təşkil edəcək və yay stajkeçmə proqramları həyata keçirəcəkdir. “Emerson” şirkətinin adından BANM-in əlaçı tələbələri mükafatlandırılacaq, onlar “Emerson”-un adlı təqaüdlərini alacaqlar.

Şirkət həm də müəssisələrin rəqəmli idarəetmə arxitekturasından (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadə etməklə BANM-də ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılması layihəsini dəstəkləyəcəkdir. Bu laboratoriya real istehsalatda istifadə edilən avadanlıqla təchiz olunduğuna görə tələbələrə nəzəri bilikləri asanlıqla və tez zamanda mənimsəməyə imkan verəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm