Azərbaycanın içməli su ehtiyatları tükənir?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın içməli su ehtiyatları tükənir?

Azərbaycan da daxil olmaqla region ölkələrini su qıtlığı gözləyir. Hazırda Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalır və bu da regionu su qıtlığı ilə təhdid edir. Bu barədə məlumatlar BMT-nin Minilliyin İnkişaf Hədəfləri hesabatında yer alır. Hesabatda qeyd olunan kimi, ölkəmiz üçün belə bir təhlükə varsa, ciddi tədbirlər görülməsinə ehtiyac var.

Bəs hər zaman yeraltı, yerüstü sərvətləri, bulaqları, kəhrizləri, çayları ilə ağız dolusu danışdığımız Azərbaycanda su resursları tükənə bilərmi? Tükənməsinə səbəb olan amillər hansılardır?

Geoloq Vaqif Behbudoğlunun sözlərinə görə, su resurslarının azalması bütün dünyada müşahidə olunan haldır. Bu gün Afrikada, Qızılqum çölündə böyük su qıtlığı var. Aral dənizinin quruması gələcəkdə katostrafik problemə səbəb ola bilər. Geoloqun sözlərinə görə, Azərbaycan üçün belə bir təhlükə yoxdur.

“Çünki ölkəmiz Böyük və Kiçik Qafqaz sıra dağları, şərqdən isə Xəzər dənizi ilə əhatə olunub. Xəzərin suyunun duzluluğu okean sularından 3 dəfə azdır. Bütün bu imkanları nəzərə alsaq, gələcək 500 ildə Azərbaycanın su ehtiyatlarında problem olmayacaq. Sadəcə, sudan istifadənin metodu dəyişməlidir. Bu vaxta qədər axar çaylar əsas su mənbəyi idi. Amma indi bu təsəvvürlər dəyişib, həmin su mənbələri istənilən nəticəni vermir".

V.Behbudoğlu digər Qafqaz ölkələrində də su ilə bağlı problem olmadığını deyib. Onun sözlərinə görə, bunun əsas səbəbi Qafqaz sıra dağlarıdır.

O deyib ki, yeraltı çayların sayı çox olsa da, bunlardan yetərincə istifadə edilmir:

“Xudat-Xaçmaz zonasından Xəzər dənizinə il ərzində 12km3 şollar suyu gəlir. Bunun kimi digər yeraltı su mənbələri dənizlərə, çaylara axır. Onların sayı kifayət qədərdir. Bu mənbələrdən intensiv istifadə etmək lazımdır. Bundan başqa, kəhrizlərdən də istifadəyə ehtiyac var. İndi texnika yüksək inkişaf edib, kəhrizlərin qazılması da çətin deyil. Ən çox su ehtiyatı Xaçmaz rayonundadır, Qusarçay, Samurçay ən iri yerüstü çaylar hesab edilir. Kiçik Qafqaz ətəklərində böyük su ehtiyatları var. Təəssüf ki, onların əksəriyyəti işğal altındadır”.

Avropa Birliyinin Beynəlxalq çay hövzələri ətraf mühitinin mühafizəsi üzrə layihəsinin ölkə koordinatoru Rafiq Verdiyevin sözlərinə görə, su ilə bağlı hər zaman problem olub.

"Xüsusən də yayda əkinçiliklə bağlı bu problem daha da aktuallaşır. Həm mərkəzləşdirilmiş formada sudan kənd təsərrüfatında, həm də şəhərlərdə yaşıllıqların, həyətyanı sahələrin suvarılmasında istifadə edilir.Qlobal istiləşmə bir çox rayonlarda su ehtiyatlarının tükənməsinə səbəb ola bilər. Yaxın 30-40 ildə su ehtiyatlarının 15-20% azalması gözləniləndir. Xəzərətrafı ərazilər, Kür-Araz hövzəsində bu cür azalmalar qeydə alına bilər. Əlbəttə, hansı bölgədə nə qədər olacağını demək çətindir”.

Onun sözlərinə görə, problemin qarşısını almaq üçün sudan səmərəli istifadə, sudan istifadədə səmərəli üsulun tətbiqi kimi tədbirlər görülə bilər:

“BMT-nin qiymətləndirməsində də adaptasiya tədbirləri görülməsi göstərilib. Biz də həmin tədbirləri həyata keçirərək bu problemin qarşısını müəyyən qədər ala bilərik. Müvafiq tədbirlər görülmədiyi halda, su ehtiyatlarının azalması problem yarada bilər. Lakin hazırda bu istiqamətdə dövlət səviyyəsində işlər görülür. Meleorasiya sahəsində su təhizatı qurğularının vəziyyətinin yaxşılaşırılması üçün işlər görülür, əvvəl 40-50% itkilər olurdu. İçməli suda itkilər olmaması üçün müəyyən addımlar atılıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm