BMT ilə narkotik və cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq gücləndirilir
Bizi izləyin

Qırmızı.az

BMT ilə narkotik və cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq gücləndirilir

Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisinin (UNODC) nümayəndələri ilə görüş keçirilib.

DGK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nümayəndə heyətinin missiyası BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisi ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı mərhələsinin qiymətləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə dair aidiyyəti dövlət qurumları ilə fikir mübadiləsinin aparılmasıdır.

DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev UNODC-nin icraçı direktorunun Kabinet rəhbəri Roberto Arbitrionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ə.Abdullayev DGK və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsi arasında qurulacaq əməkdaşlıq imkanlarından bəhs edib. O, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının, silah və sursatın, digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsinə, habelə qaçaqmalçılığa, terrorçuluğa, insan alverinə və çirkli pulların yuyulmasına qarşı mübarizə fəaliyyətini həyata keçirən orqanların əməkdaşlarının peşəkar hazırlığının artırılması məqsədilə beynəlxalq və milli səviyyədə təlimlərin, təcrübə mübadiləsinin və qabaqcıl təcrübə ilə tanışlıq məqsədi ilə qarşılıqlı səfərlərin, müasir müşahidə, nəzarət, axtarış, müayinə, proqram və rabitə vasitələri şəklində texniki yardımların təşkilinin vacib olduğunu vurğulayıb.

Bundan əlavə, Ə.Abdullayev bu sahədə Azərbaycan gömrük orqanları əməkdaşlarının iştirak etdiyi lahiyə və proqramlardan, əldə olunan nailiyyətlər barədə məlumat verib. Onun fikrincə, təlimlərin keçirilməsi prosesində Azərbaycan Dövlət Gömrük Komitəsi həm məkan, həm də bəzi sahələr üzrə mütəxəssis baxımından ümumi işə öz töhfəsini verə bilər.

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisinin nümayəndə heyətinin rəhbəri Roberto Arbitrio qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etdiyi və artıq BMT-nin proqramlarına donorluq edəcək səviyyəyə gəldiyini vurğulayıb. O, təmsil etdiyi qurumla yanaşı, region ölkələrinin də Azərbaycan gömrüyünün bəzi sahələrdə əldə etdiyi yüksək təcrübədən faydalanmasının vacib olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm