Həbsdəki vitse-admiral vətənə xəyanətdə ittiham olundu
Bizi izləyin

Qırmızı.az

Həbsdəki vitse-admiral vətənə xəyanətdə ittiham olundu

Şahin Sultanovun tutdurduğu hüquq müdafiəçisi sensasion faktlar açıqlayır

Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov Hərbi Dəniz Qüvvələrinin(HDQ) vitse-admiralı, hazırda həbsdə olan Şahin Sultanov haqda daha bir ifşaedici məlumat açıqlayıb. Vaxtilə ərizəsi əsasında həbsdə yatan B.Məmmədov vitse-admiralın dövlətə xəyanətdə ittiham olunduğunu söyləyib. B.Məmmədov deyib: “Şahin Sultanov Xəzər dənizinin Azərbaycan sektorundakı bütün strateji obyektlərin xəritəsini xarici dövlətlərə satıb.

Şahin Sultanovun vəkili Adəm Məmmədov ardıcıl olaraq bir neçə dəfə müvəkkilinin ölkə başçısına sensasion müraciət təqdim edəcəyini bildirir. Lakin hər bir müraciətində də ictimaiyyəti çaşdırmaq məqsədi güdür. Yalan fikirlərini reallaşdırmaq üçün az qalır ki, xalqın gözündə Şahin Sultanovu qəhrəman kimi tanıtsın. Başa düşmür ki, Şahin Sultanov dövlət əmlakını mənimsəmək məqsədilə həm vicdanını, həm də bir vətəndaş borcunu, eləcə də zabit şərəfini satmış bir insandır. Adəm Məmmədov bir vəkil olaraq qanuna müvafiq olaraq həbsdə olan Şahin Sultanovun müdafiəsini qurmaq əvəzinə mətbuatda anonslar verməklə, hansısa protokolun düz tərtib olunmamasından hay-haray salmaqla məşğuldur. O, istintaq sirrinin yayılması ilə məşğuldur. Əgər onda həqiqətən istintaqın gedışatında aşkarlanmış hər hansı nöqsanlar varsa, məhkəməyə təqdim etsin.

Apardığım araşdırmalar nəticəsində məlum olub ki, Şahin Sultanovun oğurladığı və təşkilatçılıq etdiyi mafiya vasitəsilə dövlətin bir milyarddan çox əmlakı tar-mar edilib. Təkcə Hərbi Gəmilərin Təmiri Zavodunun direktoru Əsəd Muradxanovla əlbirliyi sayəsində yüz milyon manat mənimsənilib. Belə ki, müxtəlif şirkətlərə məxsus gəmilərin “Texmarin” şirkəti ilə müqaviləsi olsa da, həmin gəmilər Hərbi Gəmilərin Təmiri Zavodunda çox ucuz başa gələn variantla təmir olunub və adıçəkilən maxinasiyadan külli miqdarda büdcə pulu ələ keçirilib.

Şahin Sultanovun Saray qəsəbəsində “kod 555" ləqəbli fırıldaqçı dostu, hazırda həbsdə olan Elxan Hacıyevlə və zavod direktoru Ə.Muradxanovla birlikdə hektarlarla torpaq sahələri var. Həmin torpaq sahələrində HDQ-nin Gəmiqayırma Zavodunda istehsal olmuş sayı-hesabı bilinməyən avadanlıqlar və 20 tonluq su çənləri, eləcə də ferma adlanan dəmir tikinti konstruksiyaları toplanıb. Bu da onu deməyə əsas verir ki, ortaq olan dostlar istehsalat müəssisəsi tikmək istəyiblər. Lakin həbs olunduqlarına görə müəssisəni tikib istifadəyə verə bilməyiblər.

Şahin Sultanov zavod direktoru Ə.Muradxanovun və HDQ-nin sabiq qərargah rəisi, hazırda həbsdə olan Yunis Məmmədovla oğurladıqları pullarla Quba rayonunun Paşaoba kəndində hektarlarla gilas və alma bağları salıblar. Həmin kənddə hər biri qiyməti 100 min manatla ölçülən villalar tikdiriblər. Həmin villaların tikintisində də əsgərlərin, matrosların və digər işçilərin əməyindən istifadə edilib. Hər 3 villanın bütün dəmir konstruksiyaları isə HDQ-nin Gəmiqayırma Zavodunda yığılıb, hazırlanmış və dövlət büdcəsindən oğurlanmış materialları ilə tikilib. Həmin ərazinin yanından keçən yol boyu isə sabiq qərargah rəisi Y.Məmmədovun qohumlarının adına çoxsaylı fəaliyyət göstərən obyektlər mövcuddur. Dövlətdən oğurlanmış pullar hesabına Şahin Sultanov Elxan Hacıyevlə Şəki şəhərində Güzdük deyilən ərazidə sayı 400-ə yaxın olan iribuynuzlu mal-qara ferması da alıb və hazırda ferma fəaliyyət göstərir.

Şahin Sultanovun xeyir-duası ilə adyutant kimi qeyri-qanuni xidmətə cəlb etdiyi baş miçman Seymur Əliyev isə saxta MMC-lər vasitəsilə guya ki, HDQ-nin inzibati binalarında istifadə olunan iş otaqları üçün əşyaların alınması və silinməsi prosesini həyata keçirmək adı altında 100 min manatla əmlakı əlbir olub mənimsəyiblər.

HDQ baza komandiri olmuş və hazırda həbsdə olan Seyfi Hüseynov, Ə.Muradxanov və digər şəxslər dövlətdən oğurladıqları pullar hesabına o qədər harınlayıb ki, gözləri ayaqlarının altını belə görməyib. Günlərini əyyaşlıq, əxlaqsızlıq üzərində qurublar".

B.Məmmədov deyir ki, Ş.Sultanov Ə.Muradxanovla dövlət əmlakını mənimsəmək məqsədilə əvvəlcədən planlı hərəkət ediblər: “Belə ki, zavodun 20-yə yaxın vakant vəzifələrinə Ə.Muradxanovla Ş.Sultanovun yaxınları və qohumlarını təyin etməklə, sonda isə dövlət əmlakını bu vasitə ilə milyon manatlarla mənimsəyiblər.

Şahin Sultanov çirkin yollarla oğurladığı pullarla Avropa ölkələrində, Türkiyədə, Krımda, Krasnodar vilayətində villalar və obyektlər alıb, Moskva şəhərində isə marketi və şərikli bankı var. Bu qədər dövlət əmlakını zəbt edən, mənimsəyən, çirkin yollarla sərvət sahibi olan Şahin Sultanov Xəzər dənizindəki bütün strateji obyektlərin xəritəsini xarici dövlətlərə satıb. Eləcə də Bakı-Ceyhan neft-ixrac boru kəmərinin dəniz hissəsinin tam mühafizəsini təşkil etməmiş və praktiki həyata keçirməyib. Elə bu səbəbdən də mühafizə adı ilə xidmət aparan gəmilərin adlarını xidməti siyahılara salmaq yolu ilə min tonlarla yanacaq, sürtkü yağlarını silib milyon manatlarla dövlət əmlakını mənimsəyib.

Onun cinayət əməlləri birbaşa vətənə xəyanət olduğundan, bu cinayət əməllərindən xəbərdar olan hər bir şəxs cinayət məsuliyyətinə cəlb olunmalı, ciddi cəzalandırılmalıdır".

B.Məmmədov prokurorluq orqanlarından ictimailəşdirdiyi məlumatların, faktların yoxlanılmasını və müvafiq ölçü götürülməsini istəyir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm