Axtaran tapar - Bakı Polisinin Tapıntılar Bürosu
Bizi izləyin

Qırmızı.az

Axtaran tapar - Bakı Polisinin Tapıntılar Bürosu

Hansısa sənədimizi, əşyamızı itirəndə əl-ayağa düşürük. İtirdiklərimizi tapmaq üçün çox ünvanlara müraciət edirik, çox yollar axtarırıq. Eləcə də yoldan, nəqliyyatdan və müxtəlif yerlərdən sənədlər və əşyalar tapdıqda hara müraciət edəcəyimizi bilmirik. Kimisi televiziyalara, kimisi polisə müraciət edir, kimisi də hara müraciət edəcəyini bilmədiyi üçün tapdığı əşyanı ya özündə saxlayır, ya da yararsız bir əşya kimi atır, qiymətli olduğu halda isə özü istifadə edir.

Əksəriyyətimiz Tapıntılar Bürosu adlı bir qurumun olmasından bixəbərik.

Tapıntılar Bürosu 2006-cı ildən etibarən Baş Polis İdarəsinə tabe olan struktur hissə kimi yaradılıb. Büronun əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olmuş tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarətdir və qeyd olunan xidmətə görə dövlət rüsumu nəzərdə tutulmayıb.

Tapıntılar Bürosunun 8 ildir fəaliyyət göstərməyinə baxmayaraq, bir çox vətəndaşlar bu qurumun fəaliyyətindən xəbərsizdir. Məhz buna görə insanlar itirdiyi əşyanın tapılması üçün Tapıntılar Bürosuna deyil, polis bölmələrinə müraciət edir.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Qalib Rəhimov Publika.az-a bildirib ki, 2013-cü ildə Tapıntılar Bürosuna 5 mindən çox vətəndaş müraciət edib. Cari ilin altı ayında isə müraciət edənlərin sayı 2 mindən çoxdur.

İtirilmiş əşya üçün büroya necə müraciət etməli?

Büro iş günləri saat 10.00-dan 19.00-dək, şənbə günləri isə saat 10.00-dan 18.00-dək fəaliyyət göstərir. Əşyanın və sənədin itməsi barədə müraciət edən vətəndaş şəxsiyyətini təsdiq edən sənədi, başqa şəxsə məxsus əşya və ya sənədin itməsi barədə müraciət etdikdə isə onun adından verilmiş və notariat qaydada təsdiq olunmuş etibarnamə təqdim etməlidir. Fiziki və hüquqi şəxslər tərəfindən tapılaraq təqdim edilmiş əşya və sənədlər bir qayda olaraq əlamətləri göstərilməklə, hansı şəraitdə tapılması barədə rəsmi müraciət əsasında qəbul olunur və müvafiq qaydada qeydiyyata götürülür. Qəbul edilmiş əşya və sənədlərə onları təqdim edən şəxsin iştirakı ilə baxış keçirilir və bu haqda müvafiq akt tərtib edilir. İtirilmiş əşya və sənədin sahibi kimi müraciət edən şəxs həmin əşya və sənədin ona məxsus olmasını sübuta yetirdikdə, yəni onun əlamətlərini dəqiqliklə bildirdikdə və ya həmin əşya və sənədə sahibliyini təsdiq edən müvafiq sənədi təqdim etdikdə həmin əşyalar iddiaçının rəsmi müraciəti əsasında aktla ona qaytarılaraq bu haqda təhvilvermə kitabında qeydiyyat aparılır.

Tapılmış əşyalar müddətsiz saxlanıla da bilər

Qalib Rəhimov bildirib ki, bəzi əşyalar müddətsiz saxlana da bilər. Belə əşyalar həcminə görə kiçik olan əşyalardır. Ancaq bütün tapılmış əşyalar, adsız və ünvansız sənədlər 1 ay müddətində saxlanılır:

Şəxsi sənədlər (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və sair) 1 ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə təhvil verilir. Şəxsi sənədlər isə aidiyyatı üzrə müvafiq orqanlara təqdim olunur:

- ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarının müvafiq struktur xidmətinə göndərilir;

- hərbi biletlər sahibinə qaytarılması üçün ərazi aidiyyəti üzrə səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət idarələrinə göndərilir;

- tələbə biletləri, qiymət kitabçaları, təhsil diplomları və digər sənədlərin (xidməti vəsiqələr, təqaüd kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və sair) sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə yaxud sahibinin qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də aiddiyyəti təşkilatlara göndərilir.

Büro tərəfindən tapılan ən dəyərli əşyalar

Tapılan əşyalar arasında ən qiymətlisi telefon olub. Qablib Rəhimov bildirib ki, Büro tərəfindən “Samsung” markalı bahalı telefon tapılmışdı. Tapılan əşyalar arşında çoxluq təşkil edənləri sənədlər, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olub.

“Bir sevindirici hal deyim ki, büroya bir vətəndaş tapdığı pulqabını təqdim etmişdi. Həmin pulqabında 55 manat pul var idi. Bu, sevindirici haldır ki, vətəndaşlar tapdığı pulu və ya əşyanı mənimsəməyib bizə müraciət edir.”

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm