Bakıda "yol terroru"nun acı nəticəsi: 139 ölü, 438 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakıda "yol terroru"nun acı nəticəsi: 139 ölü, 438 yaralı

2014-cü ilin yanvar ayının 1-dən iyul ayının 1-dək Bakı şəhəri üzrə 444 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 139 nəfər həlak olub, 438 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisi deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 8,5% (41 fakt), ölənlərin sayı 13,7% (22 nəfər), xəsarət alanların sayı isə 12,2% (61 nəfər) azalıb.

Baş vermiş yol-nəqliyyat hadisələri zamanı həlak olan 139 nəfərdən 98-i kişi, 32 nəfəri qadın, 9-u uşaq, yaralanan 438 nəfərdən isə 290-ı kişi, 119-u qadın, 29 nəfəri isə uşaq olub.

V.Əsədov qeyd edib ki, 2014-cü ilin ilk 6 ayı ərzində qeydə alınmış hadisələrin təhlili onu göstərir ki, yol-nəqliyyat hadisələri ən çox sürət həddinin aşılması nəticəsində 178 (40,1%) baş verib. Nəticədə 64 nəfər (46%) həlak olub, 142 nəfər (32,4%) xəsarət alıb.

Ötmə, manevretmə qaydalarının pozulması nəticəsində 139 hadisə (31,3%) yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 46 nəfər (33,1%) ölüb, 156 nəfər (35,6%) yaralanıb.

Yolayrıcıları keçmə qaydalarının pozulması nəticəsində 33 (7,43%) yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər (7,2%) ölüb, 48 nəfər (1%) yaralanıb.

Təhlillər göstərir ki, hadisələrin növünə görə qəzaların yarıdan çoxunu piyadaların avtomobillərlə vurulması təşkil edib. Belə ki, piyadaların vurulması ümumi hadisələrin 50,9%-ni (226 hadisə), ölənlərin sayı 49,6%-i (69 nəfər), xəsarət alanların sayı isə 38,8%-ni (170 nəfər) təşkil edib.

2014-cü ilin I yarısı ərzində günün saatlarına görə hadisələr, əsasən, 13:00-dan 18:00-dək və 20:00-dan 24:00-dək qeydə alınıb. Qeyd olunan saatlar üzrə Bakı şəhəri ərazisində 220 yol qəzası baş verib. Nəticədə 71 nəfər həlak olub, 212 nəfər isə yaralanıb. Həmin saatlarda baş vermiş hadisələr ümumi hadisələrin 49,5%-ni, həlak olanların 51,1%-ni, xəsarət alanların 48,4%-ni təşkil edir.

Hadisələr paytaxtın Mərdəkan, Şəhər, Zığ, Salyan şoselərində, Azadlıq, Nobel, Heydər Əliyev, Ziya Bünyadov prospektlərində baş verib. Bu yollarda baş vermiş yol-nəqliyyat hadisələri ümumi hadisələrin 23,6%-ni (47 hadisə), ölənlərin sayı 29,5%-ni (18 nəfər), yaralananların sayı isə 19,7%-ni (38 nəfər) təşkil edib.

Baş vermiş ümumi hadisələrin 30-da sürücülər hadisə yerini tərk edib. Həmin sürücülərin törətdiyi hadisələr nəticəsində 6 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərin ölümü, 14 nəfərin isə yaralanması ilə nəticələnən 18 yol-nəqliyyat hadisəsinin üstü açılıb, digərlərinin isə üstünün açılması üçün tədbirlər davam etdirilir.

Paytaxt ərzisində naməlum şəraitdə 22 yol qəzası baş verib. Nəticədə 2 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb.

Hesabat dövründə yollarda qəzaların qarşısının alınması istiqamətində yol hərəkəti qaydalarını pozanlara qarşı görülən tədbirlər zamanı sürət həddini aşan 1634, əks istiqamətə çıxmaqla ötmə, manevretmə qaydasını pozan 1560, yolayrıcını keçmə qaydasını pozan 29193 sürücü məsuliyyətə cəlb edilib.

Bu dövrdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı ümumilikdə 335 180 fakt qeydə alınıb. Onlardan avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinə görə 2967, qəza şəraiti yaradan 1316, dövlət nömrə nişanı olmadan avtomobili idarə edən 421, avtoxuliqanlığa görə 81, avtomobili müvafiq sənədləri olmadan idarə etdiyinə görə 2320, nəqliyyat vasitəsinə qadağan olunmuş pərdə və plyonka çəkdiyinə görə 2793, sərnişindaşıma qaydalarını pozduğuna görə 157, işıqforun qırmızı işığında keçdiyinə görə isə 4928 sürücü qanunvericiliyin tələblərinə əsasən məsuliyyətə cəlb olunub.

Bu ilin 6 ayı ərzində yol hərəkəti qaydalarını pozması nəticəsində topladığı cərimə balına görə 305 şəxs müxtəlif müddətlərə sürücülük hüququndan məhrum ediliblər.

Qaçırılan 19 avtonəqliyyat vasitəsi yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində tapılıb. Bundan əlavə, axtarışda olan 5 cinayətkar tutulub, narkotik vasitələrin tapılması ilə bağlı 4 fakt qeydə alınıb və 1 odlu silah aşkar edilərək götürülüb.

Paytaxt ərazisindəki müşahidə kameraları vasitəsilə sürücülər tərəfindən 192 532 yol hərəkəti qaydalarının pozulması faktı müəyyən edilib. Onların barəsində foto və video qeydiyyat aparılıb, eləcə də elektron qaydada protokol tərtib edilib.

İlin ilk 6 ayı ərzində yol hərəkəti qaydalarını pozaraq yolu təyin olunmamış yerdən keçən 80 997 piyada aşkar edilərək inzibati qaydada cərimə olunub.

Hesabat dövrü ərzində İdarəyə daxil olan 1785 müraciətə baxılıb. Onlardan 422-si ərizə, 1363-ü şikayət olub. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm