• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bu ilin "yol terroru": 512 ölü, 1234 yaralı

Bu ilin "yol terroru": 512 ölü, 1234 yaralı

Bu ilin ilk yarımilliyi ərzində Azərbaycan yollarında baş verən qəzalarda 512 nəfər ölüb. Bunu Publika.az-a sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, 2014-cü ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 512 nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Paytaxt Bakıda baş verən 444 yol qəzası nəticəsində 139 nəfər həlak olub, 438 nəfər isə yaralanıb: "Ötən ilin analoji dövrü ilə müqayisədə qəzaların sayında kifayət qədər azalma müşahidə olunub. Belə ki, qəzaların sayı 150 fakt (11%), ölənlərin sayı 44 nəfər (8%), yaralananların sayı isə 218 (15%) nəfər azalıb. Baxmayaraq ki, ötən il ölkəyə 30 mindən artıq nəqliyyat vasitəsi gətirilib, bu fonda bu azalma faktı çox müsbət haldır."

K.Əliyev qeyd edib ki, təhlillər göstərir ki, hadisələrin də, ölən və yaralananların da təxminən 1/3-i paytaxtın, qalanları isə regionların payına düşür. Bununla bağlı İdarənin şöbə rəisi sürücülərə müraciət edib: "Artıq respublikanın hər yerində yol infrastrukturu inkişaf edir, yeni asfalt yollar çəkilir, sürət artır. Çox əfsuslar olsun ki, yolların yaxşı olmasından istifadə edib sürücülərin bəziləri sürət həddini aşırlar. Yolun yaxşı olması o demək deyil ki, orada müəyyən olunmuş sürət həddini aşasan və yaxud da o yola sərxoş vəziyyətdə, texniki nasaz avtomobillə çıxasan. Yolun yaxşı olması hələ o demək deyil ki, burada qəza olmayacaq. Qəzanın olmaması üçün sürücü ilk növbədə özü intizamlı olmalı, nəqliyyat vasitəsinin texniki sazlığına fikir verməli, müəyyən olunmuş qaydalara riayət etməli, sürət həddini aşmamalıdır. Belə halları gözləməyən sürücü yol istər yaxşı, istərsə də pis olsun, gedib mütləq hadisə törədəcək".

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR