Azərbaycan Rusiyadan yeni silah və trenajorlar alıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Rusiyadan yeni silah və trenajorlar alıb

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 5 ədəd xarici markalı minik və 9 ədəd yük avtomobilləri alınıb istifadəyə verilib”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasının 2-ci illik fəaliyyətinə dair hesabat tədbirində Cəmiyyətin sədri Şəhvələd Əliyev bildirib.

Onun sözlərinə görə, Cəmiyyətin Sabunçu rayon filialının inzibati binası və yardımçı tikililəri əsaslı təmir edilib, sürücü, aşpaz, kəşfiyyatçı və snayperlərin hazırlığı üçün xüsusi sinif otaqları yaradılıb, otaqlar müasir tələblərə uyğun təchiz olunub, kompüter avadanlıqları ilə təmin edilib, Rusiya Federasiyasından 2 ədəd müxtəlif markalı avtomat və mexaniki sürət ötürücülü avtomobillərin idarə edilməsini öyrədən trenajorlar alınıb quraşdırılıb:

“Bundan başqa 25 metrlik atıcılıq tirinin atəş və hədəf nöqtəsi müasir formada təmir və təchiz edilərək müdavimlərin istifadəsinə verilib. Eyni zamanda digər filiallarda da cari təmir işləri aparılıb”.

Xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı istiqamətində aparılan işlərə toxunan Ş.Əliyev bildirib ki, Cəmiyyətin filiallarında vətəndaşların texniki ixtisaslar üzrə hazırlığı ilə yanaşı, 53 filialda Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığı həyata keçirilir:

“Ordumuzun sürücü mütəxəssislərə olan tələbatının böyük hissəsi Cəmiyyətimiz tərəfindən təmin edilir. Bundan əlavə, sifariş əsasında ordumuz üçün aşpaz ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu ixtisas üzrə hazırlıqlar isə peşə liseylərindən müqavilə əsasında cəlb edilmiş peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir”.

O deyib ki, aşpaz kursları yalnız Cəmiyyətin Sabunçu, Xaçmaz rayon və Sumqayıt şəhər 1 nömrəli filiallarında həyata keçirilir:

“Növbəti mərhələdə sifarişdən asılı olaraq bu kursların Yevlax, Mingəçevir, Gəncə şəhərlərində, eyni zamanda Balakən və Tovuz rayonlarında da təşkil edilməsi nəzərdə tutulub”.

Hesabat dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi ilə 15000 nəfər “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü, 253 nəfər aşpaz mütəxəssis hazırlanıb. Bundan əlavə, təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq hazırkı dövrədək 82 min 620 nəfər müxtəlif kateqoriyalar üzrə sürücü mütəxəssis, eyni zamanda 154 nəfər həvəskar paraşütçü hazırlanıb.

Ş.Əliyev həmçinin qeyd edib ki, 2013-cü il ərzində Cəmiyyətin Nizamnaməsi müvafiq orqanlar tərəfindən təsdiq olunaraq dövlət qeydiyyatına alınıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq əmri ilə Cəmiyyətin strukturu, işçilərinin say həddi, əməkhaqqı sistemi müəyyən olunub, ümumi yığıncaq tərəfindən xərclər smetası təsdiq edilib, müşahidə şurasına üzvlər seçilib, Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyət sədrinin müvafiq qərarları əsasında rayon və şəhərlərdə Cəmiyyətin 77 filialı yaradılıb, onların Əsasnamələri işlənib hazırlanaraq təsdiq olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2014-cü il tarixli 147 nömrəli Qərarı ilə “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı” təsdiq edilib. Bununla əlaqədar kinoloq, paraşütçü, kəşfiyyatçı və çağırışçılar arasından snayperlərin hazırlanması üçün lazımi sənədlər hazırlanıb.

Cəmiyyətin sədri qarşıdakı illər üçün planlaşdırılan əsas vəzifələri də açıqlayıb: “Qarşıdakı illərdə Cəmiyyətin fəaliyyətinə dair Dövlət Proqramının hazırlanması, “Şahin” və “Cəsurlar” hərbi-idman oyunlarında, eyni zamanda, Cəmiyyət tərəfindən keçirilmiş hərbi-tətbiqi idman yarışlarında iştirak edən və xüsusi fərqlənən şagirdlərin snayper, kəşfiyyatçı, paraşütçü və s. kurslara cəlb olunması, daha geniş miqyasda və peşəkar mütəxəssislərin hazırlanması üçün yeni avadanlıqların, texnikaların, təlim vasitələrinin və paraşütlərin alınması, xüsusilə Rusiya istehsalı olan köhnə təlim avtomobillərinin istismardan çıxarılması, müxtəlif növ atıcı silahlar üçün trenajorların alınması, cəmiyyətin təlim meydançalarının ən müasir texniki avadanlıqlarla təchiz edilməsi, eləcə də bütün filiallarda əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur”.

Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və Cəmiyyətin sədri Şahvələd Əliyevin əmri ilə mükafatlandırılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin bir qrup əməkdaşına fəxri fərmanlar və pul hədiyyələri təqdim olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Cəmiyyətin yaradılmasında əsas məqsəd vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərinin yerinə yetirilməsindən ibarətdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm