• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

QHT-lərin problemləri müzakirə edilib

QHT-lərin problemləri müzakirə edilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, QHT-lərin üzləşdikləri çətinliklər və mövcud problemlərlə bağlı Şuraya edilən müraciətlər də iclasda geniş müzakirə olunub. Şura sədri Azay Quliyev QHT-ləri narahat edən məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verərək bu məsələlərin həlli istiqamətində ardıcıl işlərin həyata keçirilməsinin vacibliyini bildirib.

Şura üzvü, "hüquq və monitorinq" komissiyasının sədri Əliməmməd Nuriyev və Şura üzvü Sahib Məmmədov QHT-lərlə bağlı yaranan problemlər haqqında ətraflı məlumat verərək qrant müqavilələrinin qeydiyyatının sadələşdirilməsi, banklarla QHT-lər arasında yaranan problemlərin həlli yolları və digər narahatlıq doğuran məsələləri Şura üzvlərinin diqqətinə çatdıraraq onların həlli istiqamətində müvafiq təkliflər hazırlandığını deyib.

Şura üzvü və Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinin rəisi İlqar Məmmədov yaranan problemlərin həlli ilə bağlı təkliflər üzərində çalışdıqlarını qeyd edib. İ.Məmmədov rəhbərlik etdiyi qurum tərəfindən qrant müqavilələrinin qeydiyyatını sadələşdirmək və banklar tərəfindən qrant vəsaitlərinin verilməsini sürətləndirmək məqsədilə qrant müqavilələrinin nömrələnməsi sisteminin yaradılması və məlumatların elektron qaydada banklara ötürülməsi ilə əlaqədar təkliflər paketinin hazırlandığını bildirib.

İclasda Ədliyyə Nazirliyinin müvafiq strukturu, Şura və onun "hüquq və monitorinq" komissiyası ilə birlikdə yaranmış problemlərin sürətli həllinə nail olmaq üçün fəaliyyətlərin koordinasiya edilməsinin zəruriliyi vurğulanıb.

İclasda yaxın günlərdə Şuranın "hüquq və monitorinq" komissiyası ilə Ədliyyə Nazirliyinin Notariyat və Qeydiyyat İdarəsinin birgə şəkildə QHT-lərin mövcud narahatlıqlarının həlli istiqamətində vahid təkliflər paketinin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi və mövzunun həlli məsələsinin daimi nəzarətdə saxlanması ilə bağlı qərar qəbul edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR