Nazir hesabat verdi: kriminogen durum nəzarətdədir
Bizi izləyin

Qırmızı.az

Nazir hesabat verdi: kriminogen durum nəzarətdədir

Bu gün 2014-cü ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafının davam etdiyini, aparılan hərtərəfli islahatların daha da dərinləşdiyini, bütövlükdə, ictimai-siyasi həyatın bütün sahələrində irəliləyişə nail olunduğunu, eyni zamanda, ictimai asayişin, vətəndaşların qanuni mənafelərinin hesabat dövründə də etibarlı qorunduğunu, qarşıda duran vəzifələrin vaxtında və tam yerinə yetirildiyini vurğulayıb.

O deyib ki, artıq uzun illərdir Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindən biridir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 10 ildə orta hesabla 231 fakt təşkil etməklə əksər ölkələrlə müqayisədə xeyli azdır. Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət təmayülləri cari ilin 6 ayında da davam edib, kriminogen durum nəzarətdə saxlanılıb.

Hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, qanunçuluğun, eləcə də hər bir şəxsin hüquq və azadlıqlarının qorunması sahəsində əhəmiyyətli vəzifələri yerinə yetirən istintaq və təhqiqat qurumlarının əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri daha da yaxşılaşaraq 71 faiz təşkil edib.

Hesabat dövründə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 35.776 vahid artması fonunda hadisələrin sayı 11 faiz, qəzalarda həlak olanların sayı 8 faiz, xəsarət alanların sayı 15 faiz, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması səbəbindən baş vermiş hadisələr isə 2,3 dəfə azalıb.

Bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 619.148 protokol tərtib olunub, nəticədə 573.696 nəfər cərimələnib, 1786 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 22.187 şəxsə də xəbərdarlıq edilib.

Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, qarşıya qoyulmuş məsul tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi nəzərə çatdırılıb.

Nazir müavini vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının ciddi nəzarətdə saxlanıldığını və 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 140 vətəndaşın qəbul edildiyini, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğunu, əlavə yoxlama tələb edən ərizələrin nəzarətə götürülərək araşdırıldığını, nəticələri barədə təşəbbüskarların yazılı məlumatlandırıldığını, hüquqlarının izah edildiyini vurğulayıb. Həmçinin, ötən 6 ayda DİN-ə daxil olmuş müraciətlərin sayının 3,8 faiz, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərin 11,7 faiz, Azərbaycan Prezidenti Administrasiyasından daxil olmuş şikayətlərin 9 faiz azaldığını qeyd edib.

Polis general-leytenantı V.Eyvazov Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması, orqan və hissələrin yeni informasiya texnologiyaları ilə təcihzatı ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib.

Məruzə ətrafı çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının və şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasa yekun vuran general-polkovnik R.Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin ümumən qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini, xalqa xidmət funksiyalarının və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində fəaliyyətin daha səmərəli təşkilinin vacibliyini bildirib.

İstənilən cəmiyyətdə hər hansı tərəqqinin əsasında dayanan başlıca şərtlərdən birinin məhz daxili sabitlik və təhlükəsizlik olduğuna dair möhtərəm dövlət başçısının fikirlərini Kollegiya iştirakçılarının diqqətinə çatdıran R.Usubov şəxsi heyətin fədakar əməyinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini, peşə bayramları ərəfəsində polis orqanları və Daxili Qoşunların ümumilikdə 67 əməkdaşının dövlət mükafatları ilə təltif edildiyini, 4 rəhbər vəzifəli şəxsə ali hərbi və xüsusi rütbələr verildiyini, habelə daxili əmrlərlə xidmətdə fərqlənən 11 mindən artıq əməkdaş barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğunu qeyd edib. Möhtərəm Prezidentin ali diqqətinin və tələbkarlığının şəxsi heyətin üzərinə daha böyük məsuliyyət qoyduğunu nəzərə çatdıran nazir bu yüksək qayğıya cavab olaraq ictimai asayişin, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin daha etibarlı qorunmasının vacibliyini vurğulayıb, xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların qısa müddətdə və tam aradan qaldırılmasını tələb edib, bu istiqamətdə bir sıra tapşırıqlar verib.

Korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılmasını Azərbaycan Prezidentinin prinsipial mövqeyi kimi dəyərləndirən nazir bu cür neqativ hallarla mübarizənin davamlı olmasının, tolerantlıq baxımından hər zaman nümunə olan respublikamızda dini radikalizm təzahürlərinin qarşısının alınmasında digər dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri ilə birgə yerlərdə ideoloji və maarifləndirici işin aparılmasının, cinayətlərin profilaktikasında və açılmasında veteran polis əməkdaşlarının imkanlarından geniş istifadə edilməsinin vacibliyini xüsusi qeyd edib.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələri, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm