ASAN xidmət İlham Əliyevin rüşvətlə bağlı qeydlərini təsdiqlədi
Bizi izləyin

Qırmızı.az

ASAN xidmət İlham Əliyevin rüşvətlə bağlı qeydlərini təsdiqlədi

“ASAN xidmətin səyyar avtobusları getdiyi bölgədə, dəfələrlə olub ki, nəzərdə tutulmuş müddətdən daha çox qalıb.

Səbəb isə yerli camaatın müraciətlərinin həddən artıq çox olmasıdır”. Bunu axar.az-a ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov prezident İlham Əliyevin Nazirlər Kabinetinin müşavirəsində bölgə camaatının rayonlara səfər edən ASAN xidmətin səyyar avtobuslarını digər bölgələrə getməyə qoymaması ilə bağlı sözlərinə fikir bildirərkən deyib.

Onun sözlərinə görə, bölgələrdə ASAN xidmətin səyyar avtobuslarına həddindən çox ehtiyac var: “Ötən il iyun ayının 1-dən dekabr ayına kimi 21 məntəqədə 37 rayon sakininə xidmət göstərilib. Bu il isə aprel ayından başlayaraq 17 məntəqədə 19 rayon sakininə xidmət göstərmişik. Mütəmadi olaraq bir rayonda 10-12 gün qalıb vətəndaşları qəbul edirik.

Daha sonra isə digər bölgələrə yollanırıq. ASAN səyyar xidmət bölgələrə getdikdə vətəndaşların bizim xidmətə olan tələbatı tam şəkildə hiss olunur. Həddindən artıq fəallıq göstərir vətəndaşlar. Ötən ildən başlanılan bu prosesi gələcəkdə də davam etdirməyə çalışacağıq”. A.Hüseynov qeyd edir ki, bölgələrə səfər edən ASAN xidmətin avtobuslarına gün ərzində 150-300 vətəndaş müraciət edir: “Bu müraciətlərdə vətəndaşlar həddindən artıq aktivlik göstərir. Ümumilikdə son üç ay ərzində 36 mindən çox müraciət olub. Bu, təkcə bölgələrə səfər edən səyyar avtobuslarımıza olan müraciətlərin sayıdır”.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, müraciətlərin sayı çox olduğu zaman səyyar avtobuslar nəzərdə tutulmuş müddətdən artıq həmin bölgədə qalır: “Dünəndən başlayaraq iyul ayının 23-nə kimi Zaqatala, Balakən və Qax rayon sakinlərinə ASAN xidmət səyyar formada xidmət göstərəcək.

Bu gündən həmin bölgələrdə xidmət göstəriləcək günlərin sayı artırılıb. Buna səbəb bölgə vətəndaşlarının çoxsaylı müraciətidir. Bir neçə dəfə yerli camaatın müraciətinin çoxluğu səbəbilə xidmət vaxtı bir qədər uzadılıb. Nəzərdə tutulmuş gündən də artıq həmin rayonda qalmalı olmuşuq”. Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə ASAN xidmət sayəsində köklü dəyişiklərə nail olunduğunu bildirib: “Bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Biz indi səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm