Daş daşı, uşağını saxla - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Daş daşı, uşağını saxla - ARAŞDIRMA

"Qızım Aynur Qəhrəmanovanın böyrəkləri fəaliyyətini dayandırmaq üzrədir. Müalicə üçün 600 manata ehtiyacımız var. Yoldaşımla bir neçə il əvvəl boşanmışıq, o, Saratovda yaşayır. Hər ay uşaq üçün aliment kimi 50 manat göndərir. Onu da atasıgildən götürürəm. Əldə etdiyim məbləğ qızımın aylıq yemək xərclərini belə ödəmir. İndi atamın yanında yaşayıram. O, taksi sürücüsüdür. Anam, mən, qızım və iki bacıma atam baxır. Qızım balaca olduğuna görə məndən ayrı qalmır ki, işləyim. Ali təhsilim olmasa da, orta təhsillə iş tapa bilərəm, lakin qızım xəstədir, ona baxmalıyam. Atası nə müalicə üçün pul göndərir, nə də verdiyi aliment normaldır". Müsahibimiz Vüsalə Şahverdiyevanı 600 manat üçün tanımadığı şəxslərin yardımına möhtac qoyan səbəblərdən biri də məhz normal aliment almamasıdır.

Amma reallıq göstərir ki, adətən, aliment ödəməli olan atalar bundan yayınır. Bir müddət əvvəl Sabirabad rayonunda bir gənc qadın rayon məhkəməsi qarşısında intihara cəhd etmişdi. Qadının dindirilməsi zamanı bəlli olub ki, intihar səbəbi rayon Məhkəməsi ilə əlaqəli deyil. Gənc qadın bir neçə ay əvvəl ərindən boşanıb. Məhkəmə boşanan qadının ərinə azyaşlı övladı 18 yaşına çatana kimi aliment kəsib. Lakin qadından ayrılan kişi alimenti ödəməkdən imtina edib. Dəfələrlə icra şöbəsinə gedən qadın məhkəmənin qərarının icra olunmasını istəyib. İcra şöbəsinə gedən qadın probleminin həll olunmadığını görüb, çıxış yolunu özünü öldürməyə cəhddə görüb.

2013-cü il ərzində ölkədə 11,7 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilə nisbətən boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artıb. Bu ailələr arasında aliment problemi yaşayanlar az deyil.

Publika.az-ın “Qırmızı xətt” layihəsində aliment verməyənlər və onların səbəblərini araşdıracağıq.

Atalar qaçır

Bu gün alimentin tutulması üçün iki forma var: məhkəmə stabil məbləğdə aliment təyin edir və ödəyicinin əmək haqqından müəyyən faiz tutulmaqla aliment təyin edilir. Bu zaman yalnız ailədəki uşaqlar deyil, həmçinin şəxsin həyat yoldaşı da nəzərə alınır. Amma kişilərin əməkhaqqı leqal olmayanda təyin edilən alimentin ödənilməsi problemə çevrilir. Ölkədə bu problemlə üzləşənlərin sayı kifayət qədər çoxdur. Əslində aliment ödəmək istəməyən kişilərin gətirdikləri əsas bəhanələr də məhz leqal işin olmamasıdır. Əlbəttə, aliment ödəmək istəyən, lakin buna imkanı olmayan fiziki qüsurlu şəxslərin də sayı az deyil. Onların işləmək imkanı ya olmur, ya da iş tapa bilmirlər və dövlətin verdiyi sosial müavinətlərlə isə aliment ödəyə bilmir.

Adətən, aliment ödəyən tərəf kişilər olur, nadir hallarda ödənişi analar edir. Təcrübə göstərir ki, həmin qadınlar heç vaxt ödənişdə problem yaratmır. Alimentin ödənilməməsi sadə görünsə də, işləməyən qadın üçün övladına təkbaşına baxmaq heç də asan olmur. Aliment uşağın minimum ehtiyaclarını nəzərə alaraq müəyyən edilir. Bəzən bu minimum ehtiyacı qarşılamaq üçün qadın insan alverinin qurbanı olur, ya da uşaqlar yaşlarına uyğun olmayan işlərdə işləmək məcburiyyətində qalırlar.

Beynəlxalq təcrübə

Bizdən fərqli olaraq, bir çox xarici ölkələrdə boşanan qadınlar aliment arxasında sürünmür. Dövlət bu problemi qanunla tənzimləyir.

Xarici ölkələrin əksəriyyətində qanunda nəzərdə tutulub ki, vətəndaş işləmirsə, o, qanuna əsasən məşğulluq idarəsində qeydiyyata alınmalıdır. Məşğulluq idarəsi isə üzərinə düşən öhdəliyi yerinə yetirərək, həmin şəxsin işlə təmin edilməsinə çalışır. Məsələn, Rusiyada hökumət borca görə köləlik institutu yaradıb. Məhkəmə icraçıları aliment ödəməyənləri məcburən işə düzəldirlər. İşsiz aliment ödəməyənləri əmək birjası vasitəsilə işlə təmin edirlər. Bir sözlə, boşanma uşaq qarşısında məsuliyyətdən azad etmir. Aliment ödəməyən iş yerinin olmamasını əsas gətirərək alimenti ödəməkdən boyun qaçıra bilməz. Əmək birjası məhkəməyə həmin vətəndaşa harada və hansı işi təklif etməsi barədə arayış təqdim edir.

Borcluların (aliment ödəməyənlər, kreditlər üzrə borclular, məbləği bir neçə min manatı keçən vergi və cərimələri ödəməyənlər) xaricə getməsinə müvəqqəti məhdudiyyət də qoyulub.

Həmçinin, bir çox ölkələrin praktikasında aliment ödəməyən şəxsə məxsus əşya və ya mülk satılaraq aliment ödənilir.

Rusiyada cavabdehin telefonuna mobil operator tərəfindən alimentin ödənilməsi barədə tez-tez xəbərdarlıq olunur, bəzi ölkələrdə aliment ödəməyən şəxsin sürücülük vəsiqəsi alınır. Skandinaviya dövlətlərində məhkəmənin müəyyən etdiyi müddətdə alimenti ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir, müəyyən müddətə azadlıqdan məhrum edilərək məcburi əməyə cəlb olunur, onun işlədiyi müddətdə aldığı haqq alimenti almalı olan şəxsin hesabına köçürülür.

Bir çox ölkələrdə bu cəzalarla yanaşı alimentin ödənilməsi üçün fond da yaradılır.

Bəs bizdə vəziyyət necədir?

Cəza qanunvericiliyinə edilən son dəyişikliklərlə alimenti ödəməkdən boyun qaçıranların cəzaları sərtləşdirilib. Belə ki, alimentin ödənilməsi barədə məhkəmə qərarının icra edilməməsinə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur.

Həmçinin son dəyişikliklərdən sonra borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Əvvəl şəxsin borcu olsa da, istədiyi vaxt ölkədən gedə bilərdi. Hətta elələri var idi ki, digər ölkələrdə öz biznesini qurmuşdu. İndi borclu şəxsin bu hüququ məhdudlaşdırılıb. Şəxs borcunu ödəmədiyi halda, icra məmuru tərəfindən məhkəməyə təqdimat verilir. Məhkəmə təqdimata baxaraq onun bu hüququnu məhdudlaşdırmaq barədə qərar çıxarır. Şəxs məhkəmə və digər orqanların qərarı üzrə olan borcunu tam ödədikdə həmin məhdudiyyət icra məmuru tərəfindən götürülür.

Bu dəyişiklik alimentlə bağlı məhkəmə qərarlarının icrasında müsbət dəyişikliklərə səbəb olub.

Alimentin məbləği nə qədərdir?

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzovun sözlərinə görə, Ailə Məcəlləsi valideynlərin üzərinə uşaqlarını saxlamaq vəzifəsini qoyub. Belə ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

"Ər qanunvericilikdə nəzərdə tutulmuş valideynlik vəzifələrini pozarsa, ondan uşaqlarını saxlaması məhkəmə yolu ilə tələb oluna bilər".

Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi, onların saxlanılması ilə bağlı valideynlər nikahdan qabaq və ya nikah müddətində əvvəlcədən razılığa gəlib saziş bağlaya bilərlər.

Əgər belə bir saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

Qanunvericiliyə əsasən, bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə biri, 2 uşağa görə üçdə biri, 3 və daha çox uşağa görə qazancın yarısını aliment kimi ödəməlidir. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almaqla azaldıla və artırıla bilər.

Qadınlar sübut edə bilmir

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin sözlərinə görə, alimentin ödənilməməsində əsas problem qarşı tərəfin əmək haqqının müəyyən edilməməsidir. Onun sözlərinə görə, aliment tələb edən qadının qarşı tərəfin qazancı və əmlak dəyəri ilə bağlı sübutları məhkəməyə təqdim etməlidir. Lakin çox vaxt iddiaçılar həyat yoldaşının obyekt sahibi olduğunu desə də, son nəticədə həmin əmlakın onun adına qeydiyyatda olmadığı müəyyən olunur.

“Bu məqamda məhkəmə həmin iddianı sübut edilməmiş hesab edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, qarşı tərəfin gəlirini iddiaçı sübut etməlidir. Bəzən iş yerlərindən təqdim edilən arayışda əmək haqqı 120 manat göstərilir. Bir uşağın aylıq minimum xərci 103 manatdır. Belə olan halda, həmin atadan necə aliment tələb etmək olar? Əlbəttə, istənilən halda azyaşlı uşağın ehtiyacı qarşılanmalıdır. Valideynə haqq qazandıra bilmərik, daha yüksək maaşlı iş tapa bilər. Çünki uşaq dünyaya gətirən valideyn onun ehtiyaclarını qarşılamağa borcludur”.

Bəs aliment ödəməli olan şəxs QİÇS, Hepatit B ya C və digər xəstəlikdən əziyyət çəkərsə, o zaman ödənişdə güzəşt edilə bildərmi?

Ə.Mirzəliyev xəstəliyin ödənişin ləğv edilmə səbəbi olmadığını dedi:

“Əlbəttə, hər bir işə fərdi qaydada baxılmalıdır. Bu halla qarşılaşmamışıq. Amma valideyn xəstə olsa belə, onun aylıq gəliri, əmlakı varsa, ödəniş etməlidir”.

İşləməyən valideynlərə gəldikdə

Məlumdur ki, ölkədə müqaviləsiz, günəmuzd işləyənlərin sayı az deyil. Onların konkret aylıq gəliri olmadığına görə, adətən, sənədləşmələrdə özlərini işsiz kimi təqdim edirlər. Bu əsasla da məhkəmənin tələb etdiyi ödənişdən yayınmağa çalışırlar.

"Atanın iş yoxdur deməsi bəhanədir. Daş daşı, uşağını saxla. Sadəcə, buna istək lazımdı".

Ə.Mirzəliyevin sözlərinə görə, kişi podrat müqaviləsi, yaxud günəmuzd çalışırsa, yenə də aliment verməlidir. Qanunda da göstərilib ki, aylıq maaş dəyişkəndirsə, sabit pul məbləğində alimentin verilməsi tələb edilə bilər.

“Məhkəmə də, bu hallarda sabit pul məbləği qət edir. Amma heç bir halda alimentdən imtina edilməsi mümkün deyil. Bu məbləğ aşağı və ya yüksək məbləğdə müəyyən edilə bilər. Bu da atanın aylıq qazancından asılıdır. Əlbəttə, 103 manat minimum yaşayış məbləği olsa da, bəzən bu yetərli olmur. Bazar iqtisadiyyatı şəraitində yaşayış minimum ildən-ilə artır. Bu uşaqların ehtiyacları da az deyil. Amma bəzən başqa yolumuz olmur”.

Bəzi ekspertlərin fikrincə, məhkəmələr alimentin məbləğini müəyyən edərkən "qanun qarşısında hamının bərabərliyi prinsipi"ni pozurlar.

Bu fikirdə olan ekspertlər deyir ki, işləməyən valideynlərin birindən 20, digərindən ən azı 69 manat, bir digərindən isə 100 və ya 150 manat tutulur. Bunun bir səbəbi hakimlərin subyektivliyidirsə, digər bir səbəbi də qanunvericinin bu məsələdə mövqeyinin birmənalı və dəqiq olmamasıdır.

Belə ki, qanuna görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər və bu müddəanın olması qərar qəbuletmə prosesində hakimə özünün subyektiv fikirlərinə istinad etmək imkanı verir və bununla da qeyri-bərabərliyin əsası qoyulur.

Bu hallar baş verməsin deyə "ailə və maddi vəziyyət, diqqətəlayiq olan başqa hallar"ın dairəsi dəqiq müəyyənləşdirilməlidir.

Aliment Fondu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin rəhbəri Taliyə İbrahimovanın sözlərinə görə, ötən il ərzində Komitəyə alimentin ödənilməməsi ilə bağlı 56 müraciət daxil olmuşdusa, bu ilin 6 ayında müraciətlərin sayı 96-dır. Bu, yalnız komitəyə olan müraciətlərdir. Yəqin ki, problemli şəxslərin sayı daha çoxdur.

“Ümumiyyətlə, son illər alimentin ödənilməməsi ilə bağlı komitəyə müraciətlər artıb. Bu da alimentlə bağlı həm qanunvericilikdə, həm də onun tətbiqi sahəsindəki problemlərlə əlaqədardır. Bəzi valideynlər elə hesab edirlər ki, boşandıqdan sonra məsuliyyətləri başa çatır. Sırf valideyn məsuliyyətsizliyi səbəbindən uşaqlar aliment almaqdan məhrum edilirlər. Valideyn bilməlidir ki, uşaqları qarşısında məsuliyyət daşıyır”.

T.İbrahimova bildirdi ki, bəzən həqiqətən atanın aliment ödəmək imkanı olmur.

“Bizə bir nəfər fiziki qüsurlu şəxs müraciət etmişdi. Onun aylıq pensiyası 50 manat, alimentin məbləği isə 80 manat idi. Həmin şəxsin bunu ödəmək imkanının olmadığı aydın görünür. Bu halda qanunvericilikdə dəyişikliyə ehtiyac var. Alimenti ödəyə bilməyən valideyn həqiqətən imkansızdırsa, dövlət konkret tədbir görə bilər. Bir çox ölkələrdə uşağın aliment almasındakı boşluğu aradan qaldırmaq üçün Aliment Fondu yaradılıb. Bizdə də belə fondun yaradılmasına ehtiyac var. Uşaq alimenti alır, borclu tərəf dövlətə borclu qalır və məcburi əməyə cəlb edilir. Bununla da həm borcunu ödəyir, həm də uşaq ona lazım olan alimenti alır”.

Onun sözlərinə görə, Azərbaycanda bunun tətbiqi üçün xüsusi dövlət vəsaiti ayrılmalıdır. Bunun üçün digər qurumlarla da razılaşdırma aparılmalıdır.

Komitə rəsmisinin sözlərinə görə, alimentlə bağlı bir problem məbləğin dəqiq müəyyən edilməməsidir. Bəzi hallar nəzərə alınaraq məhkəmə tərəfindən bu məbləğ azaldıla, artırıla bilər.

Onun fikrincə, qanunvericilik uşaqların normal inkişafını təmin edə bilmək üçün alimentin minimum məbləğini mütləq müəyyən etməlidir.

Bəzən aliment uşağın minimum ehtiyac meyarından da az olur:

“Bu da himayəsində azyaşlı uşaq olan ana üçün problem yaradır. Çünki qadınlar çox vaxt əmək fəaliyyəti ilə məşğul olmur, uşağa baxırlar. Boşandıqdan sonra isə uşağı saxlamaq üçün ciddi problem yaşayırlar. Alimentin məbləğinin az olması vəziyyəti çətinləşdirir.

Son vaxtlar məhkəmələr minimum ehtiyac meyarına uyğun aliment müəyyən edirlər. Lakin bəzən bundan aşağı da məbləğlə bağlı qərar verilməsinin şahidi oluruq”.

T.İbrahimova aliment ödəməyənlər üçün müəyyən olunan cəzaların çox da təsirli olmadığını dedi. Onun sözlərinə görə, cəzaların sərtləşdirilməsi hər zaman effektli olmur:

“Cəza qanunvericiliyinə edilən son dəyişikliklərlə bu sahədə cəzalar sərtləşdirildi. Lakin bu cəzalar şəxsin sonradan alimenti ödəməsi üçün əsas vermir. Çünki bəzi borclular həqiqətən həmin vəsaiti ödəmək imkanında olmur. Məsələn, əlilliyi olan şəxslərin sosial müavinətlə aliment ödəmələri çox çətindir. Bu halları da qanunvericilikdə nəzərə almalıyıq”.

Alimentlə bağlı məhkəmə qərarlarının icra vəziyyəti ilə bağlı məlumat almaq üçün Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı. İdarə rəisi Xanlar Zeynalovun və bu barədə məlumat verəcək şəxslərin işdə olmadıqları əsas gətirilərək suallarımıza cavab verilmədi.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm