Qırmızı.az
“Tağı Əhmədovla tez-tez görüşürəm” - BRİFİNQ
Bu dəfə "Brifinq"in qonağı tanınmış müğənni Səyyad Əlizadə oldu. Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla əlaqələrindən danışan S.Əlizadə deputatlıq iddiasında olduğunu söylədi. S.Əlizadə həmçinin onun metropoliten işçilərinə həsr etdiyi klipin məşhur "Gangnam style" mahnısı ilə remiks olunmasına münasibətini bildirdi. Bloqçu Mehman Hüseynovu məhkəməyə verməkdən imtina etməsinin səbəblərinə aydınlıq gətirdi.
Nərgiz Ehlamqızı: Səyyad bəy, indi
Ramazan ayıdır, bəzi müğənnilərdən fərqli olaraq oruc tutmusunuz.
Dinə bağlısınız?
- 4 ildir oruc tuturam. Bu, Allahın buyruğudur. Deyir namaz özün
üçündür, amma oruc mənim üçündür. Əvvəllər düşünürdüm ki,
bacarmaram. Amma sonra gördüm ki, tuta bilirəm. İnsanın içərisində
elə bir sevinc hissi olur ki, onu sözlə ifadə etmək mümkün deyil,
onu yaşamaq lazımdır. Qurani-Kərim o qədər mükəmməl kitabdır ki,
bütün ədalət o kitabdadır. Mənim dinə münasibətim çox
yaxşıdır.
"Mehmanın o cür tərbiyəsizliyi məni hiddətləndirdi"
Aytən Həsənova: Dinin bütün
qaydalarına əməl edirsiniz?
- Namaz qılıram, oruc tuturam. Amma müqəddəs yerlərdə olmamışam.
Allah nə vaxt qismət eləsə, gedəcəyəm. Qəlbində Allah xofu, imanı
olan insan pislik eləyə bilməz. Hər insan nə edirsə, özünə
edir.
Nərmin Muradova: Sizin sənətiniz də
çətindir, yəqin, ayağınızdan dartanlar, yolunuzu kəsmək istəyənlər
olub. O pisliklərə nə ilə qarşılıq verirsiniz?
- Mən əlimdən gələn qədər yaxşılıq eləməyə çalışmışam. Haqqımda pis
danışan barəsində də yaxşı danışmışam. Bu, dəfələrlə olub. Mənim
sənətimi bəyənməyən hansısa müğənni olub, onun barəmdə dediyini
çatdırıblar, qayıtmışam ki, bu, onun seçimidir, mənsə onu
bəyənirəm. Həmişə çalışmışam ki, çirkinlik içərisində gözəllik
axtaram.
A.Həsənova: Bloqçu Mehman Hüseynov
metropoliten işçilərinə həsr elədiyiniz mahnını "Gangnam style" ilə
remiks etmişdi. Onu məhkəməyə verəcəyinizi
demişdiniz...
- Məni əsəbləşdirən bilirsiniz, nə idi? Mən Azərbaycan
jurnalistlərinin, fotoqraflarının zəhmətinə qiymət verməyi
bacarıram və bu, mənim borcumdur. O boyda zəhmətimə Mehmanın o cür
tərbiyəsizliyi məni hiddətləndirdi. Heç vaxt özümdən böyüyə
hörmətsizlik etmərəm. Mənim vəkilim onu məhkəmə vermək üçün
sənədlər hazırladı. Sonra düşündüm ki, bu da bir atanın, ananın
övladıdır, yolunu azıb, bəlkə, nə vaxtsa düzələr. O mənada iddia
ərizəsini özümdə saxladım. Mən gənclərimizə üz tutub deyirəm ki,
heç kimin əziyyətinə hörmətsiz yanaşmayın. Çünki nə tökərsən aşına,
o da çıxar qaşığına. Nə vaxtsa sən də yaşlanacaqsan. Səyyad Əlizadə
Azərbaycan musiqisində müəyyən izə malik insandır. Sən nəyə görə
onun gördüyü işə daş atırsan? Metropoliten işçiləri ən çətin
şəraitdə işləyən insanlardır. Mən iki institut bitirmişəm.
İxtisasımın biri körpü və tunellər üzrədir. Onların çətin əməyinə o
mahnının hədiyyə eləmişəm. O vaxtki rəis Tağı Əhmədovun bundan
xəbəri yox idi. Mehmanın klipə o cür yanaşmağına heç nə demirəm,
sadəcə bildirmək istəyirəm ki, gərək insan belə tərbiyəsiz
olmasın.
"Vəzifədən çıxandan sonra Tağı Əhmədovla daha tez-tez görüşürəm"
N.Ehlamqızı: İndi Tağı Əhmədovla
görüşürsünüz?
- O, mənim dostumdur, istər vəzifədə olsun, istərsə də olmasın,
gözəl insandır. Tağı Əhmədov əsl Azərbaycan kişisidir. İndi onunla
daha tez-tez görüşürəm. Mən vəzifə adamları ilə tez-tez görüşməyi
sevmirəm. Çünki düşünə bilərlər ki, nəsə təmənnam var. Mənim elə
dostlarım var ki, dostluq edəndə vəzifədə deyildi, təzəlikcə
vəzifəyə keçiblər. Münasibətlərim təmənnasız olub.
N.Ehlamqızı: Bəs hazırki rəis Zaur
Hüseynovla münasibətləriniz var?
- Yox, şəxsən tanış deyilik. Bu gün o vəzifəyə layiq görülüb, təyin
olunubsa, onun işinə hörmətim var. Metropoliten çox çətin sahədir.
Orada balaca səhv böyük faciəyə gətirib çıxara bilər. Ona görə də
bilirəm ki, Zaur müəllimin gecəsi-gündüzü yoxdur. Ona bu işdə
uğurlar arzulayıram. Ölkə başçımız ona etimad göstərib, çox məsul
vəzifədədir. Hər halda o da xalqımıza xidmət edir.
N.Muradova: Axırıncı dəfə nə vaxt
metroya minmisiniz?
- Klip çəkilişində. İstəyərəm, xalq arasında olum, avtobusa da,
metroya da minim. Amma insanların diqqətindən, məni barmaqla
göstərmələrindən utanıram.
"Tağı Əhmədov əsl Azərbaycan kişisidir"
N.Muradova: Tanınandan sonra
insanlardan uzaqlaşdınız?
- Yox, buna uzaqlaşmaq deməzdim. Bəzi adamlar onu barmaqla
göstərəndə xoşuna gəlir. Mənsə bütün diqqət məndə olanda yerişimi
də itirirəm, çox sıxılıram.
N.Ehlamqızı: Tağı Əhmədov
jurnalistlərlə heç yola getmirdi. Tez-tez qalmaqallar yaşayırdı,
amma onunla yaxın münasibəti olan sənət adamları çox
tərifləyir...
- Qeyri-professional jurnalistlər məntiqsiz suallar verir, onsuz da
işi gərgin işdir, o cür suallardan əsəbləşir. Tağı Əhmədov çox
ürəyi təmiz insandır, hər kəsə də böyük hörmətlə yanaşır. Onun
yerinə başqa adam olsaydı, mətbuat katibini jurnalistlərin qabağına
göndərərdi, nə sualları varsa, cavab verərdi. Amma Tağı Əhmədov
jurnalistlərə böyük sayğısından dolayı həmişə media işçilərinin
qarşısına özü çıxır. Ona 1 dəqiqədə metrodan neçə nəfərin istifadə
etdiyini soruşanda "Dayan orada, say" cavabını verməlidir də. Yaxşı
cavabdır.
A.Həsənova: Bu, çox sərt cavab
deyil?
- Bəlkə, onun yerinə olsam, mən də belə cavab verərdim (gülür).
Vəzifə daşımaq çox çətindir. Mən o ağırlığı hiss edirəm. İcra
başçısının da, nazirin də, komitə sədrinin də işi çətindir. Onların
nə gecəsi var, nə də gündüzü. Çünki onlardan çox sorğular sorulur.
Onlar həmişə gərgindirlər. Düzdür, yerində olmayan vəzifə adamları
da var. Amma yavaş-yavaş hər şey öz yerini tapır. Bəli, işləyən
adamın səhvi də olur.
N.Muradova: Sizə nə vaxtsa vəzifə
təklif ediblər?
- Bilirsiniz, mən yaradıcı adamam. Sənət insanı çərçivəni
sevmir.
"Heç vaxt sponsorum olmayıb"
N.Ehlamqızı: Nə işlə məşğulsunuz
hazırda? Ramazanda toyların olmaması qazancınıza təsir
edirmi?
- Mən qazancım barədə danışmağı xoşlamıram. Çalışıram ki, heç kimə
möhtac olmayım. Ramazanda maddi qazancımız yoxdur, amma mənəvi
qazancımızın yaradan qarşısında həddi-hüdudu yoxdur. Bu ayda əsasən
ibadətimlə məşğulam. Bu ay yeni mahnı üzərində işləyirəm. Ola
bilsin 2 klip çəkdik.
N.Muradova: Ayda neçə toyunuz
olur?
- Vallah, onu saymamışam.
A.Həsənova: "Bəyaz gecələr" mahnısı
yaradıcılığınızın ən hit, yaddaqalan mahnısıdır. Yeni mahnılarınız
o səviyyədə olacaqmı?
- O, insana taleyin bəxşişidir. "Bəyaz gecələr" mənim həyatımdır.
Orada "görüşdüm yarımla bulaq başında, ulduzlu gecədə ay işığında"
misralarını yaşamışam. Sevdiyim qadınla yaşadığımı şeirə
çevirmişik. Aylı gecəni bəyaz adlandırmışam. İdeya sırf mənə
aiddir. Musiqisi Cabbar Musayevindir. O mahnını üçüncü dərəcəli
mahnı kimi alboma saldıq. Albom "Gözlə gələcəyəm" adlanırdı. Kim
bilə-bilərdi ki, "Bəyaz gecələr" bu dərəcədə sevilərdi.
Aktyorlardan biri mahnı barədə belə analiz vermişdi. Uşaq o mahnıya
qulaq asıb gələcəyini görür: Böyüyəcəyəm, mən də bir qız sevəcəyəm,
onunla görüşəcəyəm. Gənclər bilavasitə o hissləri yaşayır, yaşlı
nəsil isə gəncliyini yada salır. Həqiqətən də, həyatdan götürülmüş
mahnı bu qədər sevildi. "Bəyaz gecələr" mahnısını 30-dan çox dünya
müğənnisi azərbaycanca oxuyub. Bu, Azərbaycan musiqisinin
qələbəsidir.
N.Ehlamqızı: Adətən, bulaq rayon
yerlərində olur. Mahnı yazılanda evli idiniz?
- Öz rayonumuzda, Füzuli rayonunun Şıxbaba kəndində elə aylı
gecələr olurdu ki. Bədii ədəbiyyatda, nağılda, mahnıda bənzətmə
var. Mən onu bəyaz gecə adlandırmışam. Bu iki ifadə də bir-birinə
əks şeylərdir, insanlarda maraq yaradıb. Biz 1987-ci ildə ailə
qurmuşuq.
N.Muradova: O mahnını neçə yaşında
yazmısınız?
- O mahnını 1993-cü ildə yazmışıq. Haradasa 32 yaşım
vardı.
N.Muradova: Bəs o qıza nə
oldu?
- Qız mənim həyat yoldaşımdır da. O mahnı sanki taleyimə Allahın
bir lütfüdür.
N.Muradova: Bütün toylarda o
mahnını oxuyursunuz?
- Oxumasam da, istəyirlər. "Bəyaz gecələr" deyən kimi mən yada
düşürəm. Bizim bəzi populyar müğənnilər var ki, toyun yarım saatına
10 min manat alır. Amma düşünürsən ki, bu nə yaradıb ki?
"Toy sahibi gəlib tapşırdı ki, "Maral" mahnısını oxumayın"
A.Həsənova: Bəs Nadir Qafarzadənin
"Maral" mahnısını eşitmişiniz? Ona münasibətiniz
necədir?
- Çox normaldır. Ona əziyyət çəkilib.
N.Ehlamqızı: Sizdən xahiş edəndn o
mahnını oxuyursunuz?
- Sözün düzü, mənə o mahnını sifariş etməyiblər. Çünki getdiyim
məclisdə mənim mahnılarımı istəyirlər. Təsadüfən yarım saatlıq toya
dəvət almışdıq. Toya 4-5 dəqiqə tez getmişdim. Toy sahibi gəlib
tapşırdı ki, "Maral" mahnısını oxumayın. Belə şeylər də
olur.
N.Muradova: Toylarda bəs öz
mahnılarınızdan başqa kimlərin mahnılarını
oxuyursunuz?
- Məmmədbğır Bağırzadə, Niyaməddin Musayev, Cabbar Musayev, Hikmət
Aslanovun mahnılarını ifa edirəm. "Ay uçan quşlar" mahnısını çox
sevdiyim sənətkar Baloğlan Əşrəfov oxuyur. Amma mən o mahnını heç
vaxt oxuya bilməmişəm. O mahnı məndə alınmır. Ona görə də
oxumuram.
"Səməd Səmədov Qurban Primovu tanımaya bilməz"
A.Həsənova: Səməd Səmədov
verilişlərin birində məşhur tarzən Qurban Pirimovu tanımadığını
söyləyib. Hətta deyib ki, heç itlərimin adını yadımda saxlaya
bilmirəm. Sənətçilərin bu cür açıqlamalarına necə
baxırsınız?
- Səməd Səmədov özünəməxsus sənətkardır, Azərbaycanın xalq
artistidir. O, Qurban Pirimovu tanımaya bilməz. Məncə, Səmədi qarşı
jurnalistlər nəsə qurublar. Qurban Pirimovu kim tanımır
ki?
A.Həsənova: Reaksiyasından göründü
ki, tanımır...
- Orda olmamışıq axı. Süjeti elə montaj edib, quraşdırırlar ki, elə
görünür. Jurnalist qalmaqal yaratmamalıdır. Jurnalist yarada bilər,
gərək bizim sənətçilər ona getməsin. İndi efirlər açıqdır, bizə o
qədər ölkələrdən baxırlar ki. Bu günlərdə Qədir Qızılsəslə Cavad
Rəcəbovun davasını eşitdim. Yaraşmır axı. Hər ikisinə böyük
hörmətim var, onlar Azərbaycan musiqisində mövqe tutmuş
sənətkarlardır.
N.Ehlamqızı: Onların mübahisəsi
"salam" verməyin üstündə olub. Müğənnilər bir-birindən birinci
salamlaşmağa görə az qala davaya çıxırlar...
- Mən elə şeyi problem eləmirəm. Mən gəlmişəmsə, "salam" verirəm.
İçəri girib salam verməyənlə özüm salamlaşıram, qoy həmin adam
utansın.
N.Muradova: Salamlaşmağın üstündə
çox qalmaqallar olur. Konsertdə birinci oxumaq və konserti bağlamaq
problemi var. Buna necə baxırsınız?
- Məndən böyük sənətkarın yanında danışa bilmərəm. Gərək gənclərdə
tərbiyə olsun. Elə olub ki, tələsmişəm, amma Baloğlan Əşrəfov da
gəlib. Mən necə deyə bilərəm ki, Baloğlandan tez oxumalıyam?
Ayıbdır axı. İlhamə Quliyeva böyük sənətkardır, onun yanında necə
demək olar ki, mən birinci oxuyum. O, desə ki oxu, oxuyaram, oxuma
desə, oxumaram. Böyük sənətkarın belə şeylərə reaksiya verməsini
başa düşmürəm.
N.Muradova: Toyda fonoqramla
oxuyanlar da var. Mən toyların birində Səidə Dadaşovanın fonoqram
oxuduğunun şahidi oldum. Toyda fonoqram oxumaq
doğrudur?
- Səidə Dadaşova yaxşı oxuyandır. O, toya gəlir, musiqiçilərin
səviyyəsi bir o qədər yüksək deyil. Onun oxuyacağı mahnıları
musiqiçilər yaxşı ifa edə bilmirlər. Bu da gəlib yarım saat
oxuyacaq, kamera da çəkir. Toy musiqiçiləri ilə elə biabırçı bir
şey alınır ki. Toy kasetinə baxan deyəcək ki, bu qız nə oxuyur
belə? Ona görə də məcburdur ki, fonoqram oxusun.
"Toyda fonoqramla oxuyanlara pis baxmıram"
N.Ehlamqızı: Sizin özünüz də
toylarda fonoqram oxuyursunuz?
- Mən toya yarım saat oxumaq üçün getmirəm. Mənim 3 mahnıdan ibarət
"minus"um var. "Minus"la mahnı oxuyuram, sonra artıq elə ümumi
şeylər oxuyuram ki, musiqiçilər bilsin, həm də toya aidiyyatı
olsun. Təbii ki, mənim təcrübəm Səidə Dadaşovada yoxdur axı. Amma
yenə də deyirəm, fonoqramla oxuyanlara da pis baxmıram. İndi bizim
məclislərin dadı-duzu qaçıb. Restoranlar aləmi bir-birinə qatıb.
Məsələn, siz toy sahibisiniz, Ağadadaş Ağayevin ifasını
istəyirsiniz, amma restoranın yiyəsi qayıdır ki, neynirsən
Ağadadaşı, ona verdiyin pula 10 müğənni dəvət edərəm. Amma 10
müğənni Ağadadaşın 1 dırnağına dəymir axı. Ağadadaş Ağayev öz
ansamblı ilə gəlib toyu yüksək səviyyədə idarə edər də.
N.Ehlamqızı: Elə restoranlar var
ki, qarşısında afişanız var, hər gün oxuyursunuz?
- Elələri var ki, mənim şəklimi qoyduqlarından xəbərim yoxdur. Bir
restoran sahibinə iradımı bildirdim. O da qayıtdı ki, biz sizə
inandıq ki, bizə heç nə deməyəcəksiniz, sizin afişanız çörəyimizə
təsir edir.
N.Muradova: Təşkilatçılarla
işləyirsiniz, yoxsa insanlar toy məclislərinə özləri dəvət
edirlər?
- Əsasən insanlar özləri məni tapır. Bir də bir-iki dostumun öz
restoranı var, toy sahibi gəlib deyəndə ki Səyyad Əlizadəni
istəyirəm. Vaxtım olursa, gedirəm.
Cəvahir Səlimqızı: Adınız
qalmaqallarda az hallanır. Bunu qoruyub saxlamaq
çətindir?
- Həyatda asan nə var ki? Çalışmışam ki, heç kimin bostanına daş
atmayım. Mənim bostanıma daş atanlar olub, ona reaksiyam bu olub
ki, eybi yox, canı sağ olsun. Zəng ediblər ki, filankəs dalınızca
belə danışıb, demişəm ki, "əcəb eləyib deyib". Söz-söhbət
yaranmasın deyə belə söyləmişəm.
N.Muradova: Jurnalist bir tərəf söz
deyəndə qarşı tərəfin fikrini öyrənməlidir. Sizin mövqeyini
öyrənməsə, qərəzlilikdə suçlayacaqsınız...Olubmu özünüz həmin adama
zəng edib məsələni aydınlaşdırasınız?
- Yox. Deyib, deyib də. Daha üstünə düşməmişəm.
C.Səlimqızı: Televiziya proqramı
olubmu ki, Sizi çağırıblar, amma dəvəti qəbul
etməmisiniz...
- Bəli. Televiziyalardakı qonaqlıq verilişlərində özümü görmürəm.
Yemək bişirə bilmirəm, bu, mənim işim deyil. Deyirəm, buyurun
gedək, at çapaq, güllə ataq. Kişi işləri məni
maraqlandırır.
C.Səlimqızı: Ailənizi də efirlərdə
görməmişik. Bu, özünüzün birbaşa qadağanızdır?
- Mən evimdə çəkiliş istəmirəm. Qadağa deyil, sadəcə ailəmin efirdə
görünməsini istəmirəm. Bəzi proqramlarda bağ evimizi kənardan
çəkiblər. Amma mən göstərişləri sevmirəm.
N.Ehlamqızı: Xanımınız evdar
qadındır?
- Yox, çalışır, mühasibdir.
"Bəyaz gecələr" xanımımla yaşadığımızı əks etdirir"
N.Muradova: Necə tanış
olmusunuz?
- Bu yaxınlarda bir xəbər eşitdim, 14 yaşında bir qız oğlanla
qaçıb, bir video da çəkib efirə veriblər. Dəhşətə gəlirəm ki,
bunlar sanki heç nə düşünmürlər. Mən institutu qurtardım, məni
göndərdilər, Kiyevdə yaşadım. Hətta bir rusla evlənmək istəyirdim,
anam dedi ki, "olmaz!" Mən də fikirləşdim ki, anam deyirsə, deməli,
olmaz. Sonra anam dedi ki, çıx gəl Bakıya. Mən atamı tez itirmişəm.
Anam bizi böyük əzab-əziyyətlə böyüdüb. Çıxdım gəldim bura. Dedi
ki, evlənmək lazımdır, bir qız tap, evlən. Fikirləşdim ki,
sevməsəm, necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını
alarsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar
həmişə arxamca qaçıblar. Orta məktəbdə oxuyanda da, institutda da
həmişə səhnədə olmuşam, qızlara o qədər də fikir verməmişəm. Anam
qayıtdı ki, qızla telefonla danış. O vaxtlar da indiki kimi deyildi
ki, istədiyin adamla danışasan, "pereqavor verirdin, iki-üç gündən
sonra teleqram gedirdi. Mən də zəng elədim, qız da soruşdu ki,
kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt efirlərdə
olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Dedi ki,
siz kimsiniz ki, mənə zəng edirsiniz? Mən də onun bu sözünə çox
əsəbləşdim. Naxçıvanlı dostum vardı, əsəbimdən Naxçıvana getdim,
onu orada tapdım. Qızı çağırtdırmışam, gəlib, məni gördü,
gələcəyimi gözləmirdi axı.
Mən də coşmuşam, başlamışam ki, sən kimsən mənə belə cavab
verirsən, mən heç səni tanımıram (gülür). Gəlirsən mənə gəl,
gəlmirsən, heç səni tanımıram, anamın xahişi ilə sənə zəng
etmişdim. Bu qız başını qaldırıb bir kəlmə demədi. Dostum da
qayıtdı ki, sən camaatın qızının üstünə niyə qışqırırsan. Özlüyümdə
fikirləşdim ki, bu, yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi.
Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atasıgil də onu
başqasına vermək istəyirdi.
N.Muradova: "Bəyaz gecələr"
kədərdən yazılıb?
- Yox.
C.Səlimqızı: Olmaya xanımınızı
götürüb qaçmısınız?
- Mən qızı götürüb qaçmağın əleyhinəyəm. Götürüb qaçmaq qıza da,
qızın valideynlərinə də hörmətsizlikdir. Sabah götürüb qaçan da
atadır, onun övladını götürüb qaçsalar, necə olar? Qız da atasıgilə
dedi ki, filankəslə ailə həyatı qurmaq istəyirəm. Sonra
valideynləri razılıq verdilər.
Aygün İlqarqızı: Futbola marağınız
var?
- Mənim futboldan birinci dərəcəm var. Sağ kənar hücumçusu olmuşam,
11 nömrə oynamışam.
A.İlqarqızı: Məhəllə futbolunda
necə oynamısınız?
- Məhəllə futbolunda da oynamışam, orta məktəbdə bizim komanda
rayon birincisi olub. Əsgərlikdə Ukraynada 1-ci dərəcəni
veriblər.
A.İlqarqızı: Bəs dünya çempionatına
baxırsınız?
- Çempionat məni yuxusuz qoyub.
"Almaniyanın qalib gəlməsini istəyirəm"
A.İlqarqızı: Hansı komandaya
azarkeşlik edirsiniz?
- Düşünürəm ki, bizə Avropa ölkələri yaxındır. Almaniyanın qalib
gəlməsini istəyirəm. Braziliyanın heç udmasını istəmirdim. Məncə,
Argentina Almaniyadan zəifdir, elə Almaniya çempion
olacaq.
A.İlqarqızı: Hansı komanda Sizi
təəccübləndirdi?
- Kosta-Rika, Meksika komandasının oyunlarını bəyəndim. Meksika,
Çilinin qapıçıları çox gözəl oynayırdı.
A.İlqarqızı: Sizinlə bərabər kimsə
evdə mundialı izləyir?
- Oğlum Atabəylə birgə baxırıq.
N.Muradova: Nə əcəb Braziliyaya
gedib canlı izləmirsiniz?
- Oruc tuturam deyə.
N.Ehlamqızı: Çox müğənni öz
övladlarının adına mahnı ifa edir. Buna necə
baxırsınız?
- Mənim özüm də övladlarıma mahnı yazmışam. Qızım Şəhla üçün "Bəyaz
gecələr" albomunda "Şəhla" mahnısı gedib, ona klip də çəkilib.
Oğlum 5 yaşından deyir ki, mənim mahnım hanı? İndi 9 yaşı var, hələ
mahnı hazır deyil.
N.Ehlamqızı: Müğənninin ailə
üzvlərinin hər birinə mahnı yazması nə dərəcədə
doğrudur?
- Övlad o qədər şirindir ki, insan həyatını "uf" demədən
verər.
"Deputat olmaq istəyərəm"
A.İlqarqızı: Olubmu oğlunuzla rəqib
komandalarının azarkeşi olasınız?
- Yox, o, mənim fikrimlə çox vaxt razılaşır, mən kimə azarkeşlik
edirəmsə, o da onun tərəfkeşi olur. Təzəlikcə özü də deyir ki, məni
futbola yazdır. Mən özüm idmanı çox sevirəm. Mən ona da deyirəm ki,
harada olursan ol, birincilərdən ol.
N.Ehlamqızı: Bəs siyasətlə aranız
necədir?
- Siyasəti izləyirəm, amma siyasətə qarışmıram.
N.Ehlamqızı: 2015-ci il parlament
seçkiləri ilidir. Özünüz deputatlıq iddiasında ola
bilərsiniz?
- Niyə olmuram ki. Öz də mən ədalətli millət vəkili olaram. Amma
gərək onda yaradıcılıqdan uzaqlaşasan. Özüm 2 institut qurtarmışam,
ixtisaslarıma uyğun da çalışa bilərdim. Amma yaradıcılığa üstünlük
verdim. Həyatı bilmək olmaz, gələcəkdə ola bilər ki, deputat oldum.
Bizim dünya şöhrətli böyük sənətkarımız Zeynəb xanım Xanlarova neçə
ildir deputatdır. Xalqa xidmət edir.
"Bahar Muradova ilə cəbhə bölgəsində əsgərlərlə görüşdə olmuşuq"
N.E: Füzulinin deputatı Bahar
Muradovadır. Təmasınız olubmu?
- Mənim Bahar xanımla şəxsi münasibətim var. Öz işini çox ədalətlə
görən insandır. Deputatların da həyatı çox gərgindir. Bu yaxınlarda
Bakıda beynəlxalq forumlar keçirildi. Bahar xanımla cəbhə
bölgəsində əsgərlərlə görüşdə olmuşuq. Deputatlarımız işləyir,
çünki ölkə rəhbərimiz gərgin işləyir. O da nəzarət edir. Düzdür,
yerində olmayan adamlar var, bunlar aydın məsələdir. Bunun
düzəlməsi zaman tələb edir.
N.E: Müxalifət liderlərindən kimi
tanıyırsınız?
- Qəzetlərdən, saytlardan siz necə tanıyırsınız, mən də elə
tanıyıram. Elə bir situasiya olmayıb ki, onlarla görüşəm. Mən
siyasətə qarışan adam deyiləm. Bu gün Azərbaycandakı durum məni
qane edir. İraq, Suriya, İranda, Türkiyədə gedən prosesləri
izləyirik. Türkiyədən bir qonağım vardı. Məndən soruşdu ki, gecə
saat 12-də küçəyə çıxa bilərəm? Dedim, başa düşmədim, nəsə olub?
Qayıtdı ki, heç nə olmaz ki? Deyir, bizdə saat 23.00-dan sonra sən
müəyyən yerlər var ki, orada küçəyə çıxa bilməzsən. Dedim, qardaş,
sən 24 saat hara istəyirsən, get. Bu, özü böyük
xoşbəxtlikdir.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov