İraq hökuməti Mübariz Mənsimova sanksiya tətbiq etdi - (rəsmi sənəd)
Bizi izləyin

Qırmızı.az

İraq hökuməti Mübariz Mənsimova sanksiya tətbiq etdi - (rəsmi sənəd)

Şimali İraqın Kürd Regional Hakimiyyəti (KRH) Ceyhan terminalı üzərindən dünya bazarlarına xam neft ixracını davam etdirir. İraq mərkəzi hökuməti isə buna sanksiyalarla cavab verib.

Virtualaz.org saytı xarici nəşrlərə istinadən xəbər verir ki, İraq mərkəzi hökuməti KRH-dən neft daşıyan şirkətlərə sanksiya tətbiq etdiyini rəsmən açıqlayıb. Rəsmi Bağdadın bu sanksiyası 3 şirkəti əhatə edəcək.

Xəbərə görə, İraqın milli neft şirkətləri “Somon” və “North Oil Company” (NOC) Türkiyənin BOTAŞ şirkətinə rəsmi müraciət göndərərək “MT United Emblem”, “Palmali Shipping&Agency JSC” və “Petromar Survey&Consultancy Ltd” şirkətlərinin indi və gələcəkdə İraq liman və təsislərindən neft yükləyə bilməyəcəyini bildirib.

Bağdad hökuməti Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus olan və dənizçilik agentliyi kimi fəaliyyət göstərən “Palmali Shipping&Agency JSC”nin bundan sonra İraqda fəaliyyət göstərən və gələcəkdə İraq xam neftinin ixracatı üçün istifadəyə veriləcək terminallarda hər hansı bir yükdaşıma işinə girə bilməyəcəyini də bəyan edib.

İraq hökuməti bu sanksiyaları niyə tətbiq etməsinə də aydınlıq gətirib. Bağdad hökuməti daha əvvəl də verdikləri açıqlamalarda İraqdan neft və qaz ixracında mərkəzi hökumətin razılığının alınmamasına cavab olaraq həmin firmaların “qara siyahıya” salınacağı ilə bağlı xəbərdarlıq edildiyini xatırladıb.

Qeyd edək ki, Mübariz Mənsimovun adı kürdlərin neftinin daşınmasında bir müddət əvvəl də hallanırdı.

Onu da bildirək ki, Bağdad hökuməti KRH-dən ixrac edilən neftin böyük hissəsinin İsrailə getdiyini deyir. Kürd neftinin əsas müştərisi olan və İraq neftini Ceyhan terminalına nəql edən tərəf Türkiyə hökumətidir. İraq hökuməti isə Türkiyənin kürdlərdən neft almasını qəbul etmir və bunu İraq dövlətinin sərvətinin talan edilməsi kimi qiymətləndirir.

Həm İraq mərkəzi dövlətindən, həm də kürdlərdən neft alan Türkiyə isə öz terminallarında bu neftləri ayrı-ayrı rezervuarlarda saxlayıb depolayır. Ceyhandakı 12 rezervuardan 7-si məhz kürd nefti üçün nəzərdə tutulub.

Türkiyə hökumətinin kürdlərə İraq mərkəzi hökumətinə nisbətən güzəşt etməsinin də səbəbi var. Kürdüstan neftinin nəqli ilə məşğul olan rəsmilər deyirlər ki, Türkiyə kürdlərdən Bağdadın verdiyindən dörd dəfə çox daşınma haqqı alır.

Xatırladaq ki, ABŞ 2003-cü ildə İraqa girəndən sonra İraq hökuməti ilə kürdlər arasında 2004-cü ildə əldə edilən razılığa əsasən neftdən gələn gəlirin 17 faizi yerli kürd hakimiyyətinə verilməli idi. Lakin sonradan bu razılıq İraq hökuməti tərəfindən pozulub.

İraq hökuməti hazırda Ceyhan terminalına neft göndərə bilmir. Səbəb isə bu il martın 2-də neft boru kəmərinin Mosul yaxınlığında islamçılar tərəfindən partladılmasıdır. “İraq və Şam İslam Dövləti” (İŞİD) üzvlərinin Mosulu və İraqın bir neçə şəhərini işğal etməsi hökumətə neft ixracında daha ciddi problemlər yaradıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm