BMT əlillərlə bağlı qanun layihəsinə müsbət rəy verib
Bizi izləyin

Qırmızı.az

BMT əlillərlə bağlı qanun layihəsinə müsbət rəy verib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanaraq rəy verilməsi üçün BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinə təqdim olunmuş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun layihəsi Komitə tərəfindən müsbət dəyərləndirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, cari ilin 1-2 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tərəfindən "Əlillərin hüquqları haqqında" Konvensiya üzrə ölkəmizin ilk məruzəsi təqdim olunmuşdu. Cari ilin aprel-iyun aylarında qanun layihəsi Komitənin ekspertləri tərəfindən diqqətlə nəzərdən keçirilib.

Layihə ilə bağlı Komitənin Azərbaycan Hökumətinə bu günlərdə təqdim etdiyi rəydə layihənin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"sının ümumi ruhuna, əsas prinsip və müddəalarına uyğun şəkildə hazırlandığı vurğulanıb. Bununla yanaşı, Komitənin ekspertlərinin qanun layihəsindəki bir sıra terminoloji ifadə və anlayışların, terminlərin beynəlxalq konvensiyalara uyğunlaşdırılması, ayrı-ayrı maddələrin bir daha təkmilləşdirilməsi ilə bağlı təklifləri də diqqətə çatdırılıb. ƏƏSMN qeyd olunan təkliflərin yeni qanun layihəsində əksini tapması üçün müvafiq işlərə başlayıb.

Xatırladaq ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun layihəsi, həmçinin "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın (2014-2018-ci illər) layihəsi ƏƏSMN-nin rəsmi internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) "Qanunvericilik" bölümündəki "Qanunvericilik layihələri" alt-bölümündə ictimai müzakirəyə təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm