Qazilərin müraciəti: “...Yeni intiharların şahidi olacağıq”
Bizi izləyin

Qırmızı.az

Qazilərin müraciəti: “...Yeni intiharların şahidi olacağıq”

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Qarabağ qazilərinin vəziyyəti ilə bağlı dövlət orqanlarına və cəmiyyətə birgə müraciət ünvanlayıblar.

Publika.Az –a daxil olan müraciətdə deyilir: “Ötən il, dekabrın 25-də 2-ci qrup Qarabağ qazisi Zaur Həsən oğlu Həsənovun intiharından sonra bir sıra dövlət orqanlarında Qarabağ qazilərinə münasibət dəyişsə də, hakimiyyət rəsmiləri ilə müxtəlif görüşlər keçirilsə də, vəziyyət gərgin olaraq qalır. Hazırda sağlamlıq vəziyyəti ağır olan onlarla Qarabağ qazisi var ki, təcili müalicə və əməliyyat olunmalıdır. Digər tərəfdən, müvafiq icra hakimiyyətləri başçılarının yaratdığı problemlər ucbatından bir o qədər Qazi də çox ağır duruma düşüb”.

Müraciətdə deyilir ki, “Bu gün onların yanında olmasaq, problemlərinin həllinə çalışmasaq, yeni intiharların şahidi olacağıq”.“Təəssüf ki, bəzi məmurlar bu gün də öz üstlərinə düşən missiyanı yetərincə yerinə yetirmir, bu da onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirir. Son bir ay ərzində təkcə müalicəsizlikdən 5 nəfər Qarabağ qazisi dünyasını dəyişib...”.

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri ötən il dekabrın 25-dən bu yana hər gün 4-5 qazinin problemini həll etməyə çalışır: “Amma bu, təkcə bir-neçə qeyri-hökumət təşkilatının üzərində qalmalı olan məsələ deyil. Bu yerdə dövlət və cəmiyyətin sağlam təbəqəsi meydana çıxmalı, bu problemin həllinə köməklik etməlidir. Biz altına girdiyimiz bu yükün ağırlığını dərk edir və bu işdən kənara çəkilmək niyyətində deyilik, lakin bizim də imkanlarımızın bir həddi var. Bu məqsədlə yanvarın 15-də yazılı şəkildə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlərinə müraciət etmişik. Onlardan problemlərimizin həllinin müzakirəsi üçün bizləri qəbul etmələrini xahiş etmişik, hələ cavab almamışıq. “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri olaraq təşkilatlarımızın üzvləri olan və olmayan bütün Qarabağ qazilərini bir qədər də səbirli olmağa, bu ağır gündə döyüşçü həmrəyliyi nümayiş etdirərək ağır durumda olan əlillərin özlərinə qıymaması üçün əllərindən gələnləri etmələrini xahiş edirik”.

Qazilər Prezident Administrasiyasına, Milli Məclis rəhbərliyinə də müraciət edirib.“Biz bilirik ki, dövlətimiz, onun prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev əlində gələni edir ki, Qarabağ əlillərinin vəziyyəti yaxşılaşsın, amma yuxarıda qeyd etdiyimiz sahələrdə hazırda vəziyyət çox ağırdır. Hazırda ən ciddi məsələ bu vacib problemlərin həlli üçün konkret bir işlək mexanizmin olmamasıdır. Xahiş edirik, bu problemlərimizin həllində bizə yardımçı olun! Onsuz da yarımcan olan Qarabağ qazilərinə qıymayın! Ümidvarıq ki, bizim bu çağırışımızı müvafiq qurum rəhbərləri eşidəcək və əməli tədbirlər görəcəklər”, – deyə müraciətdə bildirilir.

Müraciəti “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin rəhbərləri Etimad Əsədov və Firudin Məmmədov imzalayıblar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm