• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Gedin topdaşıyan işləyin”

“Gedin topdaşıyan işləyin”

Azərbaycan milli komandasının oyunçularından Əfran İsmayılovla Ruslan Abışov “Bakcell Arena”da komanda yoldaşları ilə birgə məşq edirlər. Yanaşı qaça-qaça söhbətləşirlər. Foqts kənardan futbolçuları seyr edir, əl-qol hərəkətləri ilə onlara istiqamət verir. Oyunçuların əksəriyyəti Foqtsa baxıb dodaqaltı gülür. Kamran Ağayev fürsətdən istifadə edib aradan çıxır, soyunma otağında şalvarının cibindən bir gilə siqaret çıxardıb alışdırır.

- Bizi bu oyunda biabır eləməsələr yaxşıdır, – öz-özünə danışır. – Qol buraxmaqdan qohumların qarşısına çıxa bilmirəm. Camaat elə ağzına gələni deyir. Elə bilirlər, asandır oynamaq.

Bu anda içəri yaşlı bir xadimə daxil olur. Kamranı görən kimi əsəbləşir:

- Ay bala, burda siqaret çəkmək olmaz. Sizin əlinizdən boğaza yığılmışam.

- Xala, orda Foqts, burda da sən, - Kamran gülümsünür, kötüyü zibil yeşiyinə tullayır, tezcənə meydana qayıdır. Foqts onun üstünə qışqırır.

- Nə deyirsən, ala? Başımı xarab eləmə, onsuz da “lomka”dayam.

Hamı gülüşür.

Rəşad Sadıqov kefsiz halda qapıya zərbələr vurur, heç biri də dəqiq olmur. O da hiss etdirmədən aradan çıxıb soyunma otağına gedir. İdman çantasından telefonunu çıxardıb internet vasitəsilə “Facebook”a daxil olur. Gələn mesajlardan birini oxuyur: “A kişi, sizin oyunlarınıza baxanda ürəyim bulanır. Ən yaxşısı, gedin top daşıyan işləyin. Belə daha çox futbola xidmət etmiş olarsınız”.

Rəşad Sadıqov fikirləşir ki, görəsən bu adamı “blok” eləsin, ya yox. İlahi, dostluqdan çıxartdığı adamların sayı-hesabı yoxdur ki! Belə getsə bir-iki adamdan savayı heç kim qalmayacaq. Amma o da insandır. Bezib artıq belə məktubların əlindən. Axı kim bu qədər təhqirə dözər?

Meydana qayıdanda görür ki, məşq sona çatıb. Oyunçular elə bil türmədən çıxmış kimi çox sevinirlər. Soyunma otağında paltarlarını tezbazar dəyişib küçəyə çıxan Əfranla Ruslan bir kafeyə gedirlər. Kafe gözdən iraq bir yerdə, “dədə-baba” qaydasında köhnə bir məkandır.

Ruslan ofisiantı çağırır. Oğlan Ruslanı tanıyır və tez onun yanına qaçır:

- Buyur, Ruslan qardaş, əmr elə.

- Məni hardan tanıyırsan?

- Səni kim tanımır ki?! Hər dəfə sənə baxanda gülməkdən ölürük. Çox kefkom adamsan. Meydançaya vurub çıxırsan? – ofisiant gülümsünür.

Məşqin yorğunluğundan Ruslan cavab verməyə ərinir. Əfran tez özünü araya atır:

- Çox danışma, ə, düdük! Get, bir çay gətir!

Ofisiant dabanı üstə çevrilib gedir.

Ruslan:

- Qardaş, neyləyəcəm, mən heç özüm də bilmirəm.

- Nə olub ki?

- Daha nə olacaq, kredit borclarım var.

- Eh, mən də deyirdim nə olub?! Mənim də borclarım var. Dünya dağılmayıb ki?

- Nə bilim, a kişi, evdə baş-beynim gedib.

Ofisiant gəlir, sinidəkiləri masaya düzür. Ortaya sükut çökür.

- Ağlıma bir fikir gəldi, – Ruslan çay süzə-süzə deyir. - Gələn həftəyə millimizin oyunu var.

- Hə, nə olsun ki?

- Qulaq as! “Topaz”da məğlubiyyətimizə pul qoyaq. Nə deyirsən?

- Əla fikirdir. Sənin məşqdən sonra beynin işləyir.

- Təzə maşın götürmək istəyirəm. Bu krediti versək...

Bu yerdə Ruslanın mobil telefonuna zəng gəlir.

- Alo...- Salam, - Foqtsun köməkçisi özünü təqdim edir. – Ruslan, sabah Tofiq Bəhramovda oyunumuz var. Hazır olun! Uşaqlara da xəbər elə. Məndə kontur yoxdur.- Yaxşı, yaxşı...

Zəng kəsilir. Ruslan kədərlə soruşur:

- Sabah yenə söyüş yiyəsi olacağıq?

Əfran matç olacağını yəqinləyib:

- Yox, - etiraz edir – onsuz da, camaat uduzmağımıza alışıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR