İkibaşlı, təpəgöz uşaqların saxlandığı məkandan reportaj - FOTO-VİDEO
Bizi izləyin

Qırmızı.az

İkibaşlı, təpəgöz uşaqların saxlandığı məkandan reportaj - FOTO-VİDEO

Bir əsr əvvələ aid mumiyalanmış üç insan, ikibaşlı, təkgözlü, üçqollu, dördəlli uşaqlar, alimin külü, müharibədə ölmüş insanların kəllələri...

Bura nə xəstəxana, nə meyitxanadır. Bura muzeydir, anatomiya muzeyi. Xaricdə yox, Bakıdadır.

Muzeyə tibb təhsili alanlar, bəzi məktəblərin şagirdləri və xarici qonaqlar gəlib. Biz də bu möcüzəvi məkana gedib nadir eksponatlarla həm tanış olduq, həm də sizlərə göstərmək üçün fotoaparatımızın yaddaşına köçürdük.

Bələdçimiz anatomiya fakültəsinin tədris hissə müdiri Şöhrət Qasımovdur.

Şənbə günü və havanın temperaturunun 40 dərəcəyə çatdığı bir saatda Şöhrət müəllim vədələşdiyimiz vaxtdan daha tez gələrək bizi gözləyir. Telefonda gecikdiyimizə görə bizi danlasa da, gülərüzlə qarşılayır və ilk olaraq fakültənin girişindəki kiçik guşə ilə tanış edir.

Fakültənin ilk dekanı Kamil Balakişiyev və hazırda fakültəyə rəhbərlik edən Vaqif Şadlınskiyə aid guşədə ilk dəfə milli dildə hazırlanmış anatomiya kitabları, türk dünyasında yeganə anatomiya lüğəti, atlası sərgilənir.

Şöhrət müəllimlə görülən işlər, kitabların çapının maddi çətinlikləri, tələbələrin elmə marağının azalması haqqında danışa-danışa eksponatların sərgiləndiyi muzeylərə çatırıq.

Mulyaj (süni materialdan, plastikdən hazırlanmış) və təbiilər ilə birlikdə muzeydə 8 minə yaxın eksponat var. Muzeydə 700-ə yaxın insanın kəlləsi var ki, onların əksəriyyəti 1941-45-ci illərdə müharibədə iştirak etmiş müxtəlif millətlərə aid insanlarındır. Eksponatlar ümumi sahəsi 600 kvadrat metr olan 4 otaqda saxlanılır.

Eksponatlar doğum evləri ilə yanaşı, kimsəsizlər evində, ruhi xəstəxanada ölən, küçə həyatı yaşayan insanlardan əldə edilib. Şöhrət müəllimin sözlərinə görə, bir vaxtlar eksponat əldə etmək çox çətindi. Əsasən, Məhkəmə Tibbi Ekspertiza Birliyi muzeyə kömək edir.

Bir əsr yaşı olan mumiyalanmış insanlar

İlk olaraq tələbələrin gündəlik dərs keçdikləri muzeyə daxil oluruq. 25 ildir burada işləyən baş laborant Nərgiz Axundova eksponatlar qədər, otaqlarda güllərə də nəzarət edir. Onun sözlərinə görə, otaqlardan formalin (eksponatların saxlandığı maddə) qoxusu gəlməməsi üçün güllərin olması mütləqdir.

Hər bir eksponatın üzərində orqan hissələri nömrələnmiş formadadır. Əllə idarə edilərək onları hərəkət etdirib bütün hissələrə baxmaq olur. Bura məhz tələblərin öyrənməsi üçün nəzərdə tutulmuş muzeydir. Ş.Qasımov deyir, əvvəl tələbələr könüllü olaraq dərsdən sonra da günlərini əsasən burada keçirərdilər. Amma indi maraq azalıb, yalnız dərs zamanı gəlirlər. Otağa daxil olarkən ilk diqqətimizi çəkən şkafların üzərində ardıcıllıqla düzülmüş kəllələr olur. Fotoqrafımız Elçindən bu maraqlı görüntünü çəkməyini xahiş edirəm ki, Nərgiz xanım “hələ bu nədir ki” deyərək, bizi otağın başında şüşə arxasında saxlanan eksponatların yanına aparır. Şöhrət müəllim bu eksponatların bir əsrdən artıq yaşının olduğunu deyir.

İki kişi və bir qadın meyiti mumyalanmış formada saxlanır. Mumyalanma ölkəmizdə həyata keçirilib. Onların heç bir orqanı çıxarılmayıb. Diqqətlə baxdıqda əzələ və damarlarını belə görmək olur. Bu meyitlərin ürəkləri də üzərindədir. Bu isə həmin dövrdə insanın ruhunun ürəyində olmasına olan inamla izah edilir. İnanca görə, ürək çıxarılsa, insanın ruhu da bədəndən çıxar. Əlbəttə, bu düşüncə indi dəyişib, amma tədris üçün orqanların hamısının üzərində olması çox önəmlidir. Hər tərəfi mumyalandığına görə onlar açıq havada da qala bilər. Orada, həmçinin yeni doğulmuş uşaqlar və yaşlı insanların bədənin müxtəlif hissələri, sümükləri saxlanılır.

Tələbələrin marağı az olsa da, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar bu muzeyə baş çəkir. Türkiyənin keçmiş Sağlıq naziri Orhan Durmuş, Hindistan prezidenti, Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvilinin həyat yoldaşı və bir çox xarici qonaqlar muzeydə olub, xatirə dəftərinə heyran qalmaqları ilə bağlı fikirlərini yazıblar.

Muzeyin yalnız otaqları deyil, dəhlizi də eksponatlarla zəngindir. Keçmiş SSRİ-də yalnız üç ədəd olan insanın sinir hüceyrələrinin təsvir olunduğu eksponat da qonaqların heyranlığına səbəb olur.

Təpəgöz, siam əkizləri

Muzeyin ikinci otağında bizi daha maraqlı eksponatlar gözləyir. Bələdçimiz Şöhrət müəllim üçün adi görünən bəzi eksponatlar bizim üçün qeyri-adidir və hər biri haqqında məlumat almaq istəyirik.

İkinci otaqda bizi ötən əsrin 20-ci illərində Tibb Universitetində işləmiş alim Molinovskinin külü qarşılayır. Böyrəyi və sidik kisəsi xərçəng olan alim, öləndən sonra yandırılmasını və xərçəng orqanlarının muzeydə saxlanmasını vəsiyyət edib. O, universitetin morqunda yandırılıb və külü də illərdir muzeydə xüsusi qabda saxlanılır.

Burada, həmçinin başın böyük olması ilə doğulan uşaq, sinədən biri-birinə yapışan siam əkizləri, iki başı, üç qolu, amma 4 əli olan əkizlər, təpəgöz qız, beyni inkişaf etməyən, 6 aylıq rüşeymlər saxlanılır. Bunların heç biri xaricdən gətirilməyib. Bunların bəziləri doğulub, bəziləri doğulmadan götürülüb. Ən maraqlı eksponatlardan biri Allaha sitayiş edən formada doğulub və həmin formada da ölən oğlandır.

Muzeyin doğum evlərində xüsusi qabları var. Anomaliyalı doğulan, yaxud əməliyyatla götürülən uşaqlar həmin qablarda saxlanır və muzeyə gətirilir. Əlbəttə, valideynin razılığı lazımdır. Şöhrət müəllim deyir, bəziləri razı olmur, doğulanda dəfn etmək istəyirlər.

Mayalanmadan 4 həftəliyə qədər rüşeym

Üçüncü otaqda isə daxili orqanlar, qan-damar sistemi və duyğu orqanları saxlanır. Ötən əsrin 60-cı illərində yaşamış insana aid öküzəbənzər ürək, kor bağırsaq, düz bağırsaq, yeni doğulmuş uşağın böyrəyi, inkişafdan qalmış uşaq cift ilə birlikdə, 7 aylıq uşaqla birlikdə çıxarılmış uşaqlıq, qulağın içindəki çəkic, zindan, üzəngi sümükləri saxlanır.

Mayalanma dövründən 4 həftəliyinə qədər rüşeym də var ki, türkiyəli ekspertlər onu 10 min dollara almaq istəyiblər.

Mumiyalanmış beyinlər

Nəhayət, sonuncu otaqdayıq. Burada əsasən, kəllənin müxtəlif hissələri, sklet quruluşu ilə bağlı eksponatlar saxlanılır. Bu otaq əsasən, kəllələrdən ibarətdir. Müharibə iştirakçılarına aid kəllələrdə güllə yerlərini görmək mümkündür. Mumiyalanmış beyinlər, Şəki rayonunun Fazlı kəndində 1997-ci ildə aparılan qazıntılar zamanı aşkarlanmış monqoloid tipli kəllələr burada saxlanır. Onların yaşı e.ə 300-400-cü illərə gedib aiddir. Kəllədəki tikişlərin sıx olmasına əsasən, onların 17-18 yaşlı insana aid olması güman edilir. Üzün, başın hündürlüyünü müəyyən edərək hesablama əsasında hansı tipə aid olması müəyyən edilir. Bu hesablamalara əsasən, kəllələrin monqoloid tipli insana aid olması təsdiqlənib. Şöhrət müəllim həm bunu necə müəyyən etdiklərini izah edir, həm də fotoqrafımız və mənim hansı tipə aid olduğumuzu müəyyən edir. Üz quruluşumuzu, qaşlararası məsafəni, dodaqların forması və s cizgilərimizi incələdikdən sonra hər ikimizin monqoloid tipinə aid olduğumuzu, yəni türk mənşəli olduğumuzu deyir.

Muzeyin problemi

Eksponatların saxlanma şəraiti onların zənginliyi, rəngarəngliyinə uyğun gəlmir. Şöhrət müəllim deyir ki, bu eksponatları saxlamaq asan deyil. İldə 30-40 litr formalin istifadə edilir, amma bu, yetərli olmur. Formalini vaxtında dəyişidirilməlidir, qabların ağzı yapışqanlı lentlə bağlanmalıdır ki, rüşeymlər çürüməsin. Formalin əvvəl Sumqayıtda istehsal edilirdi, indi xaricdən alınır. Eksponatların saxlandığı şkaflar tam tələblərə cavab vermir. Lazımı avadanlıqla təmin edilməməsinin bir səbəbi də vəsait çatışmazlığıdır. Bunun üçün də dövlət tərəfindən diqqət göstərilməsinə ehtiyac var.

Bir az diqqət ayırmaqla muzeyi yerli və xarici turistlərin də maraqla gələ biləcəyi məkana çevirmək olar. Turistlərdən əldə olunan vəsait muzeyin saxlanması üçün də sərf oluna bilər. Əks halda, Fransadan gələn turistə kustar üsulla hazırlanmış şkafda saxlanan eksponatları göstərmək heç də başucalığı gətirməz, eksponatlar nə qədər orijinal və maraqlı olsa da.

Gülxar Şərif

Fotolar Elçinindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm