“Foreign Policy” azərbaycanlı qaçqınlardan yazdı (FOTO)
Bizi izləyin

Qırmızı.az

“Foreign Policy” azərbaycanlı qaçqınlardan yazdı (FOTO)

Dünyanın ən məşhur jurnallarından biri, ABŞ-da işıq üzü görən "Foreign Policy" (Xarici siyasət) jurnalı cari buraxılışında dünya şöhrətli fotoqraf Ed Kaşinin çəkdiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin təsirli fotolarını dərc edib.

Avropa Azərbaycan Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, sözügedən jurnalın təxminən 3.5 milyon onlayn oxucusu var. Fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə həyata keçirilən "Həyata keçməyən arzullar" layihəsinin nəticəsidir. 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməkdə olan qurbanlarıdır.

Ed Kaşi 2012-ci ildə TEAS-ın dəvəti ilə Azərbaycana səfər edərək dörd düşərgədə qaçqın və məcburi köçkünlərin gündəlik həyatını əks etdirən fotolar çəkmişdir. "Foreign Policy" jurnalının "Inbox" bölməsində dərc olunan, fotojurnalistikanın görkəmli nümunələrini ön plana çıxaran məqalədə bəyan edilir:

"Hazırda Dağlıq Qarabağ Ermənistan işğalçı qüvvələrinin işğalı altındadır. Hərbi işğal və itkilər münaqişənin nəticələrindən çox uzaqdır. Azərbaycan dünyada sayına görə ən çox qaçqın və məcburi köçkünə malik ölkədir."

"Foreign Policy" jurnalında dərc olunan fotolar Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərə səyahət edən 50 fotodan sadəcə beşidir. "Həyata keçməyən arzular" sərgisi artıq London və Parisdə öz izləyiciləri ilə görüşüb və gələcəkdə Berlin, Brüssel və İstanbulda da səfərdə olacağı planlaşdırılır.

Nyu-Yorkda yaşayan Ed Kaşi ömrünün son 30 ilini dünyanın münaqişə bölgələrində insan faciələrini çəkməyə sərf edib. "VII Foto" agentliyinin həmsədri olan Ed Kaşinin əsərləri "National Geographic", "Newsweek", "Time" və "The New York Times" kimi mətbu orqanlarda dərc olunub.

Ed Kaşi digər mükafatları ilə yanaşı 2011-ci ildə "World Press Photo" müsabiqəsinin qalibi, 2010-cu ildə isə ilin "UNİCEF Photo" mükafatçısı olub və "Prize Pictet" qlobal fotoqrafiya mükafatına layiq görülüb. Onun 7 foto-kitabı dünyanın dörd bir yanını dolaşıb, "Fotojurnalistika" adlı son kitabı isə bu sahədə çalışanların istinadgahına çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm