Yol polislərinə xarici dil öyrədiləcək
Bizi izləyin

Qırmızı.az

Yol polislərinə xarici dil öyrədiləcək

“Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi çərçivəsində ölkədə bir çox sahələrdə yeniliklər tətbiq edildi. Bu yeniliklər yol polislərindən də yan keçmədi. Müsabiqə ərəfəsində qonaqlarla ən çox ünsiyyətdə olacaqları nəzərə alınaraq yol polisləri dil kurslarına cəlb edildi. Nəticənin uğurlu olub-olmamasını isə əcnəbilər bildi.

Gələn il ölkədə I Avropa Olimpiya Oyunları təşkil ediləcək. Həmin ərəfədə ölkəyə çox sayda xarici turistlərin gəlişi gözlənilir. Bəs iki il ərzində yol polisinin xarici dil bilgiləri hansı səviyyədə inkişaf edib? Onlar üçün yenidən kursların təşkil edilməsi gözləniləndirmi?

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a açıqlamasında bildirib ki, yol polislərinin işə qəbul zamanı həm rus, həm də ingilis dilini bilmələrinə xüsusi önəm verilir:

“Son üç ildir yol polisində işə qəbul şərtlərindən biri də ingilis dilində sadə danışıq qabiliyyətinin olmasıdır. Çünki gələn qonaqların əksəriyyəti ingilis dilində danışanlardır. Bundan başqa, 25-35 yaş arasında rus dilini bilməyənlərin sayı çox azdır, işə qəbul olunanların əksəriyyəti bu dili bilir. Ona görə də xarici dil kimi ingilis dili götürülüb”.

Onun sözlərinə görə, növbəti il ölkədə I Avropa Olimpiya Oyunlarının keçiriləcəyi ilə əlaqədar yol polisləri üçün yenidən xarici dil kursları təşkil ediləcək:

“Gələn il ölkəyə çoxlu sayda xarici qonaqların gəlməsi nəzərdə tutulub. Bu səbəbdən avqust ayından ingilis dili kurslarının fəaliyyətə başlaması nəzərdə tutulub. Bununla yanaşı, ingilis dilində sadə danışıq bacarığı olan kifayət qədər əməkdaşımız var. “Eurovision” müsabiqəsi ərəfəsində də kurslara ən çox xarici dil bilən əməkdaşlarımız cəlb edilmişdi. Könüllü olaraq xarici dil öyrənən əməkdaşlarımızın sayı da az deyil”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm