• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

FHN suda boğulmaların artmasından narahatdır

FHN suda boğulmaların artmasından narahatdır

Son günlər qeyri-çimərlik ərazilərində insanların boğularaq ölməsi hallarının artması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) həmin ərazilərə nəzarətin daha da gücləndirilməsi üçün həm daxili işlər, həm də yerli icra hakimiyyəti orqanlarına müraciət edib. Bu barədə Trend-ə DSXX-nin Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.

Sektor müdiri bildirib ki, 2014-cü il yanvarın 1-dən bu günədək çimərlik ərazilərində suda boğulma faktı qeydə alınmayıb. Amma təəssüf ki, respublikanın qeyri-çimərlik ərazilərində suda boğulma faktları var: "Belə ki, 2014-cü il ərzində DSXX xilasediciləri tərəfindən sularda batmaq təhlükəsi ilə üzləşmiş 98 nəfər nəfər xilas edilsə də, qeyri-çimərlik ərazilərində 18 nəfərin suda boğulması faktı baş verib".

Onun sözlərinə görə, son günlər havaların isti keçməsi ilə əlaqədar xüsusən rayonlarda, kənd yerlərində vətəndaşlar, əsasən də məktəblilər, yeniyetmələr, gənclər yaşayış məntəqəsinin yaxınlığında olan su hövzələrinə, kanallara, göllərə, su anbarlarına üz tuturlar. Bu isə bəzən bədbəxt hadisələrlə nəticələnir: "Bununla əlaqədar həmin ərazilərə nəzarətin daha da gücləndirilməsi üçün həm daxişi işlər, həm də yerli icra hakimiyyəti orqanlarına müraciətlər etmişik. Xəzər dənizinin Azərbaycan hissəsində 825 km-lik sahil zolağı var. Bəzən hadisə elə yerdə baş verir ki, xilasedicilər ora gedib çatana qədər artıq şəxs suda boğulur. Ona görə də belə halların baş verməməsi üçün yerli icra strukturları orada qadağanedici lövhələr quraşdırmalı, həmin ərazilərə kütləvi hərəkəti məhdudlaşdırmalıdırlar".

M.Piriyev qeyd edib ki, ölkədə suda boğulma hallarının artması artıq böyük narahatlıq doğurmağa başlayıb: "Respublikanın müxtəlif yerlərində, rayonlarda, ucqar kəndlərdə bu cür ərazilərdə insanların, əsasən uşaqların və yeniyetmələrin suda boğulması bu gün çox aktual və problemli məsələdir. Ona görə də rəhbərlik tərəfindən qarşımızda belə halların baş verməməsi ciddi məsuliyyət tələb edilən bir vəzifə kimi qoyulub".

DSSX sözçüsü bildirib ki, qanunvericiliyə əsasən, yerli icra hakimiyyəti orqanları həm çimərliklərin yaradılması, həm də onlara nəzarət məsələrini həyata keçirməlidirlər. Eyni zamanda, qəsəbə, kənd nümayəndəlikləri, bələdiyyələr, polis orqanları, sahə müvəkkilləri xüsusən də yay mövsümündə təhsil müəssisələrinin tətilə çıxdığı bir vaxtda bu cür ərazilərdə nəzarəti gücləndirməlidirlər: "Bu il Bakı Regional Mərkəzi ilə birgə paytaxtın 7 rayonunda çimərlik və qeyri-çimərlik ərazilərində ilboyu monitorinq keçirmişik. Həmin monitorinqlərin nəticələri əsasında xüsusi təhlükəli, qadağan olunmuş, insanların çimərlik kimi istifadə etdiyi, lakin çimərlik ərazisi olmayan, məişət tullantılarının kütləvi şəkildə atıldığı yerlərin, eləcə də problemli istirahət obyektlərinin, sahil zolağında çox təhlükəli vəziyyət yaradan suyun içərisindəki artırmaların və s. ərazilərin fotoşəkilləri çəkilərək müvafiq icra orqanlara təqdim edilib. Onlarla iş zamanı biz bütün rayonların ərazisində olan qeyri-çimərlik ərazilərini göstərib, oradakı problemləri və onların qarşısının alınması yollarını izah etmişik. Qubada, Xaçmazda su hovuzları olan istirahət mərkəzləri var. Biz orada müşavirələr keçirəndə onların sahiblərini də dəvət etmişik. Belə ki, su hövzəsi olan yerlərdə insanların təhlükəsizliyinin təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl olunmalıdır. Təəssüflər olsun ki, bu gün həmin tələblər yerinə yetirilmədiyinə görə də bəzən bədbəxt hadisələr baş verir".

Havaların həm isti, həm də küləkli keçməsinin çimərliklərdə, sularda istirahət edən insanlar üçün xüsusi təhlükəli vəziyyət sayıldığını deyən M.Piriyev bununla bağlı əhaliyə müraciət edib: "Ərazilərdə quraşdırılmış xəbərdaredici və ya qadağanedici lövhə və işarələrın hamısı insanlar üçündür və istirahətə gedənlər onların tələblərinə əməl etməlidirlər. İnsanlara, əsasən də valideynlərə müraciət edirik ki, su hövzələrinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində, qəsəbə və kəndlərdə məktəblilələri, yeniyetmələri su hövzələrinə nəzarətsiz buraxmasınlar. Onlara elementar təhlükəsizlik qaydalarını öyrətsinlər. Bununla bağlı təhsil müəssisələri də bununla bağlı iş görməlidirlər. Lakin təəssüf ki, bu sahədə müəyyən problemlər qalmaqda davam edir".

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümünə rəsmən iyunun 8-dən start verilib. Bununla əlaqədar DSXX-nin ölkə üzrə rəsmi çimərliklərdəki 42 struktur bölməsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR