Qırmızı.az
Məhkəmə Elnarə Tofiqqızını öldürənləri müdafiə etdi! - FOTO
Hakim bir ailənin taleyini öz nəfsinə qurban
verdi
“Bu qərar bir daha təsdiq elədi ki, mən şübhələrimdə haqlıyam:
Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ayın 9-da prosesə
müdaxilə etdi və bu müdaxilədən sonra qarşı tərəfin lehinə qərar
çıxdı. Heç bir şübhə ola bilməz ki, Ələddin Cəfərov və hakim
Mətanət Qasımova qarşı tərəfdən rüşvət aldı və hüquq bir yana, heç
bir əxlaqa, insanlığa, ləyaqətə, şərəfə sığmayan qərara imza
atdılar”.
Bu sözləri zərərçəkən Anar Niftəliyev həyat yoldaşı, Bakı Slavyan
Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə
bağlı Yasamal Rayon Məhkəməsində maddi təzminat iddiası ilə bağlı
çıxarılan qərara münasibət bildirərkən deyib. A.Niftəliyevin
sözlərinə görə, əməliyyatda iştirak edən hər 3 həkimə və klinikaya
qarşı 750 min manat dava açılmışdı:
“Qarşı tərəfdən prosesdə heç kim iştirak etmirdi. Məhkəmənin dəfələrlə təkidindən sonra həkimlərdən biri – bizi əməliyyatın heç bir xətər olmadan ötüşəcəyinə inandıran, o vaxta qədər heç vaxt görmədiyim “Medi Sina” klinikasına aparan, əməliyyatı təşkil edən və assistent kimi iştirak edən Fərəcullah İdrisov iyulun 4-də keçirilən prosesə öz vəkili ilə qatıldı. Vəkil işə yeni qatıldığını bildirib, işlə tanış olmaq üçün vaxt istədi. Hakim bildirdi ki, artıq iddia müddətinin 3 ayı iyulun 14-də tamam olur, ona görə də iyulun 9-da növbəti proses təyin etməklə, qarşı tərəfə vaxt verdi”.
A.Niftəliyevin sözlərinə görə, hər şey iyulun 9-da həll olunub:
“İyulun 9-da, saat 14:00-da başlayacaq məhkəmə baxışından 10-ca dəqiqə əvvəl hakim Mətanət Qasımovanın köməkçisi bildirdi ki, proses təxirə salınır, hakim sədrin otağındadır və məsləhətləşmə aparır. İradımı bildirdim ki, ayın 14-də vaxt bitirsə, proses niyə təxirə salınmalıdır? Heç bir cavab vermədi, dedi, səbəblə bağlı sizə məlumat veriləcək.
Ayın 13-də isə telefonla zəng edib, 14-də növbəti prosesin olduğunu
bildirdilər, amma ötən iclasın niyə təxirə salındığına aydınlıq
gətirmədilər. Ayın 14-də keçən prosesdə məlum oldu ki, qarşı tərəf
– Fərəcullah İdrisov və əsas həkim, onkoloq Mahir Məmmədov prosesdə
iştirak edir, amma nədənsə, yenicə tutduqları vəkildən imtina
ediblər. Mən elə həmin zaman da dedim ki, iyulun 9-da sədrlə
görüşdükləri və sədr rüşvət alaraq, işi onların xeyrinə həll
edəcəyinə söz verdiyi üçün, onlar daha vəkilə artıq pul
xərcləməkdən imtina ediblər. Yoxsa hansı məntiqlə prosesə sonda
qoşulan vəkildən cəmi bir iclas sonra imtina edilir?”
A.Niftəliyev iyulun 9-da məhkəmə baxışının məhz iclas başlayan
ərəfədə, sədrin hakimi öz otağına çağırmasıyla təxirə düşməsini də
bu rüşvət amili ilə bağlayır:
“Qərara baxın: məhkəməni vecinə belə almayan və əvvəlindən sonuna qədər prosesdə iştirak etməyən “Medi Sina” klinikasının 6, anestezioloq Firuz İbrahimovun isə 4 min mənəvi təzminat ödəməsi ilə bağlı qərar çıxarılır, prosesə gələn Mahir Məmmədov və Fərəcullah İdrisov isə bütün mənəvi məsuliyyətdən azad edilirlər. İnanıram ki, “Medi Sina” klinikasından kimsə, o cümlədən Firuz İbrahimov da iyulun 9-da Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərovun kabinetində təşkil edilən bazarlaşmada iştirak etsəydilər, onda onlar da maddi təzminatdan azad olunacaqdılar. Çünki bu qədər həyasız, utanmaz qərar çıxaran, məhkəmə sədrliyindən milyonlar qazanmaq üçün istifadə edən insandan nə desən gözləmək mümkündür”.
Qərarı təkcə hüquqa deyil, Azərbaycan dövlətinə, insanlığa utanc
kimi qiymətləndirən Anar Niftəliyev bununla bağlı Prezident İlham
Əliyevə də müraciət edib:
“Mən ölkə başçısı İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova
müraciət edirəm: insanlığını itirən və qatillərin cəzasız qalması
üçün bu qədər ictimailəşmiş bir işdə rüşvət almağa cəsarət edən
həyasızlardan təhlükəli heç nə ola bilməz. Bu həyasızların, pulun
gözünü bağladığı və puldan başqa heç bir dəyər tanımayan
yaramazların vəzifə daşıması ölkənin təhlükəsizliyinə təhdiddir.
Ləyaqətini itirən insandan hər şey gözləmək olar. Mənim bildiyim
qədərincə, cəmi 3 min rüşvət miqdarında belə şərəfsiz qərar
çıxarıblar. Üç minə ləyaqətini, şərəfini, nüfuzunu satan bir adamın
cəmiyyət üçün nə qədər təhlükəli olduğunu deməyə ehtiyac yoxdur.
Ölkə başçısından xahiş edirəm ki, qan üstündə alver edən bu
yaramazların cəzalanmasına yardım etsin”.
Anar Niftəliyev nəinki apelyasiya şikayəti verəcəklərini, hətta heç
bir nəticəyə baxmayaraq, Avropa Məhkəməsinə qədər işin
aparılacağını bildirib:
“Avropa Məhkəməsinin qərarını alandan sonra bu rüşvətxor hakimlərlə
bağlı proses başlayacaq: rüşvət alıb, hüquqsuz, qanunsuz, əxlaqsız,
mənəviyyatsız qərar çıxaran hakimlərin hamısı cəzalanacaq. Yəni kim
düşünürsə ki, bu qətl işindən rüşvət alıb, onu rahatlıqla yeyə
biləcək, yanılır. Ramazan ayında qarşı tərəfdən rüşvət alıb,
ləyaqətsiz qərar çıxaranı nə Allah bağışlayacaq, nə də bəndə”.
Jurnalist Anar Niftəliyevin hüquqlarını müdafiə edən vəkil Fərhad
Mehdiyev isə məhkəmə prosesi ilə bağlı bildirdi ki, prosesdə
şübhəli məqam cavabdeh tərəfin vəkilinin növbəti prosesdə iştirak
etməməsi idi:
“Vəkilin prosesdə iştirak etməməsi onların əminliyindən xəbər verir. Ekspertiza rəyində bizim iddia qaldırdığımız şəxslərin təqsirini ortaya qoyan kifayət qədər dəlil var. Lakin ayın 9-na təyin edilən iclas olmadı. Növbəti iclasa isə qarşı tərəfin ümumiyyətlə vəkili gəlmədi. Səbəbi barədə isə məlumat vermədilər. Buna baxmayaraq, biz yenə də öz çıxışımızı etdik”.
F.Mehtiyev qeyd edir ki, prosesdə iştirak etməyən vəkilin əvəzinə
məhkəməyə təqsirləndirilənlərdən ikisi gəlmişdi:
“Məhkəmədə ancaq əməliyyatı aparan onkoloq Mahir Məmmədov iştirak
edirdi. Halbuki cavabdeh qismində əməliyyatın həyata keçirildiyi
“Medi Sina” klinikasından başqa, əməliyyatı aparan hər üç şəxs -
onkoloq Mahir Məmədov, həmin onkoloqu tapan və məsləhət görən
asistent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov iştirak
etməli idi.
Hakim məhkəmədə bir dəfə iştirak edən M.Məmmədov və F.İdrisovu
təqsirkar bilmədi. Halbuki onların təqsirini sübut edən yetərincə
fakt təqdim olunmuşdu – baxmayaraq ki, cinayət işinin istintaqı
yekunlaşmayıb və cinayət işi Bakı Şəhər Prokurorluğunda davam edir.
Onkoloq M.Məmmədov da əməliyyatın keçiriləcəyi klinikanın şəraiti
ilə tanış olmadığını deyir. Adicə elektroşokun olmadığı cərrahiyyə
otağında əməliyyat aparan və xəstə qohumlarını arxayın salan Mahir
Məmmədov əlbəttə məsuliyyət daşıyır.
Cərrah əməliyyata girmədən bunu hansı şəraitdə həyata keçirəcəyi ilə tanış olmalı idi. Əməliyyatın aparıldığı yer münasib deyilsə, o bu riski üzərinə götürməməli, xəstəni risk altına qoymamalı idi”.
Vəkil F.Məmmədov qeyd etdi ki, məhkəmənin çıxardığı qərar heç bir
hüquqi məntiqə sığmır:
“Məni ən çox məyus edən qərar isə məhkəmənin insan həyatına verdiyi
qiymətdir. Xəstəxananın və həkimlərin təqsiri üzündən bir insan
həyatdan məhrum edilir və bunun qarşılığında iki həkim
məsuliyyətdən azad edilir, ödəniləcək təzminat isə 10 min manata
endirilir. Açılmış mülki iddiada tələb edilən təzminat 750 min
manat idi. Ancaq bu, Azərbaycan reallığıdır ki, bu gün məhkəmənin
insan ömrünə verdiyi dəyər 10 min manatdır. Burada söhbət hansısa
insanın ləyaqətinin alçaldılmasından getmir, yaşamaq hüququnun
itirilməsindən gedir. Bu 100 min manatdan aşağı ola bilməz. Bu
qərar heç bir hüquq məntiqinə sığmır”.
Vəkil həmçinin bildirdi ki, qətnaməni aldıqdan dərhal sonra
apelyasiya şikayəti veriləcək.
Qeyd edək ki, BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızı ötən il
sentyabrın 20-də Bakıdakı "Medi Sina" Tibb Mərkəzində cərrahiyyə
əməliyyatı zamanı həyatını itirib. Həkimlərin səhlənkarlığı
nəticəsində həyatını itirən E.Tofiqqızının ölümü ilə bağlı cinayət
işi hazırda Bakı Şəhər Prokurorluğunda davam etdirilir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK