Azərbaycanlı girovlara görə Ermənistan səfirlikləri qarşısında aksiyalar keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı girovlara görə Ermənistan səfirlikləri qarşısında aksiyalar keçiriləcək

“Həmyerlim Həsən Həsənovu yaxından tanıyıram. 35-40 yaşlarındadır. Dilqəmi isə 1992-ci ildən tanıyıram, onun hər hansı kəşfiyyat marağı olmayıb, lakin dəfələrlə işğal altında olan Kəlbəcərə gedib. Bu gün onunla bağlı toplantı keçirdik”.

Bu barədə Publika.az-a Kəlbəcərdə itkin düşmüş (ermənilər onu öldürdüklərini iddia edirlər) Həsən Həsənovun həmyerlisi, Qarabağ veteranı Vaqif Əlisoy məlumat verib.

V.Əlisoy bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə Həsən, Şahbaz barədə yayılan məlumatları çatdırdıq, lakin onlar tərəflərlə danışıqlar apardıqlarını, əlavə məlumatlarının olmadıqlarını dedilər. Biz də onlardan xahiş etdik ki, məsələ ilə yaxından məşğul olsunlar. Girov götürülmüş həmyerlilərimizlə bağlı cəmiyyəti məlumatlandırsınlar.

Vaqif Əlisoy xaricdəki diaspor təşkilatlarına müraciət edərək, onları Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları keçirməyə çağırıb.


“Həmçinin müraciətimiz olacaq. Bununla da vətəndaşlarımızın tezliklə Azərbaycana qaytarılmasına kömək olmağa çalışacağıq. Biz dövlətimizə güvənirik, bilirik ki, onlar geri qaytarılacaq”.

V. Əlisoy erməni mətbuatının girovluqda olan azərbaycanlılar barədə yaydıqları “onlar diversantdır” fikrinə qarşı çıxaraq bildirir ki, bu üç nəfər sırf mülki şəxslərdir.

“Dilqəm mənim yaxın dostumdur. Doğma eldən ötrü darıxdığından, dədə-baba qəbrini ziyarət edib, mütəmadi olaraq kəndinin görüntüsünü yayırdı. Ermənistanın qatı cinayətkar müdafiə naziri Ohanyan hansı qanuna söykənərək vətəndaşlarımızın öz torpaqlarına getmələrini cinayət sayır? Sizin sayt vasitəsilə Azərbaycan hüquqşünaslarına müraciət edirəm. Dilqəm, Şahbaz və Həsənin girov götürülməsinə heç kim biganə qalmasın”.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. 3-cü şəxs olaraq isə Həsən Həsənovun da girovluqda olduğu ehtimal olunur. Hərçənd ermənilər onu öldürdüklərini iddia edirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm