Məktəb direktoru ilə müəllimlər arasındakı kredit qalmaqalı böyüyür (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Məktəb direktoru ilə müəllimlər arasındakı kredit qalmaqalı böyüyür (YENİLƏNİB)

Bakı şəhərində məşhur məktəbdə direktor-müəllim qarşıdurması pik həddə çatıb. Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru haqqında inanılmaz ittihamlar irəli sürülüb.

Məktəbin direktoru İradə Murğuzovanın banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır.

Direktor barəsində iddiaların müəllifi, məktəbin müəllimi Mədinə Tağıyeva Milli.Az-a açıqlamasında bildirdi ki, İ.Murğuzova təhsil ocağına direktor təyin olunandan sinif rəhbərlərinə pul yığdırır və bütün narazılıqların da mənbəyi budur:

“Direktorun dediyi pulu yığa bilmədim, ona görə də, sinfimi bağlatdı. Uşaqlarımı pərən-pərən saldı. Elə o vaxtdan məndən əl çəkmir. İclarslara getmirəm, mənə töhmət yazıb vurur divara. Uşaqlar da həmin töhmətin şəklini divardan çəkərək məni və digər töhmət almış müəlimləri şantaj edir. Bütün bu şəkillər uşaqların mobil telefonundadır. Töhmət alan müəlimin uşağa söz deməyə ixtiyarı yoxdur. Şagirdə söz deyən kimi telefonuna çəkdiyini göstərərək şantaj edir ki, sizə töhmət verilib”.

Müəllimin sözlərinə görə, İ.Murğuzovanın ona hiddətinin başqa səbəbi isə müəlimlərin adına banklardan götrüdüyü külli miqdarda kredit məsələsi ilə bağlıdır: “Bütün müəllimlər kredit götürüb ona verib. Krediti ödəmədiyindən müəlimlər uşaqlardan pul yığıb kreditə ödəyir. Mən kredit götürmədiyimdən belə edir. Direktor deyir ki, arxamda da duran var, qabağımda da. Nazirlikdə bir neçə adamın adını çəkir. Tələbim odur ki, töhmət yazdırıb uşaqları üstümə qaldırmasın. Yanvardan bu yana 5 töhmət verib mənə. İlboyu dərsə gəlməyən uşağa qiymət yazdırmağı tələb edir. Uşaq üçün pul təklif edir, mən də rədd edirəm”.

Direktor İradə Murğuzova isə onun barəsində işçisinin dediklərinə çox sərt reaksiya verdi, hətta onu təhqir etməkdən belə çəkinmədi.

“Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadısız müəlimdi. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur”, - deyə söhbətə başlayan direktor Milli.Az-a onun haqda şikayətlər edən M.Tağızadənin müəllim adına ləkə gətirən olduğunu bildirdi.

İ.Murquzovanın sözlərinə görə, düşmənləri çoxdur və ömrü boyu onun kreslosunda gözü olanlar var: “Məmnuniyyətlə, buradan rədd olub gedərəm, amma Mədinəyə görə getməyəcəm. Özümü min kişidən üstün sayıram, qaçan kişilərdən deyiləm. Bir Mədinənin xarici görkəminə baxın, görün elə müəllim olar? Uşaqları zəifdir, özu tərbiyəsizdir”.

Direktor əlavə etdi ki, sentyabrdan M.Tağızadənin dərslərinə oturub yoxlamalar aparacaq: “Bu gün Təhsil Nazirliyində oldum. Dedirlər ki, nə istəyir yazsınlar. İslanmışın yağışdan nə qorxusu. Olmayan şeyi yazıblar haqqımda”.

Məsələ ilə bağlı Bakı Təhsil İdarəsi və Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.

17:40

Xətai rayonundakı 171 saylı orta məktəbinin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır.

Məlumatda deyilir ki, İ.Murğuzova kredit götürməzdən əvvəl işçiləri ödəniş edəcəyi barədə söz verib, lakin sonradan krediti ödəməyib. İşçilər məcbur qalıb, ödənişi özləri edirlər.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva Publika.az-a açıqlamasında məsələnin araşdırıldığını bildirib:

“Bu məsələ ilə bağlı araşdırılma aparılır. Bütün təfərrüatlar məlum olduqdan sonra məlumat veriləcəkdir”.

Məsələ ilə əlaqədar direktorla əlaqə saxlamağa çalışdıq. Ötən gün məktəb telefonuna cavab verən gözətçi direktorun səhər saatlarında məktəbdə olduğunu və sabah zəng etməyimizi bildirdi.

Bu gün səhər saatlarında yenidən əlaqə saxladıq və məktəbdən İ.Murğuzovanın BŞTİ-nə çağrıldığını bildirdilər. Gün ərzində əlaqə saxlasaq da, nə direktoru, nə də müavinlərini məktəbdə tapa bildik.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm