• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Görüşənədək, Adil Mirseyid!

Görüşənədək, Adil Mirseyid!

Allah, ölüm göndər mənə,

qəsd etməyim özümə...

Bu səhər bir şairi, bir rəssamı, ən əsası, bu dünyada yaşaya-yaşaya bu dünyanın adamı olmayan bir insanı – Adil Mirseyidi itirdik. İtirdik deyəndə ki, Allahdan dilədiyi ölümünə – böyük mənada ölümsüzlüyünə qovuşdu. Məndən inciməsinlər, şairlərdən sən deyən xoşum gəlmir. Xüsusən də son illər özlərini postmodernist adlandıran və bir butulka araq içəndən sonra dahilik maniyasına tutulan bu şair tayfası büsbütün gözümdən düşüb. Amma Adil Mirseyid o şairlərin fövqündə dayanan bir insan idi. Mənim üçün müqayisəyəgəlməz bir şəxs idi. Çünki Mirseyid kimi insanları indiki zəmanədə əldə çıraqla da axtarsaq, tapa bilmərik...

Ölümü məni çox sarsıtdı. Səhər saytımızın manşetində bu acı xəbəri oxuyan anda sanki içimdə nəsə qırıldı. Hətta acığımı bilmədim kimə töküm, gücüm yanımdakılara çatdı. Rəbiqə də arif qızdı axı, o saat uşaqlara işarə etdi: “Bir qəmli musiqi qoyun, Cəvahir Adi Mirseyiddən yazır”... Yadıma ondan aldığım müsahibə düşdü. Bir neçə il bundan öncə işlədiyim qəzetin redaksiyasına gəlmişdi. Ad günü ərəfəsi idi. Kənd Təsərrüfatı Nazirliyində çalışan yaxın bir dostu gətirmişdi ki, ondan müsahibə alım. Hiss etmişdim ki, həmin dostu Mirseyidi bu müsahibəyə razı salmaq üçün qabaqcadan məni ona nə qədər tərifləmişdi. Hər istəyənə müsahibə verməyi sevən adam deyildi axı. Sözün düzü, həmin vaxt Adil Mirseyid mənim üçün göydəndüşmə oldu. Bir hücrəyə çəkildik və rus demişkən, “otduşi” söhbətləşdik. Damarını tuta bilmişdim. Açılmışdı mənə şair. Tərifləmək olmasın, məndə də var axı, qapalı, qəliz adamların saqqızını oğurlamaq. Söhbətimiz o qədər maraqlı, səmimi alınmışdı ki, həmin müsahibə hamıya ləzzət eləmişdi. Ən çox da Mirseyidin özünə…

Onunla yenidən söhbətləşmək mənə qismət olmadı. Xəstə olduğu dönəmlərdə qızı və oğlu onu, demək olar ki, bütün jurnalistlərdən təcrid etmişdilər. Səmimiyyətsizlik atmosferində boğulduğum bir vaxtda Mirseyidlə söhbətləşib ruhən təmizlənməyi, saflaşmağı, səmimiləşməyi bizə çox görmüşdülər. İlin-günün bu vaxtında hər adamla səmimi olmaq da mümkün olmur axı. Boğazdan yuxarı sözləri, yalançı səmimiyyəti, iyrənc mənəviyyatı olan o qədər müsahiblərim olub ki, Adil Mirseyid kimi insanları Marsdan gələn məxluq kimi qəbul edirəm.

Bu gün dünya yaxşı adamlardan biriylə xudafizləşdi, elə biz də… Görüşənədək, Adil Mirseyid...

Pəncərədən baxıram

astanada oturub

siqaret çəkir kölgəm.

bir gül ləçəyi altında

ölmək istəyirəm mən

öldüyümü bilmədən

yenə ovutdum könlümü

bir göyərçin gözlərində

dünya gəlir ağlıma.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR