Nazirlik 5 rayonun vəzifəli şəxsləri barəsində prokurorluğa müraciət edib
Bizi izləyin

Qırmızı.az

Nazirlik 5 rayonun vəzifəli şəxsləri barəsində prokurorluğa müraciət edib

Cari ilin 01 iyul tarixinə respublikamızda 559834 ailə üzvü olan 128025 ailəyə (o cümlədən Naxçıvan MR üzrə 12076 nəfər ailə üzvü olan 3014 ailəyə) ünvanlı dövlət sosial yardımı təyin olunub.

Publika.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Həmin ailələrdən 76,5 faizi (97947 ailə) təkrar, 23,5 faizi isə (30078 ailə) ilk dəfə ünvanlı sosial yardım alanlardır. Hesabat dövründə ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133,06 manat, bir ailə üzvünə düşən orta aylıq məbləği isə 30,43 manat təşkil edib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarımilində ünvanlı yardım təyin olunmuş ailələrin sayı 521 ailə (2300 nəfər ailə üzvü) və ya 0,4 faiz azalıb.

Ünvanlı sosial yardım təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması məqsədilə bu yardımları alanların adlı siyahısı Nazirliyin internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib və qanunsuz şəkildə yardım təyin olunmuş ailələr barədə ƏƏSMN-ə məlumatlar verilməsi üçün KİV vasitəsilə əhaliyə müraciətlər olunub. Bu tədbir şəffaflığın təmin edilməsi işlərində vətəndaşların da iştirakına zəmin yaradıb.

Onun sözlərinə görə, vətəndaşlardan daxil olmuş məlumatların araşdırılması zamanı 12 rayonda (Ağdam, Goranboy, İmişli, Saatlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər, Daşkəsən) aztəminatlı və ünvanlı sosial yardım almaq hüquqları olmayan ümumilikdə 647 ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710310,0 manat vəsait xərcləndiyi aydın olub. Həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş vəsaitin 344571,0 manatı və ya 48,5 faizi büdcəyə bərpa etdirilib. Beş rayon (Ağdam, Goranboy, İmişli, Saatlı, Daşkəsən) ƏSMM-in müvafiq vəzifəli şəxsləri ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, həmin mərkəzlər üzrə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Bununla yanaşı, araşdırmalar zamanı 19 vətəndaşın müraciətinin böhtan xarakterli olduğu müəyyən edilib və bu səbəbdən onlar barəsində aidiyyatı ƏSMM-lərin əməkdaşları tərəfindən şərəf və ləyaqətin qorunması üçün məhkəməyə müraciət olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm