• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Cüzam xəstəxanasının baş həkimindən həyəcan doğuran açıqlamalar

Cüzam xəstəxanasının baş həkimindən həyəcan doğuran açıqlamalar

2013-cü ildən Gəncə və ətraf rayonlarda 20-dək cüzamlı xəstə qeydiyyata alınıb. Bu barədə Gəncə 1 saylı şəhər xəstəxanasının həkimi Azad İsmayılov məlumat verib. Onun bildirdiyinə görə, ölkənin qərb bölgəsində əvvəlki dövrlərlə müqayisədə cüzam xəstəliyinə tutulanların sayı təxminən 10 faiz azalıb.

Gəncənin baş epidemioloqu Almaz Tomiyeva isə son 35-40 il ərzində qərb bölgəsində və Gəncədə bir nəfər də olsun cüzam xəstəliyinə yoluxanın olmadığını açıqlayıb. O, qərb bölgəsində cüzama yoluxanların sayının çoxalması ilə bağlı deyilənləri təkzib edərək mərəzə yoluxanların əksinə azaldığını deyib.

Cəmi 41 nəfər

Respublika Cüzam Xəstəxanasının baş həkimi Vidadi Əliyev bizimlə söhbətində hazırda ölkədə 41 cüzam xəstəsinin olduğunu dedi. Onun sözlərinə görə, son 35 ildə respublikada 4 cüzam xəstəsi aşkarlanıb, onlardan da biri Rusiya vətəndaşıdır: “Respublika üzrə cəmi 41 cüzam xəstəsi var ki, bunlardan 14 nəfəri təcrid edilmiş şəkildə xəstəxanada yatır, digərləri isə dispanser qeydiyyatındadır”.

Tibbdə adına lepra da deyilən xəstəlik ağırlaşmış formaya çatdıqda ciddi eybəcərliklər yaradır. İlk əlamətləri yüksək hərarət, ürək bulanması, qusma, dəri üzərində yanığabənzər yaralardır. Bakteriyanın ən çox sevdiyi yer dəri, qulaq və barmaqların ucları, cinsiyyət orqanlarıdır. Ona görə də bu xəstəlik əsasən təmas yoluyla yayılır.

Azərbaycan Tibb Universitetinin mikrobiologiya kafedrasının müəllimi Söhrab Fərəcov deyir ki, cüzam həm sağalan, həm də sağalmayan xəstəlikdir: “Lepra sağalandır” deyəndə o nəzərdə tutulur ki, burda bakteriya çöplərinin inkişafını dayandırmaq olur. Amma onların xəstə orqanizmindən tamamilə təmizlənməsi qeyri-mümkündür. Bu xəstəliyə tutulanlar ömürlərinin axırına qədər insanlardan uzaqda yaşayaraq hər kəsdən gizlənməyə çalışırlar. Xəstəlik keçicidir, inkubasiya dövrü 5 ildən 50-55 ilə qədər uzanır deyə, onu aşkarlamaq asan deyil”.

Həkim deyir ki, xəstəliyin yüngül əxlaqlı insanlarda daha çox təsadüf olunması barədə deyilənlər yanlışdır. Xəstəlik irsi də deyil. Sadəcə, mikroblar vasitəsilə yayılır və bir insandan başqasına keçir.
Xəstəliyin əlamətləri bunlardır: Sümükdə ərimə, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi.


İnsan öz normal görkəmini get-gedə itirərək, qorxunc forma alır. Cüzamlı xəstələrdə qaşlar tökülür, üzdə, qulaq dibində şişkinliklər olur. Sosial xəstəlik sayılan cüzam normal və yüksək həyat tərzi sürən insanlarda rast gəlinmir. Cüzam problemləri çox olan kasıb təbəqəyə məxsus mərəz sayılır.

“Onları olduğu kimi qəbul etmək məcburiyyətindəyik”

Respublika Cüzam Xəstəxanasının baş həkimi Vidadi Əliyev yaxın 10-15 il ərzində Azərbaycanda bir nəfər də cüzam xəstəsinə rast gəlinməyəcəyini deyir: “Əvvəla, bu xəstəliyin daşıyıcılarının sayı azalıb, ikincisi, indi xəstəlik barədə çoxları məlumatlıdır və hiss edən kimi müalicəyə başlayırlar. Ölkə üzrə sonuncu dəfə 2008-ci ildə cüzamlı xəstə aşkar olunub”.

Vidadi Əliyev rəhbəri olduğu tibb müəssisəsinin Qafqazda fəaliyyət göstərən yeganə mərkəz olduğunu deyir: “Elə xəstəmiz var daim xəstəxanada qalır. Bəziləri bəlkə çıxıb gedə də bilər, amma həm gedəcək yerləri yoxdur, həm də artıq yaşları keçib, ailə həyatı qura bilməyiblər, çox böyük mənəvi və fiziki problemləri var. Elə xəstələr var, onlara heç iki qulluqçu da bəs eləmir, bayırda kim, necə baxacaq onlara? Bunlar ağır xəstələrdir.

Təcrid olunmayan xəstələrimizlə keçmişdə təcrid olunub hələ də xəstəxanada qalan xəstələrimiz arasında böyük fərq var. İkincilərin bu xəstəliyə xas tərslikləri olur. Məsələn, bəziləri istəyir ki, yaxındakıları da öz xəstəliyinə yoluxdursun”.

Baş həkim əsas problemin psixoloji yardım sarıdan olduğunu deyir: “Onlarla işləməyə hər adam razılaşmır. Bura çox ağır aurası olan xəstəxanadır. Həyatdan küsmüş, hamıya qarşı aqressiv münasibətdə olan insanlarla işləmək çətin olsa da, onları olduğu kimi qəbul etmək məcburiyyətindəyik”.

Son mənzil - kimsəsizlər qəbiristanlığı

Vidadi Əliyev xəstələrlə çalışan tibb işçilərinə xüsusi imtiyazlar verilməsini vacib sayır: “Burada çalışan insanların səhhəti üçün bu xəstəlik hər zaman təhlükəlidir. Düzdür, sovet dövründə də burada çalışanlarla digərləri arasında fərq olmayıb, amma indi bu nəzərə alınarsa yaxşı olar. Biz hər gün ağır xəstəliklə üz-üzəyik”.

Uzun sürən və sağalmaz xəstəliyin müalicəsinin hansı hesaba aparılması da maraqlıdır. Baş həkim dünyada lepranın müalicəsinin xeyriyyəçilik yolu ilə yığılan ianələr hesabına aparıldığını deyir.

Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında müalicə olunan xəstələr isə dövlətin ayırdığı vəsait hesabına yaşayır. Xəstəxana hər ay xəstələrə quru ərzaq payı verir.

Həmin ərzaq payı xəstələrə ayda bir dəfə verilən 3 kilo şəkər tozundan, 3 kilo kərə yağından, 3 kilo düyü, 1 kiloqram vermeşil və ya makaron, 1 kiloqram qarabaşaq, 100 qram duz, 100 qram çay, 3,5 kilo mal əti, 15 ədəd yumurta, 1 kilo pomidor, 1 kilo badımcan, 5 kilo qarpız, 1 kilo 250 qram yemiş verilir.

Bundan başqa, xəstələr üç aydan bir 3 paltar və 3 əl-üz sabunu, 2 qutu yuyucu toz və 1 ədəd elektrik lampası verilir.

Xəstələrin dünyasını dəyişdikdən sonra cəsədinin hansı qaydada dəfn olunmasına gəlincə, yaxınlarının əlaqə nömrəsi olanlara xəbər çatdırılır, gəlib aparırlar. Sahibi olmayanlar isə kimsəsizlər qəbiristanlığında dəfn edilir.

Qeyd edək ki, cüzamlılar ölümündən sonra təhlükə doğurmadığı üçün taun xəstələri kimi onların cəsədi yandırılmır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR