Kovboyları xumarlandıran Füzuli şərabı - ARAŞDIRMA (FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Kovboyları xumarlandıran Füzuli şərabı - ARAŞDIRMA (FOTOLAR)

Əhalisinin əməksevərliyi, zəhmətkeşliyi ilə seçilən rayon. Onlar özləri də təvazökarlıq etməyib bu xüsusiyyətlərinə görə fərqləndiklərini deyirlər.

Zəhmətkeş olduqlarına görə ərazilərinin əkinə yararlı torpaqları işğal altında olsa da, ildən-ilə məhsuldarlığı artırırlar.

Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Füzuli kəsirini araşdırıb.

Çinarlarla zəngin rayon

Ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən işğal olunub.

Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri 250 sm, hündürlüyü 25 m, yaşı 500 il və diametri 450 sm, hündürlüyü 25 m, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində diametri 100 sm, hündürlüyü 20 m, yaşı 200 il olan 1, Seyidəhmədli kəndinin “İbə piri” adlanan sahəsində diametri 520 sm, hündürlüyü 30 m, yaşı 1400 il və diametri 250 sm, hündürlüyü 25 m, yaşı 550 il olan 2, Mandılı kəndində diametri 180 sm, hündürlüyü 45 m, yaşı 400 il 1 və diametri 150 sm, hündürlüyü 40 m, yaşı 300 il olan 5 ədəd Şərq çinarları təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min m3olan Quruçay qum-çınqıl qarışığı yataqları var idi.

1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, təbaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.

İqtisadiyyatı

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. İşğala qədər rayonda 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı, 11 üzüm emalı müəssisəsi vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi, 50.9 min ha otlaq sahələri vardı. Suvarılan torpaqlar 24 min hektar idi. İşğaldan əvvəl təsərrüfatında 17.6 min baş qaramal, 70 min baş qoyun və keçi saxlanılırdı. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyta təşkilatı, 13 sənaye müəssisəsi fəaliyyət göstərirdi.

İşğal altında olan rayonların bütün sənaye məhsullarının 40%-ə qədəri və yaradılmış əsas fondların 18,7 %-i bu vilayətin və sənaye məhsulunun 5%-i, əsas fondların isə 41%-i Füzuli və Ağdam rayonlarının payına düşürdü. Sənaye və tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati rayonları (sənaye məhsulunun 51%-i, əsaslı fondların 41%-i), yerdə qalan 5 inzibati rayonda - Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanda sənaye xeyli zəif inkişaf etmişdi.


1994-cü ilə qədər olan hesablamalara görə, rayonun işğalı nəticəsində yaşayış məntəqələrinə 1.928.656.552 min dollar, sənaye obyektlərinə 45.875000 min, kənd təsərrüfatı obyektlərinə 117 810 349 min, rabitə obyektlərinə 1 942 690 min, sənaye müəssisələrinə 7 496 000min, tədris müəssisələrinə 1385 962 min, avtomobil yollarına 2763 181 min, dəmir yollarına 390000 min, körpülərə 1 815 970min, magistral su xətlərinə 19 890 000 min, magistral qaz xətlərinə 2 586 666 min ziyan dəyib. Ümumilikdə işğal nəticəsində Füzuli rayonuna 4.742.936.050 (dörd milyard yeddi yüz qırx iki milyon doqquz yüz otuz altı min əlli) dollar ziyan dəyib.

11 üzüm istehsalı zavodu xaricilərin diqqətində

Füzuli rayon statistika idarəsinin rəisi Rafiq Məstəliyevin sözlərinə görə, rayonda kənd təsərrüfatı və onların emal müəssisələri inkişaf etmişdi, daş karxanaları, beton zavodu olub. Sənaye isə güclü inkişaf etməməmişdi:

“Pambıq istehsalı zavodunda 240-a yaxın insan çalışırdı. 11 üzüm emalı zavodunun hər birində orta hesabla 200-ə yaxın insan çalışırdı. Bu müəssisələrdə əsasən çaxır istehsal edilirdi. Bundan başqa, üzümdən karamel istehsalı üçün lazım olan məhsul istehsal edilirdi ki, həmin dövrdə Meksikadan nümayəndələr həmin məhsulu almaq üçün Füzuliyə gəlirdilər. Şərablar da əsasən idxal edilirdi. Toxuculuq, tikiş kombinatlarının perspektivləri böyük idi.

Amma istehsal müəssisələrində nə qədər gəlir əldə edilməsi barədə dəqiq rəqəm demək olmur. Rayonun turizm imkanları Şuşa, Kəlbəcər kimi inkişaf etməmişdi. Əlbəttə, Bakıdan və digər rayonlardan istirahət üçün gəlirdilər. Amma sanatoriya olmadığına görə, onlar fərdi evlərdə qalırdılar”.

R.Məstəliyevin sözlərinə görə, dəmiryolu xətti rayon ərazisindən keçdiyindən Qarabağın digər rayonlarına məhsullar buradan paylanırdı. 80-ci illərdən əvvəl taxılçılıq, heyvandarlıq daha çox inkişaf etmişdi.

“İşğaldan əvvəl sənaye müəssisələrinə diqqət artırılmışdı, geofiziki cihaz zavodu yaradılmışdı, neft məhsulları istehsalı müəssisələrin yaradılması planlaşdırılırdı. Indi işğaldan azad edilən bölgələrdə taxılçılıq və heyvandarlıq inkişaf edib. 50 min hektara yaxın əkinə yararlı torpaqlar işğal altındadır. Ötən il hər hektardan 28.5 sentner taxıl götürüldü”.

İnsanlara imkan yaradılmamışdı

1973-cü ildən rayon qəzetində çalışan və hazırda redaktor olan Məcnun Nazməmmədov isə diqqəti daha çox rayon əhalisinin zəhmətkeşliyinə yönəldir. Onun sözlərinə görə, planlı təsərrüfat olmasaydı və imkan yaradılsaydı, rayon sakinləri daha çox məhsuldarlıq əldə edərdilər. M.Nazməmmədovun sözlərinə görə, mübaliğəsiz deyə bilərik ki, bu gün Bakıda satılan tərəvəz məhsullarının əksəriyyəti Füzulidən olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayonlarda istehsal edirlər:

“Füzuli rayonu yarandığı gündən aqrar rayon olub və bu gün də elədir. 1980-cı ildən sonra rayon əhalisinin əsas gəlir sahələri üzümçülük, əkinçilik və heyvandarlıq olub. Hər il 115-120 min ton üzüm istehsal olunub. Bu məhsullar şərab istehsalı zavoduna verilib və orada hazırlanan məhsullar SSRİ ərazisində satılıb. Şamaxı və Cəlilabaddan sonra Füzuli ən məhsuldar üzümçülük rayonu idi.

Hər ildə 25-30 ton arası taxıl istehsal edilib. Bundan başqa, rayonda pambıqtəmizləmə zavodu fəaliyyət göstərirdi. Yun çeşidləmə, barama istehsalı ilə məşğul olan müəssisələri, cihazqayırma zavodu fəaliyyət göstərirdi və hazırda bu obyektlər işğal altındadır. Orta aylıq əmək haqqı 120-130 manat idi ki, bu da həmin dövrdə əhalinin yaşayışına uyğun hesab edilirdi. Ümumilikdə, rayonda sənaye məhsullarında 15-20 milyon gəlir əldə edilirdi. Həmin dövrdə digər rayonlarla müqayisədə füzulililər yaxşı yaşayırdılar.

Füzulililər hər zaman əməksevərliyinə görə seçiliblər. İndi də azad edilmiş kəndlərdə yaşayanlar ənənəni davam etdirirlər. Hazırda ildə 110-120 ton taxıl istehsal edilir, bu da SSRİ dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur. Heyvandarlıq sahəsində də vəziyyət eynidir. Üstəlik nəzərə alsaq ki, əkinçilik və heyvandarlıq üçün yararlı olan torpaqların əksəriyyət işğal altındadır”.

M.Nazməmmədovun sözlərinə görə, Sovet dövründə əhalinin istehsal etdikləri məhsullardan lazımı gəlir əldə edə bilməməsinin əsas səbəbi təsərrüfat sahələrinin dövlət nəzarətində olması idi. Özəl sektor inkişaf etsəydi, insanlar daha yaxşı yaşayırdı. Ona görə də, qabiliyyəti, bacarığı olan insanların qarşısı kəsilmişdi, indi isə bütün imkanlar yaradılıb.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kəndinin sakinləri 2011-ci ildə 88.1 milyon manatlıq məhsul istehsal ediblər. Xidmətlərin 50 faizini kənd təsərrüfatı sahələri, 25 faizini sənaye sahələri 25 faizi xidmət sahəsi təşkil edir. Füzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostançılıq – tərəvəzçilik aparıcı rol oynayır. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıq, şəkər çuğunduru, üzüm və meyvə istehsal edilir. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 70% - i təşkil edir.

Füzuli rayon təsərrüfatlarında 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 30831 baş iri buynuzlu mal-qara, o cümlədən 14823 baş inək camış, 109189 baş qoyun və keçi mövcud olub.

İşğal altında olan kəndlərdə məhsuldarlığın daha yüksək olduğunu nəzərə alsaq, bu rəqəmlərin neçə dəfə çox olacağını təxmin edə bilərik. Bununla da hər il ermənilərin yalnız bir rayonun işğalı ilə büdcəmizə milyonlarla ziyan vurduğunu deyə bilərik.

Ekologiyaya vurulan zərərin miqdarı isə faktlarla sübut edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağaclar bütünlüklə qırılması, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilməsi, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılması, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılması müəyyən edilib.

Yalnız 2008-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan və Horadiz kəndlərində ermənilər tərəfindən törədilən yanğınlar zamanı 120 hektar sahədə bitki örtüyü və torpağın üst münbit qatı tamamilə yanıb, atmosferə xeyli miqdarda zərərli maddələr atılmış və ərazidəki fauna növləri yanaraq məhv olunub. Belə ki, mütəxəssislərin hesablamalarına görə təbii otlaq sahələrinin və torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 13200, atmosfer havasına 318 manat ziyan dəyib.

Ümumilikdə, Füzuli rayonunda törədilmiş yanğınlar nəticəsində ətraf mühitə 13518 manat ziyan dəydiyi müəyyən edilib.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm