• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Metropoliten: Dilənçilərin girişinə qadağa qoyulub

Metropoliten: Dilənçilərin girişinə qadağa qoyulub

Son zamanlar Bakı Metropolitenində dilənçilərin sayının artması paytaxt sakinlərini narahat edən əsas məsələlərdən biridir. İş hətta o yerə çatıb ki, dilənçi uşaqlar metro stansiyalarına, qatarlara daxil olaraq sərnişinlərin ayaqlarından yapışaraq onlardan pul tələb edirlər.

Ötən gün baş verən hadisə isə buna əyani sübutdur. Belə ki, qatara daxil olan azyaşlı dilənçi sərnişinin ayağından yapışaraq ondan pul tələb edib. Sərnişin isə öz növbəsində onu uzaqlaşdırmaq üçün polis çağıracağını bildirsə də, dilənçi onu rahat buraxmaq əvəzinə cavabında bu sözləri deyir: “Sən niyə çağırırsan ki, istəyirsən, özüm çağırım elə”...

Mənzərənin bu həddə çatması Bakı Metropolitenində vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Bu zaman isə ortaya belə bir sual çıxır: Metro stansiyalarının giriş və çıxışı polis əməkdaşları tərəfindən nəzarətə götürüldüyü halda, bu dilənçilər necə və hansı yollarla qatarlara daxil olub, sərnişinlərin rahatçılığını poza bilirlər?

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, polis əməkdaşları tərəfindən Bakı Metropoliteni tam olaraq nəzarətə götürülüb və hazırda dilənçilərin metroya girişinə qadağa qoyulub:

“Polis əməkdaşları tərəfindən Bakı metropoliteni tam olaraq nəzarət altında saxlanılır. Dilənçilərin metro stansiyalara və qatarlara daxil olması tam olaraq yasaqlanıb. Bundan əlavə, biz veb-kameralar vasitəsi ilə də hər gün bütün stansiyaları və hətta qatarları da nəzarətdə saxlayırıq. Mətbuatda yayılan o şəklə gəlincə isə, qeyd edim ki, həmin şəklin çəkilmə tarixi dəqiq məlum deyil. Bundan əlavə, təsadüfən hər hansı dilənçi polislərin nəzərindən yayınıb metroya daxil ola bilər. Bu hal da aşkarlanan kimi həmin dilənçi dərhal metrodan uzaqlaşdırılır”.

Bakı Metropoliteni mühafizə polisinin adını açıqlamaqdan boyun qaçıran əməkdaşı isə vəziyyətin tam olaraq nəzarətə götürüldüyünü bildirib:

“Vəziyyət tam olaraq nəzarətdədir. Metro stansiyalarına dilənçilərin və səyyar satıcıların girişinə qadağa qoyulub. Ötən gün mətbuatda yayılan xəbərə gəlincə isə qeyd etmək istəyirəm ki, həmin xəbər sosial şəbəkələrdə dolaşan bir şəkil əsasında formalaşıb. O şəkil isə yeni bir şəkil deyil. Bir neçə ay bundan əvvəl çəkilən şəkli kimsə götürüb sosial şəbəkələrdə paylaşıb, saytlar da həmin şəkildən xəbər düzəldiblər. Hər şey bizim nəzarətimiz altındadır, artıq metro stansiyalarına, qatarlara dilənçi buraxılmır”.

Hikmət Kərimoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR