• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bacımın əri mənə təcavüz etdi” - HƏYAT HEKAYƏTİ

“Bacımın əri mənə təcavüz etdi” - HƏYAT HEKAYƏTİ

“Qonşuluqdakı qız işləmək üçün Türkiyəyə apardı, sonra da…”, “Bacımın əri mənə təcavüz etdi”, “Dayımın acığına fahişə oldum”.

Onlar yaxınlarının, tanışlarının niyyətinin qurbanı olmuş qadınlardır. Problemlərdən xilas yolu axtararkən, özləri yad yerdə, yad yataqda tapıblar. Oyandıqda geri qayıtmaq üçün artıq gec olub.

Onların səhvi inanmaq olub. Başqaları da bu səhvi etməsin, çətin gündə doğru yol tapsın və digər ailələrə dərs olsun deyə dərdlərini bizə danışdılar.

Publika.az-ın “Qırmızı xətt” layihəsində şərti ad verdiyimiz insan alveri qurbanı olmuş qadınların hekayələrini təqdim edirik.

Uşaq evindən başlanan həyat

Lalənin başına gələn müsibətlər atasını itirəndən sonra baş verib. Atasını itirəndən sonra anası çoxuşaqlı ailəni dolandıra bilməyib. Ona görə də onu uşaq evinə verib. Uşaq evinə gələndən bir müddət sonra övladlığa götürülüb. İki yaşında övladlığa götürüldüyündən anasını sonralar görməyib və tanımır.

Onu övladlıq götürənlərin doğma ata-anadan fərqli davranmadığını deyir:

“Ona görə də onları doğma valideynim kimi tanımışam. Övladlığa götürüldüyüm ailə mənə çox yaxşı baxıb. Məktəbdə hər zaman yaxşı oxumuşam. Həyatda ən çox güvəndiyim isə atam olub. Düzdür, böyüdükdən sonra dogma ailəm olmadığını demişdilər, amma onları çox istəyirdim, öz atam-anam barədə düşünmürdüm. Onuncu sinifdə oxuyanda o, rəhmətə getdi. Demək olar ki, ondan sonra həyatım tamam dəyişdi. Anamın qardaşları onun beynini doldururdular ki, “Neynəyirsən bu qızı, qov evdən. Bütün var-dövlətin kim olduğunu bilmədiyin birinə qalacaq”. Onların əsas məqsədi məni ailədən uzaqlaşdırmaq, anam öləndən sonra hər şeyə sahib olmaq idi. Təkcə anamın beynini doldurmur, həmçinin mənə də təzyiqlər edirdilər. Məni incidirdilər, hər şeyə qarışır, övladlıq olduğumu başıma vururdular. Axırda bu əzablara dözə bilməyib evdən qaçdım. Bir müddət rəfiqələrimin evində qaldım, amma bu cür də çox yaşaya bilməzdim. Ona görə də qərar verdim ki, işləyim, özümə kirayə ev tutum, yaşayım. Evdən götürdüyüm pulla ev kirayələdim, həm də iş axtarırdım. Kirayə qaldığım evin qonşuluğundakı qızla münasibətim yaxşı idi, həmyaşıd olduğumuzdan dərdimi onunla bölüşürdüm.

Ona demişdim ki, əgər yaxşı iş tapsa, mənə də xəbər versin. Bir gün mən onlarda olanda qızın xalası qonaq gəldi. O, Türkiyəyə gedib orada alver etdiyini, yaxşı pul qazandığını dedi. Iş barəsində xeyli söhbət etdik, sonra mən də pula ehtiyacım olduğunu və başıma gələn hadisələri ona da danışdım. O dedi ki, əgər istəsəm, məni də özü ilə Türkiyədə ticarətlə məşğul olmağa aparar. Orada yaxşı pul qazanacağıma inandırdı. Yeganə çıxış yolunu bu işdə gördüyümdən onunla razılaşdım”.

Qadın Lalənin şəxsiyyət vəsiqəsini alıb, sənəd işlərini bir həftəyə həll edəcəyinə söz verir.

“Bir həftə keçmədi ki, o, artıq getməli olduğumuzu dedi, söz verdiyi kimi, bütün sənəd işlərini həll etmişdi. Naxçıvan, oradan da Türkiyəyə getdik. Lakin ora çatan kimi iş məsələsinin yalan olduğunu, ora gəlişimizin əsl məqsədini dedi. O, məni sataraq, pul qazanmaq istəyirdi. Çox etiraz etdim ki, axı biz bura ticarət üçün gəlmişik, vədinə əməl etməsən, geri qayıdacam. O isə pasportumu əlimdən aldı, əgər onun dediklərinə əməl etməsəm, məni polisə verəcəyi ilə təhdid etdi. Mən də məcbur olub dediklərinə boyun əydim. Aylarla onun əmrinə tabe oldum, sonra isə çətinliklə oradan xilas oldum”.

Bacım mənə inanmadı

Arzu həyatının məhv olmasında əsas səbəbkarın bacısı olduğunu deyir. Onlar iki bacı olublar. Atası vəfat edəndən sonra onlara anası baxıb. Hər ikisinə də ali təhsil verib, imkanları da yaxşı olub. Lakin o, institutda oxuyarkən, anasını da itirib.

“Bacım məndən böyük idi, o, artıq ali məktəbi bitirib ailə qurmuşdu. Mən isə hələ oxuyurdum. Lakin anamı da itirəndən sonra bacımdan başqa heç kimim qalmadı. Bacımın həyat yoldaşının məsləhəti ilə, valideynlərimdən qalma evi satıb onlarla yaşamağa başladım. Hər şey çox yaxşı idi, valideynlərimi itirsəm də, bacım və kürəkənimiz mənimlə çox yaxşı davranırdı. Bəzən kürəkənimizin yaxınlığından narahat olsam da, ağlıma heç nə gəlmirdi. Onu qardaş kimi görürdüm. Amma bir gün bacım evdə yox idi, ikimiz tək qalmışdıq. O, bundan istifadə edib, mənə təcavüz etdi.

Bu, çox dəhşətli idi, yaxın bildiyin insan başına belə bir oyun açsın və onunla bir evdə yaşamalı olasan. Amma məni qorxutmuşdu ki, kimə desən heç kim inanmayacaq, bacın səndən üz döndərəcək. Həyatda yeganə yaxınım bacım idi, onu da itirmək istəmirdim. Mənim heç kimə demədiyimi görüb, işlərimə həmişə müdaxilə edirdi. Sanki bacımla yox, mənimlə evli idi. Bir gün evə gec gələndə “hardasan niyə gec gəlirsən?” deyə mesaj yazmışdı. Bacım da bu mesajı telefonumda oxumuşdu. Məndən soruşanda hər şeyi danışmalı oldum. Ancaq günahı onda yox, məndə gördü, məni döydü, evdən qovdu. Artıq gedəsi yerim yox idi, günlərlə küçədə qaldım, sonda bu yola düşdüm”.

Əməliyyat pulu üçün Türkiyəyə getdim

“Onunku əvvəldən gətirməyib” ifadəsi növbəti qəhrəmanım Sevdanın yaşadıqlarını təsvir etmək üçün yerinə düşən bir ifadədir. O, dünyaya gələrkən ailəsinin imkanı olmadığına görə internata vermək istəyiblər. Əmisinin yoldaşı isə buna dözməyib, onu övladlığa götürüb. Təhsilimi internatda almışam, üçüncü sinifdə oxuyanda əmimgil ayrıldılar. Mən əmimin yoldaşının yanında qaldım, o, iki oğlu ilə məni saxladı. Dogma valideynlərim məndən imtina etsə də, yad biri mənə sahib çıxıb. Məktəbi bitirəndən sonra qonşuluqdakı bir oğlanı sevdim və ailə qurduq. Amma valideynləri məni qəbul etmək istəmirdilər. Valideynlərimin məni atdığını, əmimgilin ayrıldıqlarını bilirdilər və məni oğullarına layiq görmürdülər. Hər gün keçmişimi üzümə vururdular, qayınanamla aramızdakı münasibət həyat yoldaşıma da təsir edirdi. Övladımız da olmadığına görə ayrıldıq. Yenidən əmimin yoldaşının yanına qayıtdım. Təhsilim yox idi, bir kafedə ofisiant, qabyuyan işləyirdim. Gündə 5-10 manat ancaq qazanırdıq. Bir gün kafenin sahibəsinin qohumu Yaqut adlı bir xanım ora gəlmişdi. O, müalicə üçün tez-tez Türkiyəyə gedirdi. Mənə də təklif etdi ki, gedim Türkiyəyə, burada qazandığım puldan dəfələrlə çox qazana bilərəm. Əvvəl razılaşmadım, qazandığım pul çox az olsa da, ac qalmırdım. Lakin bir müddət sonra əmimin yoldaşı xəstələndi. Əməliyyat üçün çox pul lazım idi. Dediyim kimi, mən hər zaman əmimin yoldaşına borclu olmuşam, ona görə də onun sağalması üçün hər şeyə razı idim. Türkiyəyə getməyə də buna görə razı oldum. Çünki burada işləsəm, əməliyyat pulunu heç zaman toplaya bilməzdim. Yaqut mənim bütün sənədlərimi hazırlayacağını dedi. Bunun üçün də ona 400 manat borclu oldum. Amma düşünürdüm ki, Türkiyədə işləyib tez bir zamanda borcumu da qaytaracam, əməliyyat pulunu da toplayacam. Türkiyəyə gedəndə borcumun 500 dollar olduğunu dedi. Əlbəttə, bütün insan alveri qurbanları kimi mən də yalnız orada hər şeyi anladım. Təkcə cinsi istismara məruz qalmırdım, gündəlik təmizlik işlərini də görürdüm. Yaquta etiraz edib, mənə başqa iş vəd etdiyini deyəndə, borcumu xatırladır, onu ödəmək üçün işləməli olduğumu deyirdi. Bir gün məni başqa bir qadına 500 dollara satdı, əlbəttə, bunu hər şey olub bitəndən sonra anladım. Həmin qadın da ona 500 dollar borcum olduğunu deyərək məni istismar edirdi. Yaquta zəng vurub məni niyə satdığını soruşdum, o dedi ki, mən heç kimdən qorxmuram, hara şikayət edirsən et. Bir gün çətinliklə də olsa, o qadının əlindən qaçdım. Amma Türkiyəni tanımadığımdan başqa bir qadının əlinə düşdüm. Eyni müsibətləri təkrar yaşamalı oldum. Amma şükürlər olsun ki, oradan da qaça bildim. Lakin mənə verilən pulla sadəcə borcumu qaytardım, əmimin yoldaşını isə əməliyyat etdirə bilmədim”.

Dayımdan qısas aldığımı düşünürdüm

Leyla dayısından intiqam almaq üçün bu həyatı özü seçib. Amma bu seçimi etdiyinə çoxdan peşmandır.

“Atam öləndən sonra anamla tək qalmışdıq, ta ki dayım boşanana qədər. Sonra oğurluq etdiyinə görə həbs edilmişdi. Həbsdən çıxandan sonra yenə də bizimlə yaşadı. Dayımla münasibətim yaxşı idi, bütün dayılar kimi məni öpür, qucaqlayırdı. Atamı uşaq vaxtı itirdiyimə görə, dayımı özümə ata bilirdim. Lakin onun niyyəti fərqli imiş. Lakin bir dəfə anam rayona nənəmin yanına getdi, dərslərimə görə məni apara bilmədi. Evdə ancaq dayımla mən qalmışdım. Anam məni ona etibar edib getmişdi. Anam gedən günü dayım mənə təcavüz etdi. Mənim hələ onda 15 yaşım var idi. Bu barədə anama deməmək üçün məni qorxutdu. Uşaq idim, nə edəcəyimi bilmirdim. Amma anam evdə olmayanda dayım dəfələrlə mənə təcavüz etmişdi. Qorxduğuma görə heç kimə heç nə deyə bilmirdim. Məni geyiminə görə danlayır, evdən kənara çıxmağa qoymurdu. Hər kəsdə belə fikir yaranmışdı ki, o, məni qorumaq üçün edir. Amma anam evdə olmayanda yenə də mənə təcavüz edirdi. Axırda dözə bilməyib anama dayımla bir yerdə yaşamaq istəmədiyimi, onun hərəkətlərindən narahat olduğumu dedim. Anam məni döydü: “O, sənin dayındır, bu nə sözlərdi danışırsan? Sən onun balasısan”,- deyə məni danladı. Artıq anamın məni döyməsindən, dayımın davranışlarından bezib evi tərk etdim. Ona qarşı işimdə elə böyük nifrət var idi ki, ona görə də nə yolla olursa-olsun ondan intiqam almağa çalışırdım. Amma həmin intiqam hissi mənim həyatımı məhv etdi. Onun acığına bu yola düşdüm. Sonra başqaları ilə yaşadıqlarımı dayıma danışırdım. Bununla da ondan intiqam aldığımı düşünürdüm. Artıq mənim üçün həyat mənasız idi. Bəlkə də, bir çoxlarına görə bu yanlış seçim, səhv qərardı, amma o vaxtlar başqa heç nə düşünmürdüm. Bilirdim ki, heç vaxt normal həyatım olmayacaq. İndi o həyatdan ayrılmışam, amma keçmiş insanın beynindən silinmir. Bilirəm ki, heç vaxt ailəm olmayacaq, ömrümü tək keçirəcəm, həyatımın məhv olmasında, yaşadıqlarımda səbəbkar ancaq dayımdır”.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR