Azərbaycanda uzunmüddətli məşğulluq konsepsiyası hazırlanır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda uzunmüddətli məşğulluq konsepsiyası hazırlanır

Azərbaycanda 2016-2025-ci illəri əhatə edəcək məşğulluq konsepsiyasının hazırlanması üçün işlərə başlanılıb. Konsepsiyada nəzərdə tutulacaq prioritet istiqamətlər də artiq məlumdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat institutunun əməkdaşları ilə görüşdə bildirib ki, respublika hökumətinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən əhalinin sürətli artımına uyğun olaraq, yeni iş yerlərinin açılması prosesinin daimiliyinin təmin olunması, iş yerləri yaradılacaq sahələrin, bununla bağlı investisiya istiqamətlərinin müəyyən edilməsi üçün Azərbaycanda uzunmüddətli məşğulluq konsepsiyasının hazırlanması barədə tapşırıq verdiyini nəzərə çatdırıb:

"Hazırlanacaq konsepsiya yeni iş yerlərinin yaradılması və əhalinin səmərəli məşğulluğunun təminatı, işsizliyin azaldılması sahəsində növbəti ciddi irəliləyişləri şərtləndirəcək".

Tapşırığın icrası ilə bağlı müvafiq işlərə başlandığını bildirən S.Müslümov 2016-2025-ci illəri əhatə edəcək konsepsiyanın hazırlanması üçün nəzərdə tutulan prioritet istiqamətlərdən bəhs edib: "Bunlar makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, yeni iqtisadi inkişaf mərhələsində məşğulluq siyasətinin, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, rəqabətə davamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılmasıdır. Həmçinin işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişafı və s. diqqətdə saxlanacaq".

Nazir konsepsiyanın hazırlanmasında yerli mütəxəssislərin iştirak etməsinin vacibliyini önə çəkərək, AMEA-nın İqtisadiyyat institutu ilə bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib.

Daha sonra AMEA-nın İqtisadiyyat institutun direktoru Nazim İmanov konsepsiyanın hazırlanmasında yaxından iştirak etmək niyyətində olduqlarını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm