• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanda yol qəzasında ölən tanınmışlar - SİYAHI

Azərbaycanda yol qəzasında ölən tanınmışlar - SİYAHI

Hər il ölkəmizdə xeyli sayda yol qəzası baş verir ki, nəticədə, yüzlərlə insan dünyasını dəyişir. Elə bu ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 512 nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə yol qəzalarında dünyasını dəyişənlər arasında sadə vətəndaşlarla yanaşı, tanınmış şəxslər və onların övladları da az deyil. Bunların arasında sənət adamları, deputat, idmançı, alim, diplomat, partizan, DİN-nin yüksək rütbəli əməkdaşları və digərlərini göstərmək olar.

Teleqraf.com ötən əsrin 90-ci illərindən indiyə qədər yol qəzalarında həlak olan tanınmışların bəziləri haqqında topladığı məlumatları oxuculara təqdim edir.

Tənqidçi Aydın Məmmədov

Yol qəzası nəticəsində həyatını itirən şəxsiyyətlərdən biri dilçi, türkoloq, tənqidçi Aydın Məmmədovdur. O, bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr edib. Bədii Tərcümə Mərkəzinin rəhbəri olub. Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq Hərəkatının ön sıralarında dayanıb. Xalqın sevgisini qazanan A.Məmmədov millət vəkili olub. Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri işləyib. 1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olub.

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucusu Dilarə Əliyeva

Ədəbiyyatşünas, tərcüməçi, 1960 cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərakatının fəal iştirakçısı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı Dilarə Əliyeva da yol qəzası zamanı faciəli şəkildə ölüb. O, 1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq hərəkatının fəal iştirakçısı, AXC İdarə Heyətinin üzvü idi. D.Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olub. Hal-hazırda insan hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik onun adını daşıyır. O, Aydın Məmmədovla birgə müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olub.

Diplomat Cavanşir Vəkilov

Azərbaycanın tanınmış diplomatı Cavanşir Vəkilov 62 yaşında düşdüyü ağır yol qəzasında faciəli şəkildə ölüb. 1951-ci ildən Bakı şəhərində anadan olan C.Vəkilov 2004-cü il oktyabr ayının 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil edib və orada 2005-ci il mart ayının 7-dək (qeyri-rəsmi aprel ayının əvvəllərinə qədər) ilk Baş Konsul vəzifəsini icra edib. C.Vəkilov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı, Dövlət İdarəçilik Akademiyasının müəllimi olub. Həmçinin Cavanşir Vəkilov görkəmli şair Səməd Vurğunun nəslindədir, onun qardaşı oğludur.

Hüquqşünas Akif Əzizov

Tanınmış hüquqşünas Akif Əzizovda yol qəzasının qurbanıdır. A.Əzizovun oğlunun idarə etdiyi “Land Cruiser” markalı avtomobil Buzovna qəsəbəsində “ZİL” markalı yük maşını ilə toqquşub. Elə bu qəzada A.Əzizov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Onun qardaşı Həmid Əzizov isə Salyan Rayon Məhkəməsinin sədridir.

Aşıq İslam Rzaoğlu

Şirvan aşıq sənətinin tanınmış simalarında olan Aşıq İslam Rzaoğlu avtomobil qəzasında dünyasını dəyişib. Bakıda keçirilən məclislərin birindən çıxan aşıq Qobustan qəsəbəsində yaşadığı evə gedərkən “Mersedes” markalı avtomobili yol kənarındakı dirəklərə vurub. O hadisə vaxtı maşında tək olub. Qəzaya səbəb kimi aşığın yorğun olması və sükan arxasında yuxulaması göstərilir. O, Şirvanın məşhur aşıqlarında olan Aşıq Rza Qobustanlının oğludur. Aşıq İslam bir çox müsabiqələrin qalibi olması ilə yanaşı, dövlət əhəmiyyətli tədbirlərin əsas aşıq iştirakçısı idi.

Alim Samir Pişnamazzadə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin direktor müavini Samir Pişnamazzadə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Hadisə elm xadiminin evinin qarşısında, İsmət Qayıbov küçəsində baş verib. Gəncə Regional Elmi Mərkəzinin direktor müavini S.Pişnamazzadə avtomobil tərəfindən vurulduqdan sonra ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.

Fəxri jurnalist Akif Quliyev

Tanınmış jurnalist Bakı şəhərində baş verən yol qəzasında dünyasını dəyişib. 75 yaşında yol qəzasında həyatını itirən Akif Quliyev Azərbaycanın fəxri jurnalisti, prezident təqaüdçüsü olub. Uzun illər Azərbaycan Milli Nəşriyyatında çalışıb. Oxucular onu Akif Aslan kimi tanıyırdı.

50 il mətbuatda çalışan mərhum jurnalist, əmək fəaliyyətinin son 48 ilini uşaq mətbuatında, dövlət tərəfindən himayə olunan və maliyyələşdirilən, 73 illik tarixi olan "Savalan" qəzetində (keçmiş "Azərbaycan pioneri") davam etdirib. O, Azərbaycan uşaq mətbuatı tarixində yeganə şəxsdir ki, yarım əsrə yaxın müddət ərzində bu sahədə fəaliyyətini davam etdirib. 2005-ci ildə milli mətbuatımızın böyük təntənə ilə qeyd olunan 130 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Tanınmış reper Hüseyn Dərya

Hamının Hüseyn Dərya kimi tanıdığı tanınmış reper Hüseyn Muradov da avtomobil qəzasında həyata əlvida dedi. O, Bakının Xəzər rayonu ərazisində idarə etdiyi “Opel Astra” markalı minik avtomobili ilə qəza törətmişdi. Qəzadan sonra xəstəxanaya yerləşdirilən reper bir gün sonra orada vəfat etdi. O, ilk dəfə meyxana ilə muğamı sintez etmişdi. Həmçinin könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb və Qarabağ müharibəsində vuruşmuşdu.

Deputat Məmməd Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Məmməd Məmmədov yol qəzasında dünyasını dəyişib. Belə ki, Deputat M. Məmmədov, onun həyat yoldaşı və atası Yarəli Məmmədovun olduğu “Mercedes” markalı avtomobil Naxçıvan şəhərində qəzaya uğrayıb. Bu qəza nəticəsində M. Məmmədov və atası dünyasını dəyişib. Deputat “Şərq Qapısı” qəzetinin baş redaktoru, “Azərbaycan” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri olub. O həmdə Azərbaycanın “Əməkdar jurnalist”i idi.


Deputat Hikmət Atayev

Yol qəzasında həyatını itirən daha bir deputat isə Hikmət Atayevdir. Gürcüstandan Balakən istiqamətində hərəkət edən Milli Məclisin üzvü H.Atayevin idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə H. Atayev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Mərhum deputat Gürcüstandan gəlirmiş və avtomobildə onunla bir yerdə oğlu da olub. Lakin qəzada onun oğlu elə ciddi xəsarət almayıb. H.Atayev 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Rəis müavini Mais Əhmədov

Xətai rayonunda “Mercedes” markalı minik avtomobili və yük avtomobilinin toqquşması nəticəsində rəis müavini ölüb. Bu qəza nəticəsində dünyasını dəyişən şəxs Daxili İşlər Nazirliyinin Metropolitendə Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Mais Əhmədov olub.

Generalın yeganə övladı

Fəxri Emin oğlu Şəkinski idarə etdiyi “Mercedes-S klas” markalı avtomobili yol kənarındakı dirəyə çırpmaqla qəza törədib. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. O, Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinskinin oğlu idi. 22 yaşında dünyasını dəyişən Fəxri Şəkinski E. Şəkinskinin yeganə övladı olub.

Daxili işlər nazirinin qardaşı

Naxçıvan MR-nın daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Abbas Əhmədovda yol qəzasının qurbanı olub. O, Naxçıvan MR-nın Püsyan kəndi yaxınlığında avtomobilin aşması nəticəsində vəfat etmişdi.

Meyxanaçı Nizami Rəmzi

Tanınmış meyxana ustası və bu sənətin yaradıcılarından sayılan Nizami Rəmzi də yol qəzasının qurbanıdır. Rəhmətlik şair dostu, meyxana ustası Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. N.Rəmzi meyxanaçılar arasında ilk dəfə kinofilmə (“Qəzəlxan”) və sənədli filmə ("Göy qurşağı”) çəkilib. Xarici ölkələrə də meyxananı ilk dəfə məhz o çıxarıb. O, Türkiyə, Rusiya, Almaniya, İran, Gürcüstan, Özbəkistan və digər ölkələrdə meyxana deyib.

Partizan Əhmədiyyə Cəbrayılov

Tanınmış partizan Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olub. Belə ki, yük maşını telefon budkasına çırpılır, həmin an Əhmədiyyə budkanın içində olur və dünya şöhrətli partizan faciəvi şəkildə ölür. O, Oxud kənd qəbristanlığında dəfn edilir. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları ilə, o cümlədən “Fəxri Legion” ordeni ilə təltif olunub.

Dünya çempionu Ruslan Vəlizadə

Muay-tay və uşu sanda üzrə dəfələrlə respublika çempionu, dünya çempionatının mükafatçısı olmuş Ruslan Vəlizadə də ömrünü yolda bitirib. “MAZ” markalı yük maşını yolun kənarında dayanan “BMW” markalı minik avtomobilini vurub. Bu zaman sərnişin kimi minik avtomobilinə əyləşmək istəyən 1994-cü il təvəllüdlü R.Vəlizadə ağır xəsarət alıb. Xəstəxanaya aparılan idmançı orada ölüb.

DİN-in polkovniki Elşən Həsənov

Daha bir polis polkovniki Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada həyatını itirib. Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisi, polis polkovniki Həsənov Elşən Ağahüseyn oğlu qəzadan sonra xəstəxanada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR