Firudin Cəlilov: “Prezidentə təşəkkür edirəm”
Bizi izləyin

Qırmızı.az

Firudin Cəlilov: “Prezidentə təşəkkür edirəm”

Suallarımıza sabiq təhsil naziri, istiqlalçı deputat, professor Firudin Cəlilov cavab verib. Xatırladaq ki, sabiq nazir səhhətində baş verən kəskin pisləşmə nəticəsində dövlət başçısının göstərişi ilə Ankaraya aparılıb və burada Bayandur Hospitalında ağır əməliyyat olunub. Firudin Cəlilov iki gün əvvəl Bakıya qayıdıb. Hazırda bərpa olunma prosesi keçirən sabiq nazir bizimlə söhbəti əsnasında səhhətində yaranan durumdan, keçirdiyi əməliyyatdan, onunla əlaqə saxlayan insanlardan, bundan sonrakı planlarından və yaradıcılıq işlərindən danışıb.

- Firudin müəllim, hazırda özünüzü necə hiss edirsiniz?

- İndi özümü nisbətən yaxşı hiss edirəm. Amma ağır əməliyyat keçirdiyim üçün bərpa prosesi asan olmayacaq. 10-15 gün kənddə qalmalıyam ki, əvvəlki vəziyyətim bərpa olunsun. Çox ağır əməliyyat keçirdim, şükür allaha ki, uğurlu alındı. Heç özüm belə gözləmirdim.

- Əməliyyat neçə saat davam edib?

- Mənə deyilənə görə, əməliyyatım beş-altı saat davam edib. Ancaq maraqlı budur ki, mən narkozdan ayılandan sonra tibbi personalı təmsil edən xanım deyirdi ki, elə hey danışırdınız, saatlarla sakit durmadınız. Mən də sual etdim ki, saatlarla nə danışmışam, danışdığımı yazardınız görərdik o dünyadan hansı xəbərlərlə gəlmişəm. Xanımda bildirdi ki, tarixdən, türkçülükdən danışırdınız.

- Firudin müəllim, Siz Ankarada müalicə və əməliyyat olunan zaman sosial şəbəkələrdə sizin fotoları yayırdılar. Kimlər gəlib Sizi ziyarət edib?

- Hər gün gəlib mənə baş çəkirdilər. Türkiyədə məni istəyənlər, hörmətlə yanaşanlar çoxdur. Təsəvvür edin ki, Trabzondan qaldığım xəstəxanaya gül dəsti göndərmişdilər, Konya və İstanbuldan çoxlu sayda insanlar gəlib mənə baş çəkirdilər. Ülkücü Ocaqları başqanları, millət vəkilləri, keçmişdə nazir işləyən insanlar ziyarətə gəlirdilər. Çox maraqlıdır ki, Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşları da yanıma gələrək mənə baş çəkdilər, səhhətimlə maraqlandılar. Şəxsi dostlarım, alimlər gəlirdi, yazdıqları yeni kitabları gətirirdilər. Hər halda darıxmağa qoymurdular. Mən buna görə, çox şadam. Hər birinə də əziyyət çəkdiklərinə görə, təşəkkürümü ifadə edirdim.

- Azərbaycandan gəlib baş çəkənlər olurdumu?

- Düzünü deyim ki, Bakıdan da gəlmək istəyənlər var idi. Ancaq mən kiminsə əziyyət çəkməsini istəmirdim. Deyirdim ki, narahat olmayın, özüm Bakıya gələcəyəm. Hər gün telefonuma zənglər gəlirdi. Əlbəttə, bu çox xoş hal idi. Siz özünüz də səhhətimin pisləşdiyini ən tez bilən şəxslərdən birisiniz. Siz də, başqa jurnalist dostlar da mənimlə əlaqə saxlayaraq bu məsələnin ictimailəşdirməsini istədiklərini bildirirdi. Amma mən bunu istəmirdim və siz də bilirsiniz ki, bunun lazım olmadığını dəfələrlə vurğulayırdım. Çünki istəmirdim ki, məsələ ictimailəşsin. Düşünürdüm ki, bu zaman mənim haqqımda xəbərlər ailə üzvlərimə pis təsir edə bilər. Oğlum Kiyevdə təhsil alır, bu xəbərləri oxusa pis vəziyyətə düşər və s. Ancaq mən bu məsələnin ictimailəşməsinin qarşısını bir müddət ala bildim, sonra məndən xəbərsiz qəzetlərimiz və internet portallarımız səs-küy qaldırdılar. Bunu sonradan bildim. Sosial şəbəkələrdə isə bu mövzunu hər gün müzakirə edirdilər. Mən onların hamısına dərin təşəkkürümü ifadə edirəm. Çox sağ olsunlar. Mən istəməsəm də, xalqımız göstərir ki, öz ziyalısı və alimi ilə ürəkdən maraqlanır, dayaq durur. Mənə olan şəfa diləkləri, dualar sözsüz ki, mənim üçün mənəvi dayaq idi. Onlara bir daha təşəkkür edirəm.

- Siz Türkiyədə indiyə qədər bir neçə dəfə əməliyyat olunmusunuz. Mən bilirəm ki, sonuncu dəfə ora getmək planlarınız olsa da, maliyyə problemi yaranmışdı. Bu problem hansı formatda həll edildi? -

Bir qrup deputat Prezidentə müraciət etdi, Prezidentin müşaviri Kamal Abdulla maraqlandı. Ondan sonra Prezident göstəriş verdi, məni “Gömrük Hospitalı”na gətirdilər, burada bir neçə günlük müayinə olundum, həkimlər xəstəliyimi dəqiqləşdirdilər və belə məsləhət oldu ki, mütləq Türkiyəyə aparılmalıyam. Çünki əvvəlki əməliyyatlar orada olmuşdu. Çox sağ olsunlar, mənim xərcimi hökumət boynuna götürdü. Prezidentə təşəkkür edirəm. Sizə deyim ki, keçən əməliyyatların birinin də xərcini Prezidentin göstərişi ilə hökumət çəkmişdi. -

Firudin müəllim, əməliyyatınız uğurlu oldu. Bəs, xəstəlik nə ilə bağlı idi və həkimlərin əməliyyatdan sonra məsləhəti nədən ibarət oldu?

- Məndə iki xəstəlik bir-birinə qarışmışdı. Həm ürək-damar problemindən əziyyət çəkirdim, həm də prostatda şiş əmələ gəlmişdi. Mən ikincidən daha çox ehtiyat edirdim. Amma Ankarada müayinədən sonra bəlli oldu ki, bu bizim elə də qorxduğumuz məsələ deyil. Başqa sözlə, şiş xoşxassəli çıxdı. Bu xəstəliyi də müalicə etdilər. Dedilər ki, müalicə altı ay davam etsin, əgər qüsur qalarsa, bu zaman yenidən əməliyyat keçirərək onu götürmək mümkün olacaq. Odur ki, bu məsələ ikinci plana keçdi. Məlum oldu ki, əsas məsələ ürək-damarda yaranan problemdir. Aortada yanaşı gedən iki damar arasında problem yaranıb. Hər iki damarda qan bir istiqamətdə getməli idi, amma damarlardan birində istiqamət dəyişib problemlər ortaya çıxarır. Bu ağır əməliyyat oldu. Beləcə damarları düzəltdilər, lazımsız şeyləri kəsib götürdülər. İndi yaxşıyam, bədənimdəki şişlər çəkilir, normallaşır. Həm də müayinə vaxtı beynimdə qara ləkələr əmələ gəldi. Mənə bildirdilər ki, iki dəfə insult keçirmişəm, amma bundan özümün xəbəri olmayıb. Əslində, həqiqətən də, bir müddət özümü həddən ziyadə pis hiss edirdim, təzyiqim heç aşağı düşmürdü. Ancaq bunun səbəbini bilmirdim. İndi bütün bunlar allaha şükür düzəlib. - Siz bundan sonra daha altı ay müddətində həkim nəzarətində olmalısınız? - Altı ay müalicəmi davam etdirməliyəm, amma hər üç aydan bir gedib müalicədən keçməliyəm. Ancaq inanın hazırda o qədər dava-dərman yazıblar ki, gündə azı 10 dənə dərman qəbul etməli oluram. Real vəziyyət bundan ibarətdir. Yəqin ki, üç aydan sonra gedib nəzarətdən keçəcəyəm. Hazırda mən bərpa olunma prosesi keçirirəm. Gedib kənddə 10-15 gün dincəlmək və özümə gəlmək istəyirəm. Sizə deyim ki, hazırda yeriyə bilmirəm, bütün günü yataqda uzanıram.

- Bundan sonra yaradıcılıq istiqamətində problem olmayacaqmı, həkimlər bu barədə nə deyirlər?

- Təbii ki, səhhətim yaradıcılıq məsələlərinə əngəl olur. Bir var sağlam olasan və oturub rahat işləyə biləsən, bir də var uzanılmış şəkildə, sistem altında dərman qəbul edərək işləyəsən. Bunlar fərqli şeylərdir. Ancaq bir məsələ də var ki, mən işlədikcə yüngülləşir və ağrıları unuduram. Həm də bu yeni məsələ deyil. Əslində mən 25 ildir ki, bu xəstəlikdən əziyyət çəkirəm.

- Deməli, yaradıcılıq istiqamətində fəaliyyətinizi davam etdirəcəksiniz?

- Təbii ki, davam etdirəcəyəm. Bu hər zaman belə olacaq.

- Səhhətinizdə ciddi problem olsa da, bəzən bir ildə bir neçə kitabınız çap olunur. Sizcə, qədərindən artıq işləmirsiniz?

- Ola bilsin ki, məndə problemlərin yaranmasında bu amil də rol oynayır. Ancaq bir məsələdə var ki, işləməsəm özümü daha çox pis və gərgin hiss edərəm. Əslində yaradıcılıqla həm də başımı qatıram. Səmimi deyim ki, ən böyük istəyim bu həyatda əlimdə olan işlərimi yekunlaşdırmaqdır. Mən dostlara da deyirdim ki, ölüm haqdır, ondan qaçmaq olmaz və qətiyyən ölümdən də qorxmuram. Amma əlimdə olan işlər yarımçıq olduğundan bir qədər ondan nigaranam. İstəyirəm heç olmasa onları bitirim. Odur ki, ağır da olsa yazılarımdan, ortaya yeni məsələlər qoymaqdan, xalqın tarixini yazmaqdan aldığım zövqü heç nəyə dəyişmərəm. Bu mənə xüsusi enerji və təpər verir.

- Hazırda hansı kitab üzərində işləyirsiniz?

- IX cildlik kitabımın üç cildi artıq çıxıb. Hazırda daha üç cildin redaktəsi ilə məşğulam. Ancaq təəssüflər olsun ki, son bir ayda bu işlərlə məşğul ola bilmirəm. Əslində daha üç cild hazırdır və son mərhələdədir. Onları da kitab şəklində tamamlayıb və sponsor taparaq çap etdirmək niyyətindəyəm. Bundan sonra qalacaq daha üç cild. Ümid edirəm ki, onu da hazırlayıb başa çatdıracağam. Bir sözlə, fəaliyyətimi davam etdirirəm. Yeri gəlmişkən, bundan savayı əlimdə başqa kitablar da var. “Alban tarixi” əsərim yarımçıq haldadır. Ayrıca bir kitabda hazırlayıram. İş həddən artıq çoxdur. Xəstəliklər olmasa, daha məhsuldar işləmək olar.

- Firudin müəllim, Sizə təşəkkür edir və şəfa diləyirik..

- Təşəkkür edirəm. Mən də bütün qələm əhlinə, dostlara, Avropada, Rusiyada, Güney Azərbaycandan mənə verilən dəstəyə görə minnətdarlığımı bildirirəm. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm