• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Aynur Camalqızı “Ali Media Mükafatı” aldı - FOTOLAR

Aynur Camalqızı “Ali Media Mükafatı” aldı - FOTOLAR

Bu gün axşam Bakıda Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş mərasim keçirilib.

Publika.az-ın məlumatına görə, hökumət və dövlət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdiyi tədbirə dövlət himninin səslənməsi ilə başlanılıb.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli son illər ölkəmizdə medianın inkişafı istiqamətində görülmüş işlərdən danışıb.

V.Səfərli milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqəyə 116 jurnalistin yazısı təqdim olunub. Bu jurnalistlər ümumilikdə 66 redaksiyanı əhatə edib.

Bu yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 30 jurnalistin müsabiqənin qalibi, 10-nun isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov mərasimdə çıxış edərək media nümayəndələrini milli mətbuatımızın yaranmasının 139-cu ildönümü münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Professor Əli Həsənov deyib ki, tarixə nəzər salsaq görərik ki, zəngin ənənələrə malik olan milli mətbuatımız mürəkkəb, lakin şərəfli inkişaf yolu keçib:

“Azərbaycan milli mətbuatı XlX əsrin II yarısında çar Rusiyasında cərəyan edən ictimai-siyasi, iqtisadi və mədəni proseslərin milli ucqarlara, o cümlədən Azərbaycana təsiri altında təşəkkül tapmağa başladı. Həmin dövrdə imperiyada həyata keçirilən liberal islahatlar Azərbaycanda milli burjuaziyanın formalaşmasına və maarifçilik hərəkatının inkişafına əlverişli zəmin yaratdı”.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, görkəmli ziyalı, maarifçi və publisist, böyük mütəfəkkir alim və naşir Həsən bəy Zərdabinin təşəbbüsü, fədakar əməyi və bilavasitə rəhbərliyi ilə ilk azərbaycandilli nəşrin – “Əkinçi” qəzetinin işıq üzü görməsi çox əlamətdar bir hadisə idi və həmin gün – 22 iyul 1875-ci il Azərbaycanda milli mətbuat günü hesab olunur.

Şöbə müdiri bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğununun mühüm tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını, demokratik, plüralist KİV-in formalaşdırılması və inkişafını, onun hüquqi-normativ bazasının yaradılmasını və iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas vəzifələri kimi müəyyən edib.

Ə.Həsənov diqqətə çatdırıb ki, 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonrakı dövrdə bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri sahəsində də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət və formalaşmış ənənələr, Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatlar konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilib.

Onun sözlərinə görə, ötən illərdə həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-lərin kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib.

Hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.

Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə müstəqil KİV-lərin inkişafın göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, mərasimdə "Ali Media Mükafatı" da sahiblərinə təqdim olunub. "Gündəlik Teleqraf" Media Holdinqinin rəhbəri Aynur Camalqızı da bu sırada mükafat alanlardan olub.

Müsabiqədə həmçinin “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Ruslan Xəlil qalib olub.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini İltimas Məmmədov təmsil etdiyi nazirlik adından Mətbuat Şurasının sədri Əflatun Amaşova və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə fəxri fərman təqdim edib.

Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolu qeyd edib.

Sonra Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı” sahiblərinə təqdim olunub.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR