• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanda jurnalistlər dövlət hesabına mənzillə təmin olunur

Azərbaycanda jurnalistlər dövlət hesabına mənzillə təmin olunur

"Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar".

ANS PRESS-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan milli mətbuatının 139-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib: "Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bir bina inşa edilib. 2013-cü il iyulun 22-də Azərbaycan Prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilmiş və tam təmirli mənzillər jurnalistlərə paylanıb. Elə həmin gün cənab Prezident KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoyub".

PA rəsmisinin sözlərinə görə, keçən illərdə həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-lərin kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib: "Hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir. Prezident İlham Əliyev daim medianın problemləri ilə maraqlanır, jurnalistlərlə görüşür, KİV-lərin hərtərəfli inkişafı üçün zəruri addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan mətbuat nümayəndələri cənab İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndərək, onu iki dəfə - 2010 və 2013-cü illərdə "Jurnalistlərin dostu" seçmişlər".

Ə.Həsənov qeyd edib ki, bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrilib: "Mövcud reallıqlar kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında da bir çox yeni vəzifələr qoyur. Prezident İlham Əliyevin öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan mediası müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində daha təsirli rol oynamalı, qlobal informasiya məkanının, müasir informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır. Eyni zamanda öz tarixi dəyərlərini, jurnalistikada "Əkinçi" ənənələrini yaşadaraq peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərini rəhbər tutmalıdır.

Bir daha bütün Azərbaycan jurnalistlərini milli mətbuatımızın 139-cu ildönümü münasibətilə təbrik edir, hər birinizə can sağlığı və yaradıcılıq uğurları arzulayıram".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR