• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

5 il ərzində KİV-ə Dəstək Fonduna 17 milyon manat ayrılıb

5 il ərzində KİV-ə Dəstək Fonduna 17 milyon manat ayrılıb

"Tarixə nəzər salsaq, görərik ki, zəngin ənənələrə malik olan milli mətbuatımız mürəkkəb, lakin şərəfli inkişaf yolu keçib".

ANS PRESS-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan milli mətbuatının 139-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib:

"Hörmətli jurnalistlər! Xanımlar və cənablar! Bu gün Azərbaycan milli mətbuatının 139-cu ildönümü tamam olur. Sizin hamınızı və bütün Azərbaycan jurnalistlərini bu münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan milli mətbuatı XlX əsrin II yarısında çar Rusiyasında cərəyan edən ictimai-siyasi, iqtisadi və mədəni proseslərin milli ucqarlara, o cümlədən Azərbaycana təsiri altında təşəkkül tapmağa başladı. Həmin dövrdə imperiyada həyata keçirilən liberal islahatlar Azərbaycanda milli burjuaziyanın formalaşmasına və maarifçilik hərəkatının inkişafına əlverişli zəmin yaratdı".

PA rəsmisi qeyd edib ki, Azərbaycan dilində ilk informasiya nümunələri XlX əsrin 30-40-cı illərinə təsadüf edir. Lakin 1832-ci ildə buraxılan "Tiflis əxbarı" və 1845-ci ildə fəaliyyətə başlayan "Qafqazın bu tərəfinin xəbərləri" adlanan nəşrlər ayrı-ayrı dövlət qurumlarının rəsmi bülletenləri idi və milli mətbuat nümunələri hesab edilmirdilər: "Qeyd edilməlidir ki, həmin dövrdə Cənubi Qafqazda 20-yə yaxın rus, 15 gürcü, o qədər də erməni dilində mətbuat-informasiya vasitəsi nəşr edilirdi. Çar Rusiyası sadəcə olaraq Azərbaycan dilində mətbuat orqanının yaradılmasına, Cənubi Qafqazın müsəlman əhalisinin savadlanmasına imkan vermirdi. Bu da həmin dövrdə rus imperiyasının həyata keçirdiyi dini və milli ayrı-seçkilik siyasətinin bariz nümunəsi idi. Odur ki, görkəmli ziyalı, maarifçi və publisist, böyük mütəfəkkir alim və naşir Həsən Bəy Zərdabinin təşəbbüsü, fədakar əməyi və bilavasitə rəhbərliyi ilə ilk azərbaycandilli nəşrin - "Əkinçi" qəzetinin işıq üzü görməsi çox əlamətdar bir hadisə idi və həmin gün - 22 iyul 1875-ci il Azərbaycanda milli mətbuat günü hesab olunur. Azərbaycanda milli mətbuat tarixini şərti olaraq 4 mərhələyə bölmək olar".

Onun sözlərinə görə, birinci mərhələyə 1875-1918-ci illəri aid edirlər: "22 iyul 1875-ci ildə "Əkinçi" qəzetinin ilk nömrəsinin çapı ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. İki ilə yaxın fəaliyyət göstərən "Əkinçi" Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Ələkbər Heydəri kimi açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiət elmlərinin inkişafı ilə bağlı materiallar dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmış, dini mövhumata, xurafata və cəhalətə qarşı fəaliyyət göstərmişlər. İlk növbədə özünün milli maarifçilik ideyası və xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ədəbi dilin formalaşması, obyektiv xəbərçilik və digər bu kimi yaradıcılıq prinsiplərini müəyyənləşdirərək, onları milli jurnalistika məktəbi səviyyəsində təbliğ etmişlər".

Ə.Həsənov deyib ki, XlX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində "Əkinçi" ənənələrini davam etdirən "Ziyayi-Qafqaziyyə", "Kaspi", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin" və digər milli Azərbaycan nəşrləri yaranmış, fəaliyyət göstərmiş və milli oyanış, milli özünüdərk prosesinin aparıcı nümunələri kimi şöhrət qazanmışlar: "Həmin dövrdə milli öndərlərimiz və aydınlarımızdan Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtılı, Abbas Səhhət, Məmməd Səid Ordubadi, Əli Nəzmi və digərləri millətin böyük maarifçilik tribunasına çevrilmiş milli mətbuatımızın səhifələrində xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına mühüm töhfələr vermiş, ən əsası Azərbaycan xalqının azadlıq arzularının gerçəkləşməsində böyük rol oynamışlar".

PA rəsmisi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-1920-ci illərdə Azərbaycan milli mətbuatı öz inkişafının ikinci mərhələsinə qədəm qoymuş, milli müstəqilliyin möhkəmləndirilməsi, milli dövlət, milli-mədəni quruculuq sahəsində AXC-nin fəaliyyətinin geniş kütlələrə çatdırılması və təbliğ olunması istiqamətində hərtərəfli fəaliyyət göstərmişdir: "Bu mərhələdə milli mətbuatın əsas missiyası müstəqil dövlətçiliyə və milli inkişafa xidmət üzərində qurulmuşdur. Həmin dövrdə demokratik prinsipləri, o cümlədən söz və mətbuat azadlığını təsbit edən rəsmi hüquqi sənədlər qəbul edilmiş, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyovların rəhbərliyi ilə "Azərbaycan" qəzeti fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu iki il ərzində "Açıq söz", "İstiqlal", "Azərbaycan", "Bəsirət", "İttihad", "Kaspi" qəzetləri, "Qurtuluş", "Əfkar", "Övraqi-nəfisə" jurnalları da daxil olmaqla ölkədə 129 qəzet və jurnal nəşr olunmuşdur. Həmin dövrün mətbuatı "Əkinçi" ənənələrini davam etdirməklə yanaşı, Əlimərdan Topçubaşov, Əhməd Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Nəsib Yusifbəyli, Əli Hüseynzadə, Məhəmməd Hadi, Abdulla Şaiq, Firudun Köçərli, Əbdürrəhim Haqverdiyev, Süleyman Sani Axundov və digər milli aydınlara, qabaqcıl ictimai-siyasi siyasi xadimlərə, mədəniyyət nümayəndələrinə, maarifçi qələm sahiblərinə geniş meydan verərək milli-müstəqillik, dünyəvi, demokratik cəmiyyət quruculuğu ideyalarının carçısı olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin dünyada tanıdılması işinə böyük töhfələr verib".

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan milli mətbuat tarixinin 1920-1991-ci illəri əhatə edən üçüncü mərhələsi Sovet hakimiyyəti illərinə təsadüf edir. Bu dövrdə mətbuat partiyalı mövqeyi ilə seçilərək, "sosializm realizmi" və kommunizm ideyalarının təbliği ilə məşğul olmuş, bütün SSRİ-də olduğu kimi, Azərbaycan jurnalistikası da ideoloji buxovlar və sərt senzura şəraitində fəaliyyət göstərək məcburiyyətində qalmışdır: "Bununla yanaşı, həmin illərdə milli mətbuatımız texniki imkanları və məzmun cəhətdən öz inkişafını davam etdirib, Azərbaycanda yeni teleradio jurnalistikası təşəkkül tapmış, kütləvi informasiya vasitələrinin coğrafiyası və tematikası genişlənərək respublikanın ictimai-siyasi həyatının bütün sahələrini əhatə edib. Azərbaycan televiziyası və radiosu, "Kommunist", "Kənd həyatı", "Bakinski raboçi", "Vışka", "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakı-Baku" və digər tanınmış mətbuat orqanlarında kommunist ideologiyası və təbliğatı ilə yanaşı, iqtisadi, elmi, mədəni inkişafla əlaqədar məsələlər də öz əksini tapıb. 1969-cu ildə ümummilli lider Heydər Əliyev respublikada rəhbərliyə gəlməsindən sonra, sovet senzurasının mövcudluğuna baxmayaraq, yerli kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının milli obrazının, azərbaycançılıq ideyasının, milli vətənpərvərlik hissinin təbliği, ana dilinin inkişaf etdirilməsi, milli şüurun və özünüdərkin formalaşdırılması prosesinə rəvac verilmiş və bu xətt sonrakı dövrdə geniş vüsət almışdır. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı nəinki özünün keçmiş zəngin milli ənənələrini qoruyub saxlaya bilmiş, həm də jurnalistikada yeni-yeni nailiyyətlərə imza atılmışdır. Mətbuat öz maarifçilik funksiyasını davam etdirərək respublikanın ictimai-siyasi və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevrilib".

PA-nın şöbə müdiri qeyd edib ki, ötən əsrin 90-cı illərindən başlayaraq müstəqillik uğrunda xalq hərəkatı və milli mübarizə, dövlət müstəqilliyinin əldə edilməsi və milli dövlət quruculuğu proseslərinin gedişində Azərbaycan milli mətbuatının inkişafının yeni - dördüncü mərhələsi başlanmış və bu gün də bu proses davam etməkdədir: "1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğununun mühüm tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını, demokratik, plüralist KİV-in formalaşdırılması və inkişafını, onun hüquqi-normativ bazasının yaradılmasını və iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas vəzifələri kimi müəyyən edib. Məhz Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ 1995-ci ildə qəbul edilmiş Konstitusiyada öz əksini tapıb. Sonrakı illərdə bu prinsip hüquqi norma kimi dövlət həyatının bütün sahələrində təsbit edilmiş, siyasi plüralizmi, ifadə azadlığını məhdudlaşdıran bütün senzura və dövlət tənzimləmə mexanizmləri ləğv edilmiş, KİV-in inkişafı sahəsindəki bütün süni maneələr aradan qaldırılmış, bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Buna paralel olaraq Heydər Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən həyata keçirilmiş çoxsaylı tədbirlər mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsində, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsində əvəzsiz rol oynamışlar".

Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev prezidentlik fəaliyyətində həmişə jurnalistlərlə yaxın təmasda olmuş, onların sosial, maddi və mənəvi problemləri ilə maraqlanmış və qələm əhlinə heç vaxt öz köməyini əsirgəməyib: "Hesab edirəm ki, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasının qoyulması və inkişaf etdirilməsi ümummilli liderin Azərbaycan mediası və cəmiyyəti qarşısında mühüm xidmətlərindən biridir. 2002-ci ilin martında Heydər Əliyevin Azərbaycan "Jurnalistlərinin dostu" seçilməsi ümummilli liderin söz və məlumat azadlığına, kütləvin informasiya vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonrakı dövrdə bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri sahəsində də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət və formalaşmış ənənələr, Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatlar konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilib".

PA rəsmisinin sözlərinə görə, müstəqil medianın inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat orqanlarının "Azərbaycan" nəşriyyatına borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın, televiziya və radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa maliyyə yardımının göstərilməsi və s. 2003-cü ildən sonrakı dövrdə həyata keçirilmiş rəsmi tədbirlərin natamam siyahısıdır. Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdiribvə şəffaflaşdırıb: "İlham Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olmuşdur. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçib".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR