Düşündünmü?!.
Bizi izləyin

Qırmızı.az

Düşündünmü?!.

Düşündünmü?!.

(Millət vəkili Qənirə Paşayevanın yeni yazısı)

Hər bir müsəlman üçün ən vacib əməllərdən biri. O qədər vacib ki, hətta Hz. Peyğəmbərimiz “Zəkatı verməyənin namazı məqbul deyildir”,- demişdi. Zəkat cənnətdir. Yəni onun qarşılığı cənnətdir deyər mərifət əhli. Zəkat verməyə gücü çatan zəkat verəcək şeylərdən mütləq zəkat verməlidir.

Yəni hər bir insan zəkat verməlidir. Bu gün müsəlman dünyasında əsas yayğın olan fikrə görə söhbət hər bir insanın özünə görə malının, var-dövlətinin zəkatından gedir. Amma bu belə deyil... Hər bir insanın malı ilə bərabər zəkat verməli olduğu digər şeylər də var. Çox təssüf ki, bu gün malının belə zəkatını verən insanların, müsəlmanların sayı o qədər azdır ki...

Malının zəkatını tam olmasa da ən azı bir hissəini verənlərin çoxu isə hesab edir ki, zəkat sadəcə malınının zəkatını verməklə bitir. Bitmir... Məhşur “Şəfa əl -Əsrar” əsərinə Seyid Yəhya əş-Şirvani əl-Bakuvi həzrətləri deyir ki, dinimizə görə zəkat bu yeddi şeydə fərzdir: Nəfsdə, səhhətdə, ruhda, qəlbdə, ağılda, mərifətdə, sirrdə.
Nəfsin zəkatı əzaba səbr etmək, cəfaya dözməkdir.

Səhhətin zəkatı xəstələrə yardım etmək, dini və dünyəvi səbəblərdən zərər görmüş olanlara yardım etməkdir.
Ruhun zəkatı Haqq yolunda olmaq, əhli-Haqqa qulaq asmaq və Haqqı qəbul etməkdir.
Qəlbin zəkatı aləmlərin Rəbbi olan Allahın sevgisini könlündə yerləşdirdikdən sonra bütün müsəlmanları sevməkdir.

Ağlın zəkatı öyrənənlərə yol göstərmək və bütün məxluqatla mülayim rəftar etməkdir.
Mərifətin zəkatı ibadət əhlinə gözəl işarətlər və təriqət əhlinə doğru həqiqətlər göstərməkdir.
Sirrin zəkatı qəlbə gələn xüsusi mənaları gizləmək, könülə gələn iman nurlarını cəlb etmək, imtahanlara dözmək və mənəvi təcəllilərin intizarını çəkməkdir.

Amma zəkat bununla da bitmir. Bədənimizin hər bir üzvünün, hər bir hissin də zəkatı var. Bişr əl-Hafi bunu çox gözəl izah edir. O deyir:
Gözün zəkatı Allahın əsərlərinə ibrət gözüylə baxmaqdır.
Dilin zəkatı Allahı zikr etməkdir.
Boğazın zəkatı halal yeməkdir.

Üzün zəkatı Rəbbin böyüklüyü qarşısında üzü səcdəyə qoymaqdır.
Əllərin zəkatı yeməyə möhtac bir dilənçinin, ədəb ilə yalvarması kimi ehtiyac zamanı əllərini qaldıraraq yalvarmaqdır.
Ayaqların zəkatı onlar ilə taət yolunda getməkdir.

Qəlbin zəkatı mərifətin şərtlərinə vəfadır. Yaradılanın Allaha verdiyi vədi yerinə yetirməsi, pozmamasıdır.
Sirrin zəkatı Allahın qanunlarını(halal-haram) mühafizə etməkdir.
Zəkatımızı verə bilirikmi?
Məncə bu barədə ciddi düşünməyə dəyər...

Əslində çətin deyil sadəcə istəmək lazımdır...
Bir də bəlkə elə günü sabah dünyadan köçə biləcəyimizi, ölümü və həmin an yaşaya biləcəyimiz peşmançılıq duyğusunu düşünmək lazımdır...

Sadəcə düşünmək...
Sonrakı peşmançılıq hər zaman faydasız olur!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm