• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Təcavüz olunan şagirdə görə icra nümayəndəsi işdən çıxarıldı - Kürdmaşıdan Reportaj

Təcavüz olunan şagirdə görə icra nümayəndəsi işdən çıxarıldı - Kürdmaşıdan Reportaj

İsmayıllı rayonunun Kürdmaşı kəndində baş verən qalmaqala səbəb olmuş olayı yerindəcə araşdırmaq üçün yola çıxdıq.

Yola başlamazdan öncə oxucularımıza xatırladım ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində qaçqın məktəbinin direktoru Zahid Namazovun azyaşlı qıza təcavüz etdiyi iddia olunur. Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün öncə açılıb.

A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub. Anası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edib. Qız yoxa çıxandan 3 gün sonra tapılıb və məlum olub ki, onu məktəb direktoru aparıbmış.

Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürdmaşı kəndi yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla hazırda 18 yaşı olan A.-nın 3 ildən çoxdur ki, münasibət olduğu da iddialar sırasındadır.

Qız polisdə Zahid Namazovun ona atalıq etdiyini və nişanlandığı oğlanla ailə həyatı qurmaq istəmədiyi üçün onun evdən qaçmasına kömək göstərdiyini, izdivac pozulduqdan sonra isə evə qayıtdığını bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən rəsmi açıqlamada da Z.Namazovun A.-ya atalıq etdiyi barədə İsmayıllı Rayon Polis Şöbəsinə izahat verdiyi bildirilirdi.

Kənd sakinləri isə ötən gün məktəbin yaxınlığında keçirdikləri aksiyada azyaşlı qıza təcavüz etdiyini bildirdikləri 56 yaşlı direktorun kənddən qovulmasını və həbsini tələb edirdilər.

İsmayıllıda kef, yoxsa hüzn

Şamaxının Muğanlı kəndindən sonrakı dairəvi yoldan İsmayıllı istiqamətinə yönəlirik. Yolboyu sıralanan ağaclar və bu ağacların altında tüstülənən manqallar belə təəssürat yaradır ki, burada insanlar ancaq yeyib-içməklə, kef-damaqla məşğuldur. Ətraf gözəldir. Buralar adama yaşıl rəngdə, meşə böyüklüyündə, dağ əzəmətində qucaq açır, “ Xoş gəldin” deyir.

Prokurorluqdan: “Polisə gedin”

İlk olaraq, rayon prokurorluğuna gedirik. Növbətçiyə gəlişimizin məqsədini deyirik:

- O işi polis aparır. Bizə hələ verilməyib. Onlara müraciət edin.

Polis: “Rəhbərliyin xüsusi göstərişi var”

“Lələ” deyilən növbətçi polis baş serjantı kimə isə zəng etdikdən sonra:

- Rəis Nizami Qocayev məzuniyyətdədir. Sizi birinci müavin Şövlət müəllim qəbul edəcək, - deyir.

Polis şöbəsinin 3-cü mərtəbəsinə qalxırıq. Şövlət müəllimin yanında adamlar olduğu üçün gözləməli oluruq. Bir müddət keçir, rəis müavinin otağındakılar çıxır. Elə müavinin özü də otağının qapısını bağlayaraq başqa bir polis əməkdaşına:

- Jurnalistləri qəbul elə, gör onları nə maraqlandırır, soruş, mənə məruzə edərsən, - deyir və bizə üzünü tutur, - indi vətəndaşların qəbulu başlayıb, üzrlü bilin.

İsmayıllı Polis Şöbəsinin Cinayət Axtarış şöbəsinin rəisi polis mayoru Azay Ağayev olayla bağlı istintaq getdiyini və işi özü aparmadığı üçün bu hadisə ilə bağlı heç nə deyə bilməyəcəyini bildirir:

- Qabaqcadan deyim ki, sizə müsahibə verməyəcəyəm. Rəhbərliyin xüsusi göstərişi var. O ki qaldı Ağdam rayon 30 saylı məktəbin direktoru Zahid Namazovun kənd sakini olan A. adlı qızı aparıb ona təcavüz etməsinə, bu, heç də kənd sakinlərinin dediyi kimi deyil. Belə hadisə baş verməyib. Məktəbin direktoru Zahid Namazov humanistlik edib. İntihar etmək istəyən, valideyni tərəfindən sevmədiyi adama zorla verilən bir qıza yardım edib, onu stressdən çıxarıb. Bakıya aparıb, qayını Vilayət Zamanovun evində saxlayıb. Sonra da sağ-salamat qaytarıb gətirib. Bu haqda qızın anasının və özünün ifadələri var. Qız yazır ki, onu zorla istəmədiyi oğlana veriblər və bu da çıxış yolunu ancaq qaçıb gizlənməkdə görüb. Etiraf edib ki, dəfələrlə məktəb direktoruna müraciət edib, “məni bu bəladan xilas etməsən, özümə qəsd edəcəm”, - deyib. Direktor da gənc bir qızı xilas edib. Qız Zahid müəllimi özünə ata kimi gördüyünü yazıb ifadəsində.

- Azay müəllim, niyə qız yaxın qohumlarına, sinif yoldaşına, rəfiqəsinə, ən nəhayət rayon rəhbərliyinə, polisə deyil, məhz Zahid müəllimə müraciət edib? Bu, polisə inamsızlıqdan irəli gəlmir ki?

- Şikayətçi yoxdur. Biz kimi nəyə görə mühakimə etməliyik? Qızın 18-dən çox yaşı var. Anlaqlıdır. Özünü ifadə edə bilir. Aparılan gün anası və bacısı ilə əlaqə saxlayıb, “məni o oğlana verməyin, - deyib, - yoxsa özümü öldürərəm”. Anası da söz verib ki, nişanı qaytaracam və bundan sonra Zahid müəllimin qohumları qızı sağ-salamat gətirib təhvil veriblər. O prosesdə mən də iştirak etmişəm. Deyib-gülə, yüksək əhval-ruhiyədə ana-bala bir-birinə qovuşub. Bu gün rayon rəhbərliyi də o kənddə olub. Kənd sakinlərinə söz verilib ki, məsələ obyektiv həllini tapacaq. O ki qaldı polisə inamsızlıq məsələsinə, mən belə deməzdim. Müstəqil qərar verəcək bir qızdır, o belə istəyib və müəllimə müraciət edib. Qohumları ilə isə heç bir əlaqələri yoxdur. Qız əminliklə deyir ki, ona heç bir cinsi toxunaqlıq olmayıb.

- Bəs ekspertizanın rəyində nə göstərilir? Onun həkimə getməsini təmin etmisiz?

- Polis şöbəsi qızın ekspertizadan keçməsi haqda arayış-göndəriş verib. Lakin qız ekspertizaya getməkdən qəti emtina edir. Bu onun şəxsi işidir. Artıq yaşı 18-dir. Getməyə də bilər.

- İddia edirlər ki, bu münasibət bir neçə ildir davam edir və o zaman qızın 13 yaşında olub. Bu isə həddi-büluğa çatmamaq deməkdir. Ən azından, ekspertiza bunu müəyyən edə bilərdi ki, bu hal azyaşlı olanda, yaxud həddi-büluğa çatandan sonra baş verib.

- İş təhqiqatdadır. Təhqiqatçı Vüqar Qarayev bunları araşdırır. Ona müraciət edə bilərsiz.

İH-də: “Hər kəs əməlinə görə cavab verəcək”

İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Valeh Salehov da məlum olayla bağlı bizə heç nə deyə bilməyəcəyini söylədi:

- Bu iş polisin nəzarətindədir. İcra Aparatı polisin işinə müdaxilə edə bilməz. Təhqiqat gedir. Təhqiqat, araşdırma başa çatdıqdan sonra məlumat veriləcək. Hüquq-mühafizə orqanlarına müraciət edin.

- Valeh müəllim, hadisə ilə bağlı dünən Kürdmaşı kəndində böyük bir izdiham narazılıq edib. Bu gün də rayon rəhbərliyi kənd sakinləri ilə görüşüb.

- Görüş olub. Amma bu hadisə olub, ya olmayıb demək böyük məsuliyyət tələb edir. Şəxsən mən heç nə deyə bilmərəm. İnanıram ki, bu əməli törədən məsuliyyətə cəlb olunacaq. Hüquq mühafizə orqanlarına xüsusi tapşırıq verilib. Bu məsələdə hər kəs əməlinə görə cavab verəcək. O qız mənim ailə üzvüm deyil, ona görə də mən də sizin kimi çox şeyləri bilmirəm. Nəticələri araşdırmaq isə mənim səlahiyyətimdən kənardır.

Kürdmaşıda: “Guya mənəm günahkar”

Kürdmaşı kəndi Göyçayla sərhəddədir. Narahat yolu var. Kəndin mərkəzi yolunda bir neçə kənd sakini toplaşıb. Salamlaşıram. Kənd icra nümayəndəsi Hafiz Abbasovu soruşuram.

- Onu bu gün işdən çıxartdılar, – deyib, Hafiz müəllimi nişan verirlər. Bax bu gələn “Jiquli” onundur.

Maşın bərabərimizə çatdıqda işarə verirəm, saxlayır. Gəlişimizin məqsədini deyirəm.

- Mənim bu gün ərizəmi aldılar. Guya mənəm günahkar. Mən camaatın ürəyinə, içinə girən deyiləm ki, - və maşının sürüb gedir.

“Bu adam kəndin namusuna təcavüz edib”

İsgəndər adlı sakin kənd adamlarının qəzəbli olduğunu deyir:

- Dünən burada 200-dən çox adam vardı. Bu gün də başçı Mirdaməd müəllim gəlmişdi. Camaatı arxayın elədi ki, hər şey obyektiv araşdırılacaq. Qardaş, bu hadisə kəndin adına ləkədir. Gəlmə bir məktəb direktoru burada at oynadır, tərbiyəsizlik edir. Bu adam bu boyda rayonda az qala hər kəsi satın alıb. Heç kəs ona qaşın üstə gözün var demir. Tələb edirik ki, o, kənddən çıxsın. Toyu olan qızı aparıb, sonra da deyir ki, atalıq qayğısı göstərmişəm. Bu kəndin kişisinə, atasına, anasına nə gəlib? Qızın əmiləri, dayıları var, niyə o qız ona üz tutmalıdır? O, qız uşağını yoldan çıxarıb. Hamını qorxudurlar. Bizim tələbimiz o insanın kənddən qovulması, direktorluqdan çıxarılmasıdır.

Kənd sakini Etibar:

- Bu, kəndimizin, rayonumuzun, Azərbaycanımızın adına ləkədir. Biz tələb edirik, həqiqət üzə çıxsın. Bu adam kəndin namusuna təcavüz edib.

Az müddətdə 50-dən çox adam toplaşır. Hamısının fikri eynidir. Kənd sakinlərindən direktorun və onun apardığı qızın yaşadığı evin yerini soruşuram.

Direktorun evində: “Axı, mən pedaqoqam...”

Zabil Namazov kəndin qurtaracağında yaşayır. Qaldığı daş ev bağ-bağatlıdır. Direktor özünə məxsus 02 BF 622 dövlət nömrə nişanlı VAZ - 099 avtomobili ilə harasa getməyə hazırlaşır. Bizi görüb ayaq saxlayır. Özümüzü təqdim edirik.

Direktor bütün bunları özünə qarşı təxribat kimi xarakterizə edir:

- Mənim məktəbimdə bu il göstəricilər çox yüksəkdir. 2 şagirdim 700-ə yaxın bal toplayıb. Ümumilikdə qəbul olunan uşaqlarımın da sayı çoxdur. Məni ləkələmək üçün bu yola əl atdılar. Adını deməyəcəm. Bunun arxasında bir müəllim durur.

- Siz A.-nı anasından xəbərsiz aparmısız?

- Hə, bu olub. Amma ölkə başçısının yürütdüyü siyasət mənə imkan verir deyəm ki, təhsilimizdəki acınacaqlı hallar hələ də davam edir.

- Zahid müəllim, siz tamam başqa bir məsələdə - əxlaqsızlıqda, azyaşlı qıza təcavüz etməkdə günahkar bilirlər...

- Ailəm də bilir ki, mən o qızı himayə etmişəm. Demək olar ki, kimsəsizdir. Mənə müraciət etdi. Kömək istədi. Yoldaşımla məsləhətləşdik. Apardım qayınım gilə. Zəng etdi anasına dedi ki, nişanım geri qayıtmasa, yerimi deməyəcəm. Mən ona ancaq ata kimi qayğı göstərmişəm. Çox zəng etdi, “özümü yandıracam”, - dedi. Bəs mən Ağdam qaçqınıyam, mərhumiyyət görmüş adamam, necə etinasız qala bilərdim? Axı, mən pedaqoqam...

Zahid müəllimin həyat yoldaşı Şükufə xanım söhbətə müdaxilə edir:

- Əgər burda pis niyyət olsaydı, mən heç razı olardımmı onu qardaşımın evinə aparsın? Bu, ancaq xeyirxahlıqdır. Adımıza şər-şəbədə qoşurlar.

Zahid müəllim deyir ki, 1998-ci ildən burda məskunlaşmışıq:

- Hamıya diqqətli olmuşam. Milliyətcə ləzgi olan iki bacını - 11 yaşlı Sonaxanım və 13 yaşlı Ülviyyəni himayəmə götürdüm. Böyütdüm, hər ikisini ərə verdim. İndi hər ikisi anadır. Bu qız da onları bilirdi deyə, mənə müraciət etdi.

Direktor söhbət zamanı qeyd edir ki, elə indicə rayona çıxırdım, çağırıblar, siz gəldiniz.

Zahid müəllimin telefonuna zəng gəlir. Maşınında oturub xeyli danışır. Çölə çıxır:

- Siz qızgilə də getmisiz. Gərək getməyəydiz.

- Yox, getməmişəm, amma gedəcəm, – deyirəm.

Məsləhət görmədiyini deyir.

Qızın həyətində: “Apardılar təzədən ifadə almağa”

Zərərçəkmiş A.-nın yaşadığı evin həyət qapısını döyürəm. Səs gəlmir. Qapını ehmalca aralayıram. Ağacın altında bir qadın, iki gənc qız oturub. Qadın qəzəblə gəlib qapını çırpıb bağlayır:

- Evdə yoxdurlar. Apardılar təzədən ifadə almağa, – deyir.

“Bir-neçə qızı belə yoldan çıxarıb, sonra ərə verib”

Zərərçəkmiş A.-nın qohumu Mahizər Yadigarova:

- O, çox pis hərəkət edib. Özü də bugünün söhbəti deyil. Qızı çoxdan yoldan çıxarıb. Hələ onun adını xalçaçılıq məktəbinə də yazdırmışdı. Pis əməllərlə məşğuldur. Bundan qabaq da bir-neçə qızı belə yoldan çıxarıb, sonra ərə verib.

Bir anda Mahizərin başına kənd arvadları yığışır. Hamısı üzünü bizə tutur:

- Həqiqəti yazın!

Mahizər xanım:

- Mahmudov Arzu var, buranın sahə müvəkkilidir. Əvvəl gəldi dedi, bu bizim namusumuza toxunub. İndi nə olubsa, qızım anasını qorxudub, ifadəsini dəyişdiriblər ki, guya şikayətləri yoxdur.

Kənd sakini Qasımova Əzizə də eyni fikirdədir.

Kəndin çayxanasında olan 20-dən artıq kişi qarşımızı kəsir. Hər kəsin fikri eynidir. Kənd sakini Qasımov Zülfüqar Məhəmməd oğlu deyir ki, bu cinayəti kimlərlə ört-basdır edir.

Yenidən Polisdə: ““Turan” kafesində”

Polis polkovnik-leytenantı Şövlət Kərimov bizi yenə də qəbul etmir. Növbətçi onunla əlaqə saxladıqdan sonra deyir ki, mən artıq evə gedirəm. Təhqiqatçı Vüqar Qarayevə telefon açıram, “Turan” kafesində olduğunu deyir və bizi ora dəvət edir.

Gedirik və ilk nəzərimizi çəkən 02 BF 622 dövlət nömrə nişanlı maşın olur. Polis kapitanı Vüqar Qarayev bizi kafenin qarşısında qarşılayır. Onunla oturduğu kabinetə getməmizi xahiş edirəm, qonağının kim olması mənim üçün maraqlı idi. Lakin o bizi başqa kabinetə dəvət edir. Əvvəlcə müsahibə verməyə razı olsa da, gələn qəfil zəng onu fikrindən daşındırır:

- Gərək bizə DİN-in mətbuat xidməti icazə versin. Mən heç nə deyə bilmərəm. Təhqiqat gedir.

- Mənə dedilər ki, siz burda adı bu qalmaqalda hallanan Zahid müəllimlə oturmusuz. Ananı qızı ilə dəvət etmisiz.

Vüqar müəllim çaşqın halda:

- Yox, səhv deyiblər. Mən tamam başqa adamlarlayam...

...“Turan” kafesinin xidmətçilərindən Vüqar müəllimin kiminlə oturduğunu soruşuram.

- Tanımırıq, – desələr də, Zahid müəllimin maşınına baxıb gülümsəyirlər...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR