“Gözümün qarşısında bıçaqla qardaşımın başını üzdü”
Bizi izləyin

Qırmızı.az

“Gözümün qarşısında bıçaqla qardaşımın başını üzdü”

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində qisas məqsədilə iki nəfəri güllələyən Kamil Fərəcovun məhkəmə prosesi keçirilib.

Xatırladaq ki, 2014-cü il martln 24-də Kamil Fərəcov ov tüfəngi ilə Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında 20 yaşlı Yaqub Musayevi və onun bibisi oğlu 23 yaşlı Pərvin Mehdiyevi güllələyərək öldürüb. Y.Musayev aldığı güllə yaralarından yerində keçinsə də, P. Mehdiyev ağır vəziyyətdə 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisə baş verən əraziyə dərhal polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisə yeri müayinə olunduqdan sonra cinayətdə istifadə olunan ov tüfəngi sübut kimi istintaqa təqdim edilib. Kamil Fərəcov isə qətli törətdikdən sonra ata-baba yurdu olan Kürdəmir rayonuna gedərək rayon polis şöbəsinə təslim olub. Kürdəmir rayon polis şöbəsinin əməkdaşları onu təqsirləndirilən şəxs qismində aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna təqdim ediblər. Prokurorluqda K.Fərərcov barəsində cinayət işi başlanıb. Beləliklə, o, Sabunçu rayon məhkəməsində keçirilən prosesdə hakim qarşısında ifadə verib.

Gözümü qan örtdüyündən bilmədim güllə hara dəydi

K.Fərəcov hadisəni qisas almaq məqsədi ilə törətdiyini etiraf edib: “Ürəyimdə bu ailəyə qarşı həmişə kin olub. Cünki bizim ailələrimiz arasında bir neçə ilin ədavəti var. Qisasımı almamışdım deyə, həmişə narahat yaşayırdım. Yaqub da mənim qarşıma çıxıb gülürdü. Bu da məndə qıcıq yaradırdı, xoşuma gəlmirdi. Elə bilirdim ki, məni ələ salır. Ona görə, beynimdə belə bir hadisə törətməyi həmişə planlaşdırmışam və məqam gözləmişəm. Onlar mənim qardaşımgillə qonşudular. Mən də qardaşımgildə qalırdım. Hər dəfə də istər-istəməz bir-birimizlə qarşılaşırdıq. Onu hər görəndə düşünürdüm ki, görəsən, qisasımı hansı yolla alım? Beləliklə, hadisə baş verən gün planlaşdırdığım kimi səhər saatlarında qardaşıma məxsus olan ov tüfəngini götürüb evdən çıxdım. Bildim ki, küçədə onunla rastlaşacam. Ov tüfəngini yaxınlıqdakı 307 saylı orta məktəbin yanında gizlədib özüm də orada gəzməyə başladım. Səhər saat 11:00 olardı, gördüm bibisi oğlu ilə birlikdə evdən çıxıb məktəbə tərəf gəlir. Onları görən kimi mən tinə keçib tüfəngi hazır vəziyyətdə saxladım. Məktəbin qarşısına çatanda 6 dəfə atəş açdım. Güllələrdən 2-si boş getdi, qalanları isə hədəfə dəydi. Gözümü qan örtdüyündən bilmədim güllə hara dəydi. Amma dəqiq yadımdadır ki, mən Yaqubu hədəfə almışdım. Onun yanında olan bibisi oğlunu vurmaq fikrim olmayıb. Sadəcə, güllə ona da dəyib”.

Onu öldürəndən sonra qardaşımın məzarını ziyarət etdim

Müttəhimin sözlərinə görə, Y.Musayevi öldürüb, onun bibisi oğlu P.Mehdiyevi yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb. Əvvəlcə Dənizkənarı Milli Parkda bir az gəzib-dolaşıb, daha sonra yaşadıqları Kürdəmir rayonuna gedərək qardaşının məzarını ziyarət edib: “Onun ruhu qarşısında özümü günahkar hiss edirdim. Bir dəfə qəbrini ziyarət edəndə söz verdim ki, qanın yerdə qalmayacaq. Verdiyim sözü tutdum deyə hadisədən sonra içimə rahatlıq gəldi. Bu barədə yalnız rayonda yaşayan qardaşıma danışdım və onunla birlikdə könüllü olaraq polisə təslim oldum”.

Dedi ki, borcumu verməsən, başını bədənindən ayıracam

Araşdırmalar zamanı məlum olub ki, qətlin baş verməsinə 2 il əvvəl - 2012-ci ilin yanvarın 6-da ailələr arasında yaranan qan davası zəmin yaradıb. Belə ki, qisas hissi növbəti cinayətə yol açıb. Kamil Fərəcovun sözlərinə görə, Yaqub Musayevin atası Rabil Musayev Zabratda mağaza işlədirdi. Hadisə də mağazada pul üstündə baş verib: “Gördüm, mağazada mübahisə edirlər. Səs-küyə gedəndə məlum oldu ki, qardaşımın mağazaya xeyli miqdarda borcu var. Rabil də qardaşımdan borcu qaytarmağı tələb edirdi. Dedi borcumu verməsən, başını bədənindən ayıracam. Mən qardaşımı müdafiə edərək bildirdim ki, imkan varsa, bir az da gözlə, borcu maaşda verəcəyik. Bu zaman Rabil bizi nalayiq söyüşlərlə təhqir etdi. Biz də eyni qayda ilə ona söyüşlə cavab verdik. Bir sözlə, mağazanın içərisində əlbəyaxa olduq. Həmin vaxt o, bizı bıçaqla vurdu. Qardaşım Rafael yerdə çabalaya-çabalaya qaldı. Məndə isə bıçaq xəsarətləri qismən yüngül olduğundan ona söyə-söyə yerimdən qalxmağa cəhd göstərdim. Bu söyüşlər Rabilə daha da pis təsir etdi və acıqla bıçaqla gözümün önundə qardaşımın başını üzdü”.

Kamlı Fərəcov deyir ki, qardaşının ölüm xəbərini o, yaralı vəziyyətdə xəstəxanaya çatdırılarkən eşidib. K. Fərəcovu yaralayan, qardaşı Rafael Fərəcovun isə boğazını kəsərək öldürən R.Musayev barəsində qəsdən adam öldürmə və qəsdən sağlamlığa xəsarət yetirmə maddələri ilə ona cinayət işi başlanıb. Sonra da istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Rabil Musayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Zabratda 307 saylı məktəbin qarşısında şəxsi ədavət nəticəsində öldürülən Yaqub Musayevin anası Sevinc Musayeva şahid qismində ifadə verərək müttəhimin verdiyi ifadə ilə razılaşmadı. Bildirdi ki, yoldaşı onun qardaşını təsadüfən öldürüb:

“Düzdü, onların mübahisəsi olub və bu mübahisə kəskin həddə çatdığına görə yoldaşım bıçağa əl atıb. Onun fikri məqsədli şəkildə öldürmək yox, sadəcə, hədələmək olub. Amma bıçaq təsadüfən R.Fərəcova dəyib.

Müttəhim K. Fərəcov hakimdən yeridən söz istəyərək qardaşının amansızlıqla öldürüldüyünü iddia etdi və bildirdi ki, baş bədəndən təsadüfən üzülmür.

“Bizdən qisas almaq üçün də barışmaq istəmədilər”

Söz yenidən S.Musayevaya verilib. O, şahid qismində ifadəsini davam etdirərək bildirdi ki, həyat yoldaşı R. Musayevə 14 il iş verildikdən sonra dəfələrlə barışıq üçün Rafaelin ailəsinə müraciət edib: ”Mərhum Rafaelin həyat yoldaşına söz göndərdim ki, sənin yoldaşın öldü, mənim yoldaşıma da 14 il həbs verildi. O, öz cəzasını çəkir. Biz qonşuyuq, gəl barışaq. O isə rədd cavabı verdi. Sonra da bizi təhdidlərlə, təhqiredici xəbərdarlıqlarla hədələməyə başladılar. Hadisələrin gedişatı onu göstərir ki, onlar mənim balamı qəsdən öldürdülər. Bizdən qisas almaq üçün də barışmaq istəməyiblər. Hər dəfə ailə üzvlərimi – özümü, xüsusən də uşaqlarımı güdürdülər. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat versəm də, bir tədbir görülmədi”.

S.Musayeva onu da əlavə etdi ki, oğlu məhum Y.Musayev Türkiyədə təhsil alırdı. Bir neçə günlüyə buraxılış imtahanlarına gəlmişdi: “Hadisədən bir gün sonra Türkiyəyə qayıtmalıydı. Bilet də almışdı. Amma olmadı... yarımçıq qaldı... Təhsilini də ömrü kimi başa vura bilmədi...”, - deyə göz yaşları içində ifadə verib.

Proses digər hadisə şahidlərinin dindirilməsi ilə davam edir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm