• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ATV-dən rəsmi cavab: “Pulu ödəmişik” – Özəl

ATV-dən rəsmi cavab: “Pulu ödəmişik” – Özəl

“Qız yükü” serialının ssenaristi Arzu Soltanın ATV-nin prezidenti Vüqar Qaradağlıya media vasitəsilə açıq məktubuna telekanaldan Publika.az-a rəsmi cavab gəlib:

“Nəzərinizə çatdırırıq ki, serial ətrafında yaranmış bu vəziyyətin “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına heç bir aidiyyəti yoxdu. ATV kanalı ilə imzalanmış müqavilə əsasında çəkilən serialın pulu qarşı tərəfə ödənilib. Yaranmış problem serialın ssenari müəllifi ilə rejissoru arasında olan anlaşılmazlıqdan qaynaqlanır. Bu problem isə məhkəmə yolu ilə həll olunur. Və məktubda da göstərildiyi kimi, rejissor və ssenari müəllifi arasında növbəti məhkəmə prosesi avqustun 4-nə təyin olunub. Şikayətçi tərəf məhkəmənin son qərarını gözləmədən tələskənlik edərək, problemə heç bir aidiyyəti olmayan ATV kanalının da adını hallandırması başa düşülən deyil. Və bir daha xatırladırıq ki, serialın ssenari müəllifi ilə rejissoru arasında yaranan bu problemin “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına heç bir aidiyyəti yoxdu”.

Qeyd edək ki, bir müddət əvvəl erotik səhnələri ilə gündəmə gələn “Qız yükü” serialının ssenaristi Arzu Soltan ATV-nin prezidenti Vüqar Qaradağlıya media vasitəsilə açıq məktub ünvanlayıb.

Publika.az-a daxil olan məktubda Arzu Soltan “ATV” kanalında yayımlanan serialın ssenarisi ona məxsus olsa da, serialın rejissoru İntiqam Hacılı onun qonorarını ödəmədiyini bildirib:
"Hörmətli Vüqar müəllim!

İyulun 21-i Sizin qəbulunuza gəlmişdim. Məni qəbul etmədiniz. Ondan əvvəl və sonra da telefon zənglərimə də cavab vermədiyinizə görə, sizə mətbuat vasitəsilə müraciət etməyə məcbur oldum. İyulun 22-i Mətbuat günü idi deyə (Sizin də, mənim də bayramım), qanınızı qaraltmaq istəmədim. Müraciəti bu gün yaydım.

Görüşmək, danışmaq istəməkdə məqsədim keçən mövsümdə rəhbərlik etdiyiniz kanalda yayımlanmış “Qız yükü” serialı ilə bağlı yaranmış situasiya haqqında Sizə məlumat vermək və məsləhət almaq idi.

Belə ki, “Qız yükü” serialının adını mən qoymuşam. Sinopsisini mən yazmışam. İlk 7 seriyasının müəllifi də mənəm. 7 seriyadan sonra serialın rejissoru İntiqam Hacılının işinin keyfiyyətindən, çəkiliş prosesinə münasibətindən və s. narazı qaldığıma görə, onunla işləməkdən imtina etdim. Bu qərarı verməzdən əvvəl şirkətinizə gəlib Vado Karovinə də narahatçılığımı bildirdim. V.Korovin isə, serialın rəhbəri olaraq yalnız İntiqam Hacılını tanıdığını bildirdi.

Qeyd edim ki, İ.Hacılının işindən narazı qalan və çəkiliş qrupunu tərk edən yalnız mən olmamışam. Əsas rollarda çəkilən aktyorların da bir qrupu 5-6-cı seriyalardan sonra serialı tərk edib. Bunu serialın həmin serialarına baxmaqla da təsdiq etmək olar.

Müəllifi olduğum ssenari əsasında serial çəkən İntiqam Hacılı mənimlə heç bir əmək müqaviləsi bağlamadığına və gördüyüm işin qonorarını tam ödəmədiyinə görə, onun barəsində sakini olduğu Biləsuvar rayon Məhkəməsinə iddia ilə müraciət etmişəm. Çünki, Azərbaycan dövlətinin qanunvericiliyi hər bir işçi ilə əmək müqaviləsi bağlanmasını tələb edir.

14 iyul 2014-cü il tarixdə keçirilən məhkəmə iclasında İntiqam Hacılı məsuliyyəti öz üzərindən ataraq, mənimlə ATV kanalının müqavilə bağlamalı olduğunu və qonorarımı da məhz şirkətin verməli olduğunu bildirdi.

Mən məhz bu məsələyə aydınlıq gətirmək üçün Sizinlə görüşmək və məsləhət almaq istəyirdim, hörmətli Vüqar müəllim.

Hamıya məlumdur ki, seriallar ölkə başçısının bu işə ayırdığı vəsait hesabına çəkilir. Mənim bir tamaşaçı, bir vətəndaş, üstəlik bir jurnalist kimi adıçəkilən serialın çəkilişlərinə nə qədər vəsait ayrılması və həmin vəsaitin necə xərclənməsi haqqında informasiya almaq hüququm var. Amma mən Sizdən bunu soruşmağa gəlməmişdim. Çəkiliş qrupunda İntiqam Hacılının yaratdığı mifə görə, ona serialın çəkilişlərinə ayrılan vəsaitin yarısından da bir qədər azı verilir və ona görə də, kanal rəhbərliyi onun arxasında durur.

Mən sadəcə və sadəcə, mənim qələmimdən çıxmış ssenari əsasında çəkilmiş, yayılmış, reytinq qazanmış, reklam və s. qazanc gətirmiş serial üçün ölkə başçısının ayırdığı vəsaitdən öz payımı istəyirəm. Əvvəlcədən danışılıb razılığa gəldiyimiz məbləğdə. Nə az, nə çox.

Və bu məsələdə Sizin yox, V.Korovinin də dediyi kimi, ATV şirkətinin tanıdığı rejissor İntiqam Hacılının məsuliyyət daşıdığını düşünürəm.

Növbəti məhkəmə iclası 2014-cü il avqustun 4-ə təyin olunub. O vaxta kimi bilmək istərdim ki, siz nə düşünürsünüz?"

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR