"Qarant sığorta"nın əməkdaşının qətli ilə bağlı TƏFƏRRÜATLAR
Bizi izləyin

Qırmızı.az

"Qarant sığorta"nın əməkdaşının qətli ilə bağlı TƏFƏRRÜATLAR

Nəsimi rayon Polis İdarəsinin və prokurorluğunun əməkdaşları 2014-cü il iyulun 11-də tamah məqsədilə törədilmiş qətl hadisəsinin üstünü açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıxanov küçəsi, 50 ünvanında yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları istintaq əməliyyat tədbirlərinə başlayıb.

Hadisə yerinə baxış zamanı qətlin tamah məqsədilə törədilməsi müəyyən olunub. Peşəkarlıqla həyata keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Quba rayonunda anadan olmuş 26 yaşlı Tərlan Tahirov saxlanılıb.

T.Tahirov əməlini etiraf edərək qətli tamah məqsədilə törətdiyini bildirib. Məlum olub ki, saxlanılan şəxs təxminən 1 il əvvəl N.Əliyevanın evində mətbəx mebeli quraşdırıb. T.Tahirov qadının külli miqdarda pulu olacağını ehtimal edərək ünvanı yadda saxlayıb və hədə-qorxu ilə pul almaq qərarına gəlib. İyulun 11-də axşam saat 19 radələrində özü ilə bıçaq da götürən T.Tahirov N.Əliyevanın evinə gəlib. O, mebelin yarımçıq qalmış hissəsinin ölçüsünü götürmək adı ilə evə daxil olub.

T.Tahirov əvvəlcə ev sahibəsindən ölçü üçün qələm və kağız istəyib. Qadın otağa keçdikdə isə onun arxası ilə gəlib və bıçaqla qorxudaraq pul, qızıl tələb edib. Bu zaman N.Əliyeva qışqırmağa başlayıb. T.Tahirov ona əvvəlcə sinəsindən 1 bıçaq zərbəsi endirib. Sonra yerə yıxılan qadına bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurub.

Ev sahibəsinin öldüyünü görən T.Tahirov mənzildə axtarış aparıb. O, Natəvan Əliyevaya məxsus qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən qaçıb. Bıçağı isə özü ilə götürərək metronun "Həzi Aslanov" stansiyası yaxınlığında zibil qutusuna atıb.

Faktla bağlı tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

Qeyd edək ki, N.Əliyeva "Qarant Sığorta"-nın əməkdaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm