6 minə yaxın heyvan dişləməsi qeydə alınıb
Bizi izləyin

Qırmızı.az

6 minə yaxın heyvan dişləməsi qeydə alınıb

Bu il ərzində 6 minə yaxın heyvan dişləməsi ilə bağlı müraciət olub. Ötən illə müqayisədə heyvan dişləmələrinin sayı azalıb. Lakin istər ev, istərsə də küçə heyvanlarının dişləməsi faktı ilə qarşılaşırıq. Bunu Publika.az-a açıqlmasında Səhiyyə Nazirliyi yanında Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova deyib.

Onun sözlərinə görə, bu halla qarşılaşanlar tibb müəssisələrinə müraciət edirlər və vaksinasiya kursu alırlar. Bununla da xəstəliyin qarşısı alınır.

“Quduzluq xəstəliyi daha çox vəhşi heyvanlarda müşahidə edilir. Ev heyvanları isə onlarla təması zamanı yoluxurlar. Yoluxma yalnız itlərdə yox, pişik, at, qoyun, keçi və digər ev heyvanlarında müşahidə edilir. Bu heyvanlar insanı dişləyərsə, yaxud onların ağız suyu hər hansı yaranın üzərinə tökülərsə, eyni zamanda cırmaqlayarsa, insanlar quduzluğa yoluxur. Dişləmənin 90%-i itlər tərəfindən olur, onlar arasında ev və küçədə yaşayanlar da var. Ümumilikdə, dişləmələrin 20-30%-i küçə heyvanların tərəfindən olub. Xüsusən, şəhər yerlərində bu cür dişləmələr daha çox olur”.

R.İsmayılovanın sözlərinə görə, heyvan dişləməsi daha çox şimal-qərb bölgəsindən müraciət olur. Paytaxtdan da müraciətlər az deyil.

Canlı Aləmin Mühafizəsi «Alyans» İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə it dişləməsi ilə bağlı məlumatlarla razılaşmadığını deyir. Onun sözlərinə görə, bu faktlar varsa, ünvanları açıqlanmalıdır. Bu şişirdilmiş rəqəmlərın açıqlanması heyvanların məhv edilməsinə yönəlib:

“Heyvanlar Avropanın "Ev heyvanları haqqında" Konvensiyası ilə qorunur. Azərbaycan da 7 ildir bu Konvensiyaya qoşulub. Bu qanun yalnız sahibsiz yox, həm də yaxşı baxılmayan ev heyvanlarıilə bağlı məsələləri özündə əks etdirir. Lakin bununla bağlı heç bir addım atılmayıb. Bunun əvəzində İcra Hakimiyyəti tərəfindən heyvanların öldürülməsi prosesi həyata keçirilir. Bu isə qanunsuz hərəkətdir və yalnız heyvanların məhv edilməsi deyil, insanlar üçün də qorxulu mənzərə yaradırlar. Bunun əvəzində isə heyvanlarla bağlı sığınacaqlar yaradılmalıdır”.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib ki, bu il ərzində 242 mindən artıq sahibli və qeydiyyatda olan it quduzluğa görə vaksinasiya olunub. İlin sonuna qədər 250 min it vaksinasiya edilməlidir:

“Bundan başqa, 19 baş heyvanın nümunəsi Respublika Baytarlıq Laboratoriyasına daxil olub. Onlar 14-də xəstəlik aşkar edilib. Quduzluq it, iribuynuzlu heyvanlar, çaqqalda və pişikdə aşkar edilib. Həmin heyvanların cəsədləri yandırılaraq basdırılıb. Yerləri xlorlu əhənglə əhənglənib”.

Küçə itlərinə gəldikdə isə, Y.Xanvəli vaksinasiya tədbirlərinin onlara aid olmadığını bildirib. Onun sözlərinə görə, bu heyvanlar üçün sığınacaqlar bələdiyyələr, icra hakimiyyəti və ya sahibkarlar tərəfindən yaradıla bilər:

“Baytarlıq xidməti yalnız sahibi və qeydiyyatda olan heyvanlarla məşğul olur. Sahibsiz heyvanlar üçün sığınacaq yaradıldığı halda, baytarların ora təhkim edilməsi çətin deyil”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm