• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Oğlu öldürülən ana gəlinini fahişəlikdə ittiham etdi - TƏFƏRRÜAT

Oğlu öldürülən ana gəlinini fahişəlikdə ittiham etdi - TƏFƏRRÜAT

Məhkəmə zalında dava salan mərhumun anası İradə Oruclunun başqa-başqa həkimlərlə gəzməkdə günahlandırdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyevi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror vəsatətlə çıxış edib. Prokuror zərərçəkmişin hüquqi varisi, mərhumun həyat yoldaşı İradə Oruclunun şahid qismində dindirilməsini istəyib. Hakimlər vəsatəti təmin ediblər. İradə Oruclu deyib ki, nümayəndəsi Aslan İsmayılov üzrlü səbəblərdən məhkəmədə iştirak edə bilmir. O, nümayəndəsinin məhkəmədə iştirak edən zaman dindirilməsini istəyib. Hakim bildirib ki, nümayəndə iştirak etmədən məhkəmə iclasının davam etdirilməsinə qanun yol verir. Hakim əlavə edib ki, onların Aslan İsmayılovu gözləməyə imkanları yoxdur. İradə Oruclu qorxu hissi keçirdiyini deyib. Hakim bildirib ki, prosesdə hər kəslə eyni qaydada davranırlar: “Biz hər kəslə eyni qaydada danışırıq, heç kimi də qorxu altında saxlamırıq. Qanun hər kəs üçün eynidir. Aslan İsmayılov nümayəndədir, onun məhkəmədə müdafiə etmək hüququ yoxdur. Buna baxmayaraq, Aslan İsmayılovun iştirakı ilə də dindirilmə davam etdirmək mümkün olar. Amma onun şahidin ifadəsinə müdaxilə etməyə imkan verilməyəcək”.

“Cavidin bağa gəlmədiyini gördüyüm üçün qorxuya düşdüm”

İradə Oruclu əvvəlcə özünü yaxşı hiss etmədiyini desə də, sonradan ifadə verməyə razı olduğunu bildirib. Düzgün danışacağına iltizam edəndən sonra ifadə verən İradə Oruclu deyib ki, mayın 24-də Cavid Həmişəyevlə Buzovna qəsəbəsində tikdikləri bağ evini valideyinlərinə göstərməyi qərara alıb: “Həmin gün günorta saatlarında idarə etdiyim maşınla qayınanam və ərimin digər qohumlarını özüm bağa gətirdim. Cavid isə atası Zaməddinlə gələcəyini dedi. Zaməddin bağa tək gəldi. Cavidin bağa gəlmədiyini gördüyüm üçün qorxuya düşdüm və onu axtarmağa başladım. Cavidə zəng etsəm də, ona zəng çatmayıb. Bu məni narahat etməyə başlayıb. Odur ki, Cavidin dostlarına zəng etdim və Cavidi soruşdum. Onlar da Caviddən xəbərsiz olduqlarını bildirdilər. Bundan daha da narahat olmağa başladım və onun işlədiyi xəstəxana ilə əlaqə saxladım. Polislər dedilər ki, Cavid günorta saat 2-də xəstəxanadan çıxıb”.

“Hadisə yerinə gedən zaman da qəza törətdim”

İradə Oruclu daha sonra bildirib ki, Cavidin atası Zaməddin və digər qohumları axtarmağa başlayıblar: “Atası bildirdi ki, Cavidin itkin düşməsi barədə polisə ərizə vermək lazımdır. Mən buna güldüm və dedim ki, belə qısa zamanda polisə itkin düşmə ilə bağlı ərizə vermək düzgün olmaz. Buna baxmayaraq Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə gəldik və Cavidin 3 saatdir ki, tapılmaması və telefonuna zəng çatmamasını bildirdik. Bizi qəbul edən polis əməkdaşı bildirdi ki, 36 yaşında adamdır və bu müddətdə itkin düşmə ilə bağlı polisə müraciət etmək düzgü olmadığını dedi. Polis yenə də itkin düşmə ilə bağlı ərizəmizi qəbul etdi. Cavidin iş yeri Nəsimi rayonu ərazisində olduğu üçün bizi 20-ci polis bölməsinə göndərdilər. Biz də 20-ci polis bölməsinə yollandıq. Məndən cavidin şəkilini istədilər. Maşınımda Cavidin şəkili olduğunu və həmin şəkili gətirdim. Təxminən axşam saat 21 radələrində Cavidin qohumu Orxan gəldi. O, Cavidin bıçaqlandığını bildirdi. Mən özümü itirdim. Avtomobilimlə hadisə yerinə gedən zaman da qəza törətdim. Bundan sonra başqa maşınla hadisə yerinə getdim”.

“Cavid məni inandırmaq üçün Qurana əl basıb”

İradə Oruclunun sözlərinə görə, Cavidin kiminləsə düşmənçiliyi, ədavəti olmayıb. O, qeyd edib ki, həyat yoldaşının ölümündə tutulmuş Koroğlu Məmmədovu, Türkan Ağayevanı və Yasin Ərəbovu tanımayıb. Onun sözlərinə görə, Cavidin ona başqa qadınlarla xəyanət etdiyini hələ Türkiyədə yaşadığı vaxtlardan bilib: “Əvvəlcə boşanmaq istəmişəm. Sonra atamın və qardaşımın məsləhətindən sonra ailəmin dağıtmaq fikrindən daşınmışam. Cavid də məni inandırmaq üçün Qurana əl basıb”.

Prokurorun suallarını cavab verən İradə Oruclu deyib ki, Cavidlə 2003-cü ildə ailə qurub. Onun sözlərinə görə, bu müddət ərzində Cavidlə problemləri olmayıb: “Cavidin 2005-ci ildə Nərgiz adlı tibb işçisi ilə əlaqəsinin olmasını bilmişəm. Bunu Cavidin mobil telefonuna gələn SMS-dən bilmişəm”.

O, ifadəsində həmçinin Cavidlə boşanması üçün məhkəməyə heç vaxt müraciət etmədiyini deyib. Hakimlər daha sonra prosesin davamını iyulun 31-nə təyin ediblər. Hakimlər zalı tərk edəndən sonra mərhumun anası Pakizə ilə İradə Oruclu arasında mübahisə yaranıb. Pakizə gəlininə hücum etmək istəsə də, məhkəmə nəzarətçiləri onun qarşısını alıblar. Pakizə gəlinin ünvanına nalayiq söyüşlər söyüb. Pakizə gəlinin başqa-başqa həkimlərlə gəzməkdə, oğluna xəyanət etməkdə günahkar bilib. O, gəlininə həmin həkimlərlə gəzməyindən danışmasını tələb edib. Qadın gəlinin ilə əlbəyaxa olmağa çalışıb. Amma nəzarətçilər buna imkan verməyiblər. Onlar İradə Oruclunun məhkəmə zalından çıxarıblar və bundan sonra sakitlik yaranıb.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR