Didi madloba, Kaxa
Bizi izləyin

Qırmızı.az

Didi madloba, Kaxa

“Didi madloba”, yəni çox sağ ol. Bəli, dünənki oyuna görə Kaxaya və komandasına çox sağ ol düşürdü. 120 dəqiqə 10 nəfərlə əzmkar mübarizə aparan komanda, sadəcə, bəzi futbolçuların və onların himayədarlarının günahı üzündən Avroliqa ilə vidalaşdı.

Səfərdə əlverişli imkanları qola çevirə bilməyən komanda bunun acısını evdə çəkdi. Ən çox acı çəkən isə içi sanki tonlarla gürcü acikosu yemiş kimi yanan, tüstüsü qulaqlarından çıxan Kaxaber Sxadadze oldu.

Kaxa mərhələ ümidini 115-ci dəqiqədə itirdi. Bu dəqiqədə baş verən epizodda Mirzağa Hüseynpur dirəyi nişan aldı.

Həmin anda gözüm Kaxanı axtardı, amma ucaboy gürcünü görə bilmədim, daha doğrusu, görmək istəmədim.

Kaxa dizləri üstə yerə çökmüşdü. Əlləri ilə, sanki, Allaha üsyan edirdi.

Amma bu gürcünün üsyanı Allaha yox, klubun rəhbərlərinə idi. Hər il büdcəni azaldan “İnter” rəhbərliyi Kaxanın əməyi ilə uğur qazanırdı...

Mətbuat konfransında “yorulmuşam, mən gedirəm, ətrafımdakılar da rahat işləsin” deyən gürcünün nəyə işarə vurduğunu bir çoxlarımız anladıq. Həmin anda mənim qarşımda sınmış Kaxa var idi. İlk dəfə idi, gürcünü belə yazıq görkəmdə görürdüm. “İnter” Kaxanı rahat buraxmalıdı.

Bəlkə, başqa Azərbaycan klubunda Kaxaber Sxadadze daha böyük uğurlar qazana bilərdi. Amma onun ümidini yerə vuran azərbaycanlı futbolçular oldu. 120 dəqiqə ərzində normal oyunu ilə seçilən Arif Daşdəmirov bir penalti ilə əməyini heçə endirdi.

Mirzağa Hüseynpur isə cəhd göstərdi. Amma o, topu dirəyə yox, sanki, Kaxanın başına vurdu.

Asif Məmmədov - oyunun anti-qəhrəmanı. “Elfsborq”la ilk oyunda bir neçə epizodu boşa verən bu oyunçu Bakıda da eyni şeyləri etdi. Təkbətək epizodda Asifin nə fikirləşdiyini deyə bilmirəm. Amma hamı bir şey fikirləşirdi: o epizod qol olmalıydı.

Bəli Kaxanın, Alvaronun, Meza Kollinin, Slavçonun əməyini, əziyyətini yerə vuran məhz bu futbolçu oldu.

Bu, həmin Asif Məmmədovdur ki, ona görə idman jurnalistləri Foqtsla qırğına çıxmışdı.

Bir haşiyə çıxım: iki il əvvəl Asif Məmmədovu “Boluspor”un baş məşqçisi bəyənmişdi. Şəfa stadionunda həmin məşqçi: “Bu oyunçuya iki yüz min dollar verirəm, gətirin” , – dedi.

Asifin cavabı bu oldu: “Üç yüz min manat versin, gəlim”. Onda bildim ki, Asif sıradan “azərbaycanlı” futbolçu olacaq. Pul üçün oynayan biri uğur qazana bilməz.

İndi siz deyin Kaxanı daha çox legioner oynatmaqda qınamağa dəyərmi?

P.S. Hə, sonda yenə deyirəm, didi madloba, Kaxa.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm