• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yarmarkaya görə küçə bağlanar?

Yarmarkaya görə küçə bağlanar?

“Yeni Müsavat”ın baş redaktor müavini Azər Ayxan M.Hadi küçəsində fəaliyyət göstərən yarmarkanın qapadılmasını tələb edir: “Ən geridə qalmış ölkələrin paytaxt şəhərlərində də küçəni bağlayıb bazar açmırlar”

Bu il Novruz bayramı ərəfəsində Bakının Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində bayram yarmarkası təşkil edilmişdi. Yarmarkanın bayram günləri – maksimim 3-4 gün davam ediləcəyi nəzərdə tutulurdu. Amma üstündən 3 ay yarım keçməsinə baxmayaraq deyilən yarmarka hələ də fəaliyyət göstərir.

Kənd təsərrüfatı məhsullarının satıldığı yarmarka Əhmədlinin ən böyük yollarından olan Məhəmməd Hadi küçəsinin bağlanması hesabına fəaliyyət göstərir. Sözügedən küçə hər həftənin 5-ci günü günorta saatlarında Ukrayna dairəsindən metronun Həzi Aslanov istiqamətinə tərəf təxminin bir km məsafədə kəsilir, bir də növbəti həftənin 1-ci günü günorta saatlarında nəqliyyatın hərəkətinə açıq olur. Üst-üstə 3 gün M.Hadi küçəsinin həmin hissəsi tamamilə bağlanır. İndiyədək bu bazarla bağlı qəzetlərdə, saytlarda yazılıb, həmçinin ətraf binalarda yaşayan sakinlər etiraz aksiyaları keçiriblər. Lakin nə sakinlərin keçirdikləri aksiyalar, etdikləri şikayətlər nəzərə alınıb, nə də mətbuatda gedən materiallara reaksiya verilib.

M.Hadi küçəsində yaşayan və kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkanın fəaliyyətindən şikayət edən sakinlər arasında “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan da var. A.Ayxan “Yeni Müsavat”a verdiyi açıqlamada şikayətçi olduqları yarmarkanın fəaliyyətindən danışdı.

A.Ayxan bildirdi ki, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Xətai Rayon İcra Hakimiyyətinin birgə açdığı bazar üstündən 3 ay yarım keçməsinə baxmayaraq hələ də fəaliyyətini davam etdirir: “Həmin bazar Ukrayna dairəsindən başlayır, "Həzi Aslanov" metrostansiyasının çıxışına qədər davam edir. Artıq ətrafda yaşayan sakinlər evlərinə maşınla və hətta piyada girib-çıxmaqda çətinlik çəkirlər. Həmin küçənin sakini olaraq şəxsən mən 6-cı bazar günləri evimə gedə bilmirəm. Binamızın həyətinə gedən döngədə yük maşınları dayanıb qarpız satırlar. Bazara gələn alıcılar da avtomobillərini binaların girişində saxlayırlar. Hər şənbə və bazar günü yerli sakinlərlə bazar çalışanları arasında dava və söyüşmə olur. Bizim binadan, eləcə də ətraf binalardan o yarmarkaya alış-verişə heç kəs getmir. Sakinlər bazarı boykot ediblər. Bunun da səbəbi bizim dincliyimizin 3 aydır ki, pozulmasıdır. Dünyanın nəinki normal, hətta geridə qalmış ölkəsinin paytaxtında böyük bir prospekti bağlayıb bazar açmırlar. Bazar açmaq üçün kifayət qədər yerlər var. Məsələn, bu yarmarkanı Məhəmməd Hadi küçəsinin yaxınlığındakı boş stadionda təşkil etmək olar. Həmin stadionda yarmarka təşkil edilsə bu, sakinlərə o qədər də problem yaratmaz. Baxmayaraq ki, mən ümumiyyətlə yaşayış məntəqəsində, binaların həyətlərində, küçənin ortasında bazar açılmasının əleyhinəyəm. Bu, ən böyük mədəniyyətsizlikdir, barbarlıqdır. Minlərlə vətəndaşı narahat edib, yolunu bağlayıb, istirahətinə haram qatıb bazar açmaq normal məntiqə sığan hərəkət deyil”.

A.Ayxan dedi ki, bazar yığışdırıldıqdan sonra meyvə-tərəvəzin, ət məhsullarının tullantıları ətrafa səpələnir, asfaltın üstündə qalın təbəqə yaradır: “Bu istidə gün vurduqca ətrafa üfunət yayılır. Siz görəsiz bazar fəaliyyət göstərən günlər ətrafda necə antisanitariya hökm sürür. Pis qoxu mənzillərin içinə dolur. Şənbə və bazar günü gecə yarmarkaya mal gətirən şəxslərin söyüşləri və bayağı zarafatlarını dinləmək məcburiyyətində qalırıq. Bu küçə söyüşlərini ailəmizin, uşağımızın qulağı eşidir. Belə bir vəziyyətdə orda yaşamaq mümkün deyil. Şəxsən öz adımdan ölkə başçısı İlham Əliyevə müraciət edərək xahiş edirəm ki, qayğısına qaldığı və maksimum çalışaraq gözəlləşdirməyə çalışdığı Bakının bir hissəsində baş verən bu biabırçı mənzərənin davam etməsinə razı olmasın. Biz bu ölkənin vətəndaşlarıyıq. Bizim rahatçılığımız, dincliyimiz istənilən məmurun pul və vəzifə hərisliyindən öndə gəlir. Necə ki, siyasi partiyalara şəhərin gur yerlərində etiraz aksiyası keçirməyinə icazə vermirlər və əsas gətirirlər ki, sakinlərin istirahət hüququ pozulur, bu yarmarkanın fəaliyyəti nəticəsində də, minlərlə sakinin istirahət hüququ pozulur. Əgər aksiya keçirməyə bu arqumentdən çıxış edib qadağa qoyurlarsa, bu bazarın da fəaliyyəti bu arqumentlə qapadılmalıdır. Prezidentdən xahiş edirəm ki, bu vəziyyətə şəxsən özü müdaxilə etsin”.

A.Ayxan dedi ki, son illər mətbuatın yayımına yaradılan maneələr zamanı rəsmi qurumlar əsasən belə arqument irəli sürülür ki, səyyar qəzet satıcıları və köşklər Bakının gözəlliyinə xələl gətirir: “Ona görə də müstəqil qəzet-jurnal yayımının fəaliyyəti paytaxt ərazisində maksimum məhdudlaşdırılıb. Qəzet satanlar Bakının gözəlliyinə, təmizliyinə heç bir problem yaratmadıqları halda onların fəaliyyəti ləğv edilir, amma böyük bir yaşayış massivində küçənin ortasında 1 km uzunluğunda bazar açıb paytaxtın gözəlliyini və təmizliyini korlayırlar, buna heç bir dövlət orqanı irad bildirmir”.

A.Ayxan bildirdi ki, yarmarkanı təşkil edən kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edib: “Nazirlə iki dəfə telefon vasitəsilə danışmışam. O, mənə dedi ki, bu yarmarka xalqın rahatlığı və rifahı üçün nəzərdə tutulub. Mən də ona dedim ki, yarmarka sakinləri ciddi şəkildə narahat edir. Eyni zamanda yarmarkanı köçürülməsi ilə bağlı təkliflərimi də səsləndirdim. Nazir mənə söz verdi ki, gəlib yarmarkaya baxacaq və həmin yerlər barədə fikirləşəcək. Lakin sözünə əməl etmədi, gəlmədi. Onu da bildirim ki, yarmarka əvvəllər 300 metr uzunluğunda dəmir konstruksiyadan düzəldilmiş qapalı yerdə fəaliyyət göstərirdi. Hər həftə onun çevrəsi böyüyür. Artıq binaların girişinə qədər gəlib çatıb. Binaların, təcili yardım stansiyasının, polis bölməsinin, məktəblərin girişi hər həftənin 3 günü qapadılır”.

A.Ayxan sonda bildirdi ki, bu bazarda satıcılardan yer haqqı adı ilə pul yığılır: “Eşitdiyimə görə, hər həftə bu bazarda 40-50 min manat arasında yer haqqı adı altında pul yığılır. O pullar hara gedir, kimin cibinə axır, hansı məmurun var-dövlət hərisliyini soyutmağa yönəldilir, bilinmir. Belə çıxır ki, hansısa nazir, icra başçısı pul qazanacaq deyə minlərlə vətəndaşın həyatı cəhənnəmə dönməlidir. Əslində bu bazarın 4 aya yaxındır fəaliyyət göstərməsinin əsasında pul amili dayanır.”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR