• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

(R) Khazar Islands New City - Tikinti işləri sürətlə davam edir

(R) Khazar Islands New City - Tikinti işləri sürətlə davam edir

Süni arxipelaqda inşa olunacaq yeni şəhər - “Khazar Islands”, 3350 hektar sahədən ibarət olan 78 müxtəlif ölçülü adadan və 19 mikrorayondan ibarət olacaq. 10 km uzunluğu, 6 km eni olacaq arxipelaqın ümumi sahəsi 30 km2 təşkil edəcək. Bu miqyası göz önündə canlandırmaq üçün paytaxtın Babək prospektinin uzunluğunun cəmi 4 km olduğunu vurğulamaq kifayətdir.

Layihənin müəllifi – “Avesta” Konserni tikinti işlərinə 4 il əvvəl başlayıb və kompleksə daxil olmaq üçün istifadə olunacaq körpü kompleksi, restoranlar kompleksi, 4 km-lik dənizkənarı bulvar və adalardan biri artıq salınıb.

Hal-hazırda özündə 40-50 iri yaşayış binasını birləşdirən 4 böyük adadan birinin inşası davam edir. Bu adada 100 000 sakinin yaşaması nəzərdə tutulub. Ümumilikdə isə, şəhər 800 000 daimi sakini və 200 000 turisti qəbul etmək iqtidarında olacaq. Layihənin 2026-2030 illərə kimi 4 mərhələdə inşa edilməsi planlaşdırılır.

Yeni Şəhərdə dünyanın ən hündür binasının inşası planlaşdırılıb. “Azərbaycan Qülləsi” (“Azerbaijan Tower”) adlanacaq binanın hündürlüyü 1 km-dən artıq, daha dəqiq desək 1050 m olacaq və 2021-2022-ci illərdə tam istifadəyə veriləcək. Qeyd edək ki, ilk öncə binanın hündürlüyü Rusiyanın “Ostankino” qülləsindən 10 m hündür, yəni 551 m nəzərdə tutulurdu, lakin sonradan planları dəyişən Konsern dünyanın ən hündür binasını ucaltmaq qərarına gəldi.

Hələ ki, yeni şəhərdə aparılan inşaat işləri “Avesta” Konserninin şəxsi vəsaiti hesabına həyata keçirilir, lakin bir müddət sonra xarici sərmayədarların layihəyə cəlb olunması nəzərdə tutulur. Ötən dövr ərzində artıq bir sıra investorlar layihəyə maraq göstərdiklərini bildiriblər. Bununla bağlı olaraq, yaxın müddətdə Səudiyyə Ərəbistanı, BƏƏ, Çexiya, Çin, Qətər, ABŞ, Bəhreyn, Kanada, Türkiyə və digər ölkələrdən olan potensial investorlarla görüşlər artıq keçirilib.

Yaşayış binalarının əksəriyyəti 25 mərtəbəli olacaq, bəzi adalarda isə 40-60 mərtəbəli binalar ucaldılacaq. Layihə inşaat prosesində olsa da şəhərdə mənzillərin satışı artıq başlayıb. Burada tikiləcək 250 000 mənzildən hər hansını almaq istəyən alıcının Bakı şəhəri Teymur Əliyev küçəsində yerləşən “Avesta” Konserninin baş ofisinə müraciət etməsi yetərlidir. Tam təmirli, mətbəx mebeli ilə birlikdə alıcıya təhvil veriləcək mənzilləri müştərilər 2 illik faizsiz kreditlə, həmçinin 15 illik güzəştli ipoteka ilə əldə edə biləcəklər.

Şəhərə bütün nəqliyyat vasitələri ilə - təyyarə, helikopter, qayıq və avtomobil ilə gəlmək mümkün olacaq. Adalar arasında gediş gəlişi təmin etmək məqsədilə avtomobillərdən, kater və tramvaylardan istifadə olunacaq. Burada 3 tramvay marşrutu fəaliyyət göstərəcək ki, bunların da hər biri 8 vaqondan ibarət olacaq. Avtomobil yolları elə nəzərdə tutulub ki, işıqforlara ehtiyac olmayacaq, avto və piyada yolları kəsişməyəcək. Hər 250 metrdən bir nəzərdə tutulmuş yeraltı keçidlər isə piyadaların hərəkətini daha da rahatlaşdıracaqdır

“Khazar Islands”sosial və əyləncə obyektlərinin sayı baxımından da çox zəngin olacaq. Burada bir neçə hektar sahəsi olacaq parklar, 150 km uzunluğu olacaq bulvar şəhərə xüsusi gözəllik verəcək. Demək olar ki, bütün adalarda sosial obyektlər – məktəblər, uşaq bağçaları, xəstəxanalar, çoxsaylı kinoteatrlar, teatrlar, restoranlar,ticarət mərkəzləri (Mall) fəaliyyət göstərəcək. Binaların yaşayış üçün nəzərdə tutulmayan ilk 3 mərtəbəsində müxtəlif ofislər, mağazalar və məişət obyektləri yerləşəcək.

“Khazar Islands”da yeraltı kollektor sistemi nəzərdə tutulub ki, şəhərin bütün kanalizasiya və kommunikasiya xətləri burada yerləşəcək. Bu isə arzuolunmaz qazıntı hallarının qarşısını alacaq və istismarı asanlaşdıracaq.

Kompleksdə yerli sakinlərlə yanaşı 200 min turist yaşaya biləcək. Turistlərin cəlb olunması üçün burada hər bir şərait mövcud olacaq – nəhəng əyləncə mərkəzləri, atçılıq üçün cıdır meydanı, həmçinin kompleksin bəzəyi olan Ralli trassı fəaliyyət göstərəcək. Bununla yanaşı şəhərdə 70-85 mərtəbəli 10 brend otelin də inşası nəzərdə tutulub.

Şəhərin yerləşdiyi yerdə dənizin dərinliyi 9-10 m olacaq. Binalar dəmir – beton konstruksiyalı inşa edilir ki, bu da 9 ballıq zəlzələyə dözmək iqtidarındadır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR