• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Mətbuat Şurası tələbələrə təqaüd təsis edib

Mətbuat Şurası tələbələrə təqaüd təsis edib

"Mətbuat Şurası abituriyentlərin jurnalistika üzrə qabiliyyət testində iştirakını stimullaşdırmaq üçün Ali Təhsil Təqaüdü təsis edib. Təqaüd 500 bal həddini keçərək qabiliyyət imtahanında iştirakını təsdiqləmiş və sonrakı mərhələdə tələbə adını qazanmış ilk 10 abituriyentə veriləcək". Şuradan Publika.az-a verilən məlumata görə, bunu Azərbaycan Mətbuat Şurasının və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərkibində yaradılmış Qabiliyyət imtahanı komissiyasının sədri Əflatun Amaşov deyib.


Ə.Amaşov bildirib ki, jurnalistika ixtisasına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən 441 abituriyent var. Onlar 200 bal həddini aşıblar. Abituriyertlərdən 247-i imtahanı paytaxtda, digərləri isə bölgələrdə verəcək. 441 nəfərin 10 faizinin topladığı bal 500-dən yuxarıdır. Təhsil təqaüdü məhz onların sırasından fərqlənənlərə veriləcək.

Şura sədri onu da bildirib ki, jurnalistika ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa - esse yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və rus dillərində yerinə yetirilməlidir. "Abituriyentlərin ictimai-siyasi, iqtisadi, mədəni həyata, həmçinin görkəmli şəxsiyyətlərin ömür yoluna, bəşəriyyəti narahat edən problemlərə dair məsələlər ətrafında müstəqil mühakimə yürütmək qabiliyyəti, əsaslandırmaq bacarığı yoxlanılacaq. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə alınaraq veriləcək. Abituriyentlər inşa üçün müvafiq tələblərlə də tanış olacaqlar", - deyən Şura sədri ilk dəfə keçiriləcək qabiliyyət imtahanı üçün hazırlıq işlərinin başa çatdığını da bildirib.

Ali Təhsil Təqaüdünün məbləğinə gəlincə, Ə.Amaşov bunun ilk mərhələdə 60 manat olacağını və müvafiq təhsil şərtlərini ödəyən tələbələrə hər ay ödəniləcəyini diqqətə çatdırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR