Arvadını namaz qılan yerdə boğub öldürdü
Bizi izləyin

Qırmızı.az

Arvadını namaz qılan yerdə boğub öldürdü

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində keçmiş həyat yoldaşını namaz qıldığı yerdə naqillə boğub öldürən ərin məhkəmə prosesi başlayıb.

Xatırladaq ki, qətl hadisəsi 2014-cü il mayın 27-də Sabunçu rayonu Pirşağı qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Alov” düşərgəsində baş verib. Tərtər rayon sakini 35 yaşlı Emin Heydərov keçmiş həyat yoldaşı, Zəngilan rayon sakini 27 yaşlı Şəlalə Nağıyevanı boğaraq qətlə yetirib. Hadisəni törətdikdən sonra Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gəlib könüllü şəkildə təslim olub. Onun barəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İstintaq materialları toplanaraq Sabunçu rayon prokurorluğuna göndərilib. Sabunçu rayon məhkəməsində Emin Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“4 il idi ki, Eminlə ailə qurmasına baxmayaraq, o, tez-tez küsüb evə gəlirdi”

Əvvəlcə məhkəmə prosesində zərərçəkmış qismində Şəlalə Nağıyevanın anası dindirilib. Zəngilan rayonundan məcburi köçkün düşdükdən sonra 1993-cü ildən Pirşağıda sanatoriyanın həyətində məskunlaşıblar. Qadın bidirdi ki, övladları ailə qurandan sonra həmin evdə həyat yoldaşı ilə birlikdə yaşayıb. Bir müddətdən sonra həyat yoldaşı onu atıb çıxıb gedıb və qadın böyük qızının övladı ilə birlikdə yaşayıb. Bu müddət ərzində qızı Şəlalə həyat yoldaşı Eminlə yola getmədiyindən tez-tez dalaşıb anasının evinə gəlib:

“Şəlalə 4 il idi ki, Eminlə ailə qurmasına baxmayaraq, tez-tez küsüb evə gəlirdi. O, qızımı döyürdü, ona baxmırdı. Nə də 8 aylıq körpəsinə baxırdı. Ac-susuz qalırdılar. Körpə uşağa yemək almırdı. Məcbur olub mən uşağa yemək alırdım, evə də bazarlıq edirdim ki, ac qalmasınlar. Amma o, qızımı yenə də yola vermirdi. Onlar kirayədə yaşayırdılar. Evin kirayə pulunun vaxtı gələndə günlərlə evdən çıxıb gedirdi. Bir müddət keçənədən sonra yenə gəlib üzr istəyib qızı aparırdı. Sonuncu dəfə qızım bezdi və qəti şəkildə ondan ayrılacağını bildirdi. Mən də razılıq verdim. Cünki qızımı öz evində döyməsi azmış kimi, gəlib mənim də evimdə döyürdü. Qışqır-bağır salırdı, qonşularımın yanında bizi biabır edirdi”.

“Məhkəmənin qarşısında qızımı təhdid edib, onu öldürəcəyini bildirdi”

Beləliklə Ş.Nagıyeva ayrılmaq üçün məhkəməyə müraciət edib. Lakin həyat yoldaşı Emin Heydərov onu bu yoldan çəkindirmək üçün onunla gah mülayim, gah da hədə-qorxu ilə danışırdı. Ş.Nağıyevanı isə fikrindən daşındırmağa nail ola bilmədi. Şəlalə ondan ayrılmaqda fikrinin qəti olduğunu bildirdi. Beləlikə, hadisə baş verəndən iki gün əvvəl onlar məhkəmənin qərarı ilə rəsmi qaydada ayrıldılar:

“Boşanan gün məhkəmənin qarşısında o, hər kəsin qulağı eşidə-eşidə qızımı təhdid etdi. Onu öldürəcəyini bildirdi. Hadisə baş verən gün evdə deyildim, işdə idim. Qonşular zəng edib xəbər etdilər. Amma hadisə barədə heç nə demədilər. Evə gələndə gördüm hamı həyətə yığılıb, qarışıqlıqdır. Elə bildim uşağa nəsə olub. İçəri keçəndə qızımı yerdə ölmüş vəziyyətdə gördüm”.

“Ayrılandan 2 gün sonra isə onu öldürdüm”

Məhkəmə qarşısında ifadə verən müttəhim Emin Heydərov keçmiş qayınanasının bəzi fikirlərinə etiraz edərək onunla razılaşmadı:

“Mən ailəmə baxırdım. Əks halda, onun məndən ayrılmaq istəməsini asanlıqla qəbul edərdim. Amma o, anasının fikri ilə evdə söz-söhbət yaradırdı. Mənim evim olmadığına görə kirayədə yaşayırdıq. Özüm fəhlə işləyirdim. Gah pulum olurdu, gah olmurdu. Ona görə də kirayə haqqını gecikdirirdim və bu səbəbdən də aramızda problem yaranırdı”.

Onların münasibətlərinin ayrılma həddinə çatmasına gəlincə, E.Heydərovun sözlərinə görə, bu, Şəlalənin addımı olub:

“O, mənimlə boşanmaq istədiyini deyəndə səbəbini soruşdum. O da cavabında dedi ki, sərbəst olmaq istəyir. Ola bilər əsəbiləşib deyib ki, mən ondan asanlıqla əl çəkim. Çünki onun məndən ayrılmasına imkan vermirdim. Hətta ayrılan gün məhkəmənin qarşısında mübahisə etdik. Mənin cəhdlərimə baxmayaraq Şəlalənin istəyi ilə biz rəsmi qaydada ayrıldıq. Ayrılandan 2 gün sonra isə onu öldürdüm”.

“Divanın üstündəki naqili arxa tərəfdən onun boynuna keçirib boğdum”

E.Heydərov Ş.Hağıyevanı planlaşdırılmış şəkildə qətlə yetirdiyini də gizlətmədi:

“Məhkəmə mənə 8 aylıq övladımı görməyimlə bağlı icazə vərəqi verib. Ayrılandan iki gün sonra, yəni hadisə baş verən gün övladımı görmək bəhanəsi ilə Şəlalənin anasının yaşadığı evə gəldim. Evdə Şəlalə və onun bacısının qızı idi. Uşaq da yatırdı. Yenə də Şəlalə ilə mübahisəmiz düşdü, çünki onun məndən ayrılmasını heç cür qəbul edə bilmirdim. Məndən onlara gəlməyimin səbəbini soruşdu və ondan əl çəkməyimi tələb etdi. Mən də dedim ki, sənə görə yox, övladımı görməyə gəlmışəm. O, mənə əhəmiyyət vermədən yan otağa keçdi. Pəncərədən baxanda gördüm ki, üzü divara namaz qılır. Mən də həmin otağa girdim. Xəbəri yox idi. Onun başı qarışmışdı. Divanın üstündəki naqili götürüb arxa tərəfdən onun boynuna keçirdim və naqillə boğdum. Hadisəni törətdikdən sonra bir qədər gözlədim. Öldüyünə tam əmin olandan sonra özüm polisə gedərək təslim oldum”.

“Həyətdə qışqırıq səsi gəldi”

Şahidlər Ş.Nağıyevanın həyat yoldaşının onu yola vermədiyini, tez-tez anasının evində belə hücumlara məruz qoyduğunu təsdiqlədi. Bildirdilər ki, hər dəfə o, küsüb anasının evinə gələndə E.Heydərov da həyat yoldaşının arxasınca gəlib, həyətdə hay-küy salırdı, onunla dalaşıb çıxıb gedirdi. Lakin hadisə günü E.Heydərovun çirkin əməli barədə qonşulara Ş. Nağıyevanın 6 yaşlı bacısı qızı məlumat verib. Şahid qismində dindirilən Ş.Nağıyevanın qonşusu Nəcibə Əsgərova bildirdi ki, ilk köməyə gələn o olub:

“Biz bir həyətdə yaşadığımız üçün evdən gələn səs-küyü eşitdim. Əhəmiyyət vermədim ki, ailə məsələsidir. Onsuz da Emil onlara gəlib hər gün Şəlalə ilə mübahisə edirdi. Düşündüm ki, yəqin yenə söz-söhbət yaranıb. Birdən həyətdə qışqırıq səsi gəldi və həyətə çıxdım. Gördüm Şəlalənin bacısının 6 yaşlı qızı ağlaya-ağlaya üstümə gəlir. Dedi ki, xalamı öldürüblər. Sorüşdum kim, dedi Emin öldürdü. Bu xəbərdən mən özümü itirdim və tez o biri qonşulara məlumat verdim. İçəri girəndə Şəlaləni yerdə ölmüş vəziyyətdə gördüm. Emil isə artıq mən gələnə qədər qaçıb getmişdi”.

“Naqil boynuna sarılıb və boynunun ətini kəsmişdi”

Şahid qismində məhkəmənin suallarının cavablandıran Ş.Nağıyevanın digər qonşusu Vüsalə Əhmədovanın sözlərinə görə, o, hadisə yerinə gələndə artıq gec idi:

“Şəlaləni yerdə ölmüş vəziyyətdə görüb içəri girməyə ürək etmədim. Gördüm naqil boynuna sarılıb və boynunun ətini kəsib. Təcili Tibbi Yardıma zəng elədim. Onlar gələndə, artıq gec idi. Həkim əli ilə Şəlalənin nəbzini yoxladı və dedi ki, artıq keçinib”.

Proses digər hadisə şahidlərinin dindirilməsi ilə davam edir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm