TQDK qəbul imtahanı keçirir
Bizi izləyin

Qırmızı.az

TQDK qəbul imtahanı keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirəcəkdir.

ANS PRESS-in komissiyadan aldığı məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri, 204 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanda 2429 abituriyentin (Bakı şəhərində 1711 nəfər, Naxçıvan şəhərində 718 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 106 nəfəri Hərbi Tibb Məktəbinə, 2323 nəfəri isə hərbi liseylərə imtahan verəcək.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 2 saat davam edəcək.

İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi"ni.

Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm