• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Həsən Həsənov Kəlbəcərdən əvvəl Cəbrayıla gedib - Yeni VİDEO

Həsən Həsənov Kəlbəcərdən əvvəl Cəbrayıla gedib - Yeni VİDEO

Ermənilərin Kəlbəcərdə öldürdüyü Cəbrayıl rayon sakini Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib. Məlumatı Modern.az saytına Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova verib.

Onun sözlərinə görə, dəfn prosesi BQXK təmsilçisinin müşayiətilə həyata keçirilib.
İlahə Hüseynovanın sözlərinə görə, BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.

Qeyd edək ki, iyulun əvvəlində işğal altındakı Kəlbəcər rayonuna – dədə-baba torpaqlarını ziyarətə gedən üç azərbaycanlı mülki şəxs Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni hərbçilərinin pusqusuna düşüblər.

Erməni tərəfinin yaydığı məlumata görə, hadisə iyulun 11-i Kəlbəcər ərazisində baş verib. Nəticədə Dilqəm Əsgərov, Şahbaz Quliyev canlı olaraq girov götürülüb, Həsən Həsənov isə öldürülüb.


Modern.az saytının məlumatına görə, Həsən Fərman oğlu Həsənov 12 aprel 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. Həsəni tanıyan dost-tanışları onun olduqca vətənpərvər, cəsur insan olduğunu deyirlər. Vətənin bir qarış torpağı, bir cansız daşı üçün düşmən gülləsi qarşısında mətin dayana bilcək oğlanlardan idi. Atəşkəs dövrünün tanınan adamlarından oldu Həsən.


Yaxınları, ailəsi, qızı onun ölümünə hələ də inanmır və ümidlərini kəsmirlər...


Vətən üçün alışıb-yanan Həsən şübhəsiz Dilqəm və Şahbazla yola çıxanda bu ziyarətin bir ucunün ölümlə bitəcəyini təxmin edirdi. Əgər öldüsə, şəhid oldu Vətən torpağında...


Qeyd edək ki, Həsən bundan əvvəl də dəfələrlə işğal altındakı torpaqlarımıza can atıb. O, Kəlbəcərdən əvvəl doğma torpağına – Cəbrayıl rayonuna – böyüyüb, boya-başa çatdığı Mehdili kəndinin bir addımlığınadək getmişdi. 2013-cu ilin 18 oktyabr tarixində. Bu, o tarixdir ki, Mehdili kəndi düz 20 il əvvəl 1993-cü ilin oktyabrında işğal olunmuşdu...


Həsən Həsənovun işğal olunmuş doğma Mehdili kəndinə bitişik olan Cocuq Mərcanlıya (Cəbrayıla) səfəri və oradan çəkib gətirdiyi videolenti təqdim edirik… Bu kənd Cəbrayılın təmas xəttində yerləşən və Azərbaycan Silahlı Qüvvələrinin əlində olan yeganə yaşayış məntəqəsidir.




Xəbər lenti

DAHA ÇOX XƏBƏR